Tarixi oyunun qəhrəmanı: “Özümə, ailəmə, “Qəbələ”yə görə oynayıram”
Bizi izləyin

İdman

Tarixi oyunun qəhrəmanı: “Özümə, ailəmə, “Qəbələ”yə görə oynayıram”

2015-ci il Azərbaycan futbol tarixində xoş hisslərlə xatırlanacaq. Səbəb “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasıdır. Bu, həm də Azərbaycanın bir mövsümdə qrupda iki klubla təmsil olunması baxımından əlamətdardır. Səbəbi dedik. Amma səbəbkarı da demək vacibdir. Afinada ohəmin tarixi oyunda “Panatinaikos”un qapısından hər iki qolu komandanın kapitanı Dodo keçirdi. Onun qolları sayəsində təmsilçimiz Avropa Liqasının qrup nərhələsinə vəsiqə qazandı deyə bilərik. Dodo təkcə vurduğu qollarla deyil, meydanda apardığı mübvarizə əzmiylə, meydanın hər qarışı, hər top uğrunda sonadək can qoymasıyla alqış qazandı. O, bir kəlməylə matçın qəhrəmanı oldu. Artıq onu daha yaxından tanımaq vaxtıdır.

Dodo kimdir?

Dodo kimi tanınan braziliyalı futbolçunun əsl adı Luiz Paulo Hilariodur. O, 1987-ci il oktyabrın 16-da Rio de Janeyroda anadan olub. 2011-ci ildən “Qəbələ”nin formasını geyinən Dodo buna qədər 5 klubda top qovub.

Karyerasına Braziliya “Yuventus”unda başlayan 27 yaşlı qəhrəmanımız iki ildən sonra (2007-2009) “Profute”yə icarəyə verilib. Burada bir az təcrübəsini artırandan sonra Dodonun legioner həyatı başlayıb. Onun Avropadakı ilk klubu Xorvatiyanın Zapresiç şəhərini təmsil edən “İnter” olub (2009-2010). Daha sonra Zaqreb “Dinamo”su da onun istedadına biganə qalmayıb. 2010-cu ildə ölkənin ən tanınmış klubuna keçib. Amma bir ildən sonra Zaqrebin digər təmsilçisi - “Lokomotiv”ə icarəyə verilib. Maraqlıdır ki, Avropada oynadığı bütün klublarda Dodo qol vurnağı bacarıb. “Qəbələ”də isə...

Onu “Qəbələ”yə kim gətirdi?

2011-ci ilin yayından “Qəbələ”yə transfer olunan Dodo klubla ilk olaraq 2 illik müqavilə imzalayıb. O vaxt bölgə klubumuzun baş məşqçi postunda Toni Adams idi. “Qəbələ”yə gəldiyi vaxtdan sevilməyə başlayan futbolçu ilk oyununu da “Sumqayıt” klubuna qarşı keçirib və matçın 5-ci dəqiqəsində qol vurub.

Hər il müqavilə yenilənir

Dodo gələndən sonra “Qəbələ”də bir neçə dəfə baş məqşçi dəyişikliyi olub. Amma ona heç kim dəyməyib. Kluba gələn baş məşqçilərin hər biri onun oyunundan razı qalıb. Hər il futbolçunun müqaviləsi yenilənib (2013/14; 2014/15; 2015/16). Hazırda klubda yarımmüdafiəçi mövqeyində çıxış edən braziliyalı futbolçunun hazırki anlaşması 2016-ci ilə qədər nəzərdə tutulub.

Şayiələrə inanmayın

Ötən il Dodonun “Qəbələ”dən gedəcəyi ilə bağlı xəbərlər yayıldı. Lakin bu xəbərlər təsdiqini tapmadı. Futbolçu özü də bu xəbəri təkzib edib, “Qəbələ”dən ayrılmaq fikrinin olmadığını dedi. O, həm yerli, həm də Rusiya, Braziliya və Çin kimi ölkələrin klublarından təkliflər aldığını etiraf etsə də, qara-qırmızı formada xoşbəxt olduğunu bir cümləylə belə açıqladı: “Məni bura kluba olan sevgim bağlayır”.

“Barselona”dan da məşqçi gəlsə”

Dodo müsahibələrinin birində baş məşqçi amilinin onun oyununa təsiri barədə belə deyib: “Məşqçiləri müqayisə etmək istəməzdim. Çünki məşqçiyə yox, özümə, ailəmə, “Qəbələ”yə görə oynayıram. “Barselona”dan da məşqçi gəlsə, lap Joze Mourinyonun rəhbərliyi altında çıxış etsəm belə, bu fikirdə qalacağam. Sadəcə, məşqçilərə hörmətlə yanaşıram”.

Dodonun qəhrəmanlıq göstərdiyi "Panatinaikos”la oyundan sonra verdiyi açıqlamanı bir daha xatırlayaq:

“Oyundan əvvəl yüksək səviyyədə qələbəyə köklənməyə çalışırdıq. Mən və komanda yoldaşlarım ancaq bir hədəf haqqında düşünürdük. Çünki bu qarşılaşmanın "Qəbələ" üçün necə əhəmiyyətli olduğunu bilirdik. Uğurlu nəticə üçün ürəyimizi qoyduq. Artıq "Qəbələ"ni Avropada tanıtmaq vaxtıdır. Özümü qəhrəman saymıram. Bu oyunda meydanda təkcə mən oynamamışam. Rikardinyo gözəl ötürmə etməsəydi, mən də qol vura bilməzdim. Biz bu nəticəni birlikdə qazanmışıq”.

Brazilyada da Dodonu xatırlayıblar

Bu yaxınlarda Braziliya mətbuatı da onun haqda maraqlı yazı hazırlamışdı. “Sambaçı"nın çətinliklərlə dolu həyatından bəhs edən yazını oxuyanda duyğulanmamaq olmur. Yaxşısı budur həmin yazının ən maraqlı hissələrini Dodonun öz dilindən sizə təqdim edək.

“İlk evim küçə idi. Günümün böyük hissəsini orada keçirirdim. Anam və qardaşlarımla birlikdə küçədə, kinoteatrın qarşısında konfet satıb dolanırdıq. Günün sonunda qazandığımız pulla yemək alırdıq. Anam bizi normal ev, ailə, məktəb olmadan təhsilsiz böyüdüb. Bilirdik ki, məktəb bizim gələcəyimizdir. Amma biz hər gün küçədə şirniyyat satır, avtomobillərə baxırdıq. Bəzən başqalarından yardım istəyirdik. Çox vaxt kimsə kömək edib, pul verəndə nə isə yeyirdik”.

Dodo anası həbs olunandan sonra daha çətin vəziyyətə düşdüyünü bildirib:

“Bir gün konfet satmaqdan qayıdanda anamdan dondurma istədim. Dondurma alarkən növbədə dayanan bir xanımla aramızda anlaşılmazlıq yarandı və anamı oğurluqda ittiham etdi. Buna görə onu həbs etdilər. Anam həbsxanada 3 il keçirdi”.

Bu müddətdə Dodo və ailəsinin qaldığı yer əllərindən alınıb. Onların növbəti evi futbolçunun anası Mariya Qreys ikinci dəfə ərə gedəndən sonra olub. Artıq 11 yaşı olan Dodo küçədə futbolçu bacarığını nümayiş etdirməklə yanaşı, “Vasko de Qama”ya da yollanmışdı. Lakin onu ora götürməyiblər.

4 il sonra Rio-de-Janeyronun məşhur Kopakabana çimərliyində işləyən, boş vaxtlarında futbol oynayan 15 yaşlı uşağın istedadını görən biznesmenlərdən biri onu İspaniyaya aparmağa qərar verib:

“Elə onda “Erkules” klubu mənə müqavilə təklif etdi. Lakin məni “Barselona-B”yə yerləşdirmək qərarında israrlı olan agentim buna razı olmadı. O, “Erkules”in kiçik komanda olduğunu əsas gətirdi. Barselona təmsilçisində isə boş yer yox idi. Eyni səviyyəli istedadlarla qrupu doldurmuşdular”.

Artıq anası da vəfat edən yeniyetmə məyus halda Avropada qalmaqdansa, Braziliyaya qayıtmağa qərar verir. Dodo Braziliyanın küçə həyatını da xatırlayır:

“Həddən artıq çox şey görmüşəm. Narkotik və cinayətlərlə dolu Rioda belə insanlardan həmişə uzaq olmuşam. Bunlar həyatda ən pis şeylərdir. Şükür Allaha ki, onlardan uzaq olmuşam”.

Artıq futbolçu olmaq perspektivi bitməkdə olan 20 yaşlı Luis Paulo Hilario hücumçu kimi yollandığı Braziliya “Yuventus”unda müdafiəçi kimi baxışda olub və bəyənilib. Bundan sonra Xorvatiya yığmasının milliləşdirdiyi Eduardo Silvanın qardaşı Bruno ilə tanışlıq Dodonun həyatında dönüş nöqtəsi olub. Eduardo isə həmyerlisini Zaqreb “Dinamo”suna çağırıb. Xorvatiyada oynadıqdan sonra isə braziliyalı aparıcı simasına çevrildiyi “Qəbələ”yə keçib:

“Beş ildir burdayam. Artıq milliləşməyim də mümkündür. Milli komandada oynamaq böyük arzumdur. Hətta məndən bununla bağlı fikrimi də soruşublar”.

Uşaq ikən bir çox çətinliklə üzləşən Dodo həmyerlilərinin eyni taleyi yaşamaması üçün addımlar da atıb:

“Artıq mənim bir layihəm var. Kennedi-Taunda teatr vasitəsilə uşaqlara kömək edirəm. Layihənin adı “Biz bizim üçün”dür. Mən Braziliyaya gedəndə onlar üçün tədbir təşkil edirəm. İstəyirəm ki, onlara kömək edim. Hər şey edim ki, onların daha yaxşı imkanları olsun”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm