Səbuhi Səfiyarlı: “Qəbələ” tənqidçiləri susdurdu”
Bizi izləyin

İdman

Səbuhi Səfiyarlı: “Qəbələ” tənqidçiləri susdurdu”

Azərbaycan futbol tarixində özünə yer etməyi bacaran “Qəbələ” futbol klubunun bu gün 10 yaşı tamam olur. Yarandığı gündən qarşısına böyük hədəflər qoyan bölgə komandamız ilk növbədə yüksəksəviyyəli infrastrukturuyla alqış qazandı. İldən-ilə inkişaf edən 10 yaşlı “Qəbələ” artıq Avropa Liqasının qrup mərhələsindədir. Bu tarixi uğurun qazanılmasında futbolçular və məşqçi qədər rəhbərliyin də əvəzsiz rolu var. “Qara-qırmızılar”ın avrokuboklardakı uğurlu çıxışı sanki azarkeşlərə yubiley hədiyyəsi oldu.

Bu münasibətlə Publika.az-ın əməkdaşı komandanın meneceri Səbuhi Səfiyarlıyla söhbətləşib.

- “Qəbələ”nin bu mövsüm avrokuboklardakı şansını məşqçi və rəhbərlik necə dəyərləndirir? Bu barədə klubda nə söhbət olub?

- Şans deyəndə... Avrokuboklara vəsiqə qazananda bizim üçün minimum məqsəd ən azı 1 mərhələ keçmək idi. İşlər elə alındı ki, hər mərhələni keçdikdə özümüz üçün “bura qədər gəlmişik, əsas məqsədi yerinə yetirmişik” deyirdik. Belə deyə-deyə qrup mərhələsinə gəlib çıxdıq. Burada demək olar ki, minimumdan da yüksək məqsədə nail olmuşuq. Çoxları bunu gözləmirdi. Rəqibləri də asanlıqla keçməmişik. Hamısına çətin mübarizə ilə qalib gəlmişik. İndidən qarşımıza qrupdan çıxmalıyıq deyə bir şərt də qoymamışıq.

- Sizcə “Qəbələ”nin qrupa düşməsini təsadüf kimi qiymətləndirmək olar?

- Yox. Mən əsla elə deməzdim. Bilirsiniz ki, 3-4 ay öncə tənqidçilər bizi Avropada görmürdülər. Həmin vaxt biz açıqlamalarımızla məşqçini müdafiə edirdik. Bilirdik ki, məşqçimiz düz yoldadır. Həvəslə işlədiyini görürdük. İnanırdıq ki, nəticə də olacaq. Avrokuboklara düşdükdən sonra öz aramızda mətbuata bu barədə açıqlama verməməyi razılaşdırmışdıq. Amma qrupa düşmək ehtimalımızın olduğunu hiss edirdik. Desəm ki, qrup haqda heç fikirləşmirdik, düzgün olmaz. Tbilisi “Dinamo”sunu keçdikdən sonra bizdə inam artmışdı. Aydın məsələdir ki, növbəti mərhələlərdə “Krasnodar” və ya “Vest Hem” kimi güclü rəqiblərlə düşə bilərdik. Hətta pley-offda “Borussia” (Dortmund) klubuyla qarşılaşa bilərdik. Bir sözlə, mərhələ keçdikcə, özümüzə təsəlli verdik ki, qrupa düşməyə şansımız var.

- Rəqiblər barədə nə düşünürsüz? Qəbələ hansı rəqibdən daha çox çəkinir?

- Bizim artıq çəkinəcək yerimiz qalmayıb. Az əvvəl də dediyim kimi, minimum vəzifənin öhdəsindən artıqlamasıyla gəlmişik. Hansısa bir komandayla zəif oynasaq, zəif nəticə göstərsək, inanmıram ki, kimsə bizi tənqid edə... Aydın məsələdir ki, qrupumuzun favoriti Dortmund “Borussiya”sıdır. Bunu məşqçimiz də deyir. Almanlar nəinki qrupun, turnirin favoritlərindən biridir. Biz yunan klubları ilə oynamışıq - “Appolon”, “Panatinaikos”... Təxminən yunan futbolunun səviyyəsini bilirik. Ona görə PAOK-la oyunda daha çox şeyə ümid edirik, nəinki “Borussiya” ilə... Eyni sözləri “Krasnodar”a da aid etmək olar... “Krasnodar”ın büdcəsi bizdəkindən qat-qat artıqdır. Əvvəlki oyunlarda yaxşı nəticələr veriblər. Amma onlarla da oyunda nəyəsə ümid etmək olar.

- 2 cəbhədə - həm çempionatda, həm də Avroliqada mübarizə aparmaq komandanız üçün çətin olmayacaq?

- Çətin olub-olmayacağı barədə dəqiq nəsə deyə bilmərik. Bunu dekabrda biləcəyik... İndidən nəsə demək düz deyil. Çünki çempionatda limitə görə azərbaycanlı futbolçular oynatmalıyıq. Avropada bu hal yoxdur deyə, istənilən qədər legionerdən yararlana bilərik. Məşqçimizə arxayınıq, bilirik ki, o, heyəti düzgün balanslaşdıracaq, çempionatda yaxşı çıxış etməyin yolunu tapacaq.

- Yeni transferlərdən nə gözləyirsiz?

- Belə deyərdim... Əvvəlki transferlərdə bizi çox tənqid edirdilər, razılaşmırdıq. İnciyirdilər ki, niyə tənqidə qarşı dözümsüzlük göstərirsiz. Amma indi görünür ki, həmin tənqidlər əsassız idi. “Qəbələ” Avroliqanın qrupuna düşməklə tənqidçiləri susdurdu. İndiki transferlərimizin də yaxşı səviyyədə olduğunu düşünürük.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm