• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan-Xorvatiya oyununda hesab açılmadı - YENİLƏNİB

  • İdman
  • 3 Sentyabr 2015 22:50
  • 629 Baxış
Azərbaycan-Xorvatiya oyununda hesab açılmadı - YENİLƏNİB

Futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Azərbaycan milli komandası ilk oyunda Xorvatiya millisi ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb və Azərbaycan millisi beşinci xalını aktivinə yazdırıb.

“Bakcell Arena”da keçirilən oyunda milli komandamızın heyətində meydana Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Dmitri Nazarov, Rahid Əmirquliyev, Əfran İsmayılov, Məhəmməd Qurbanov və Ruslan Qurbanov çıxıblar.

Xorvatiya yığmasının start heyətində isə Daniel Subaşiç, Şime Vrsaylko, Vedran Çorluka, Domaqoy Vida, Daniyel Pranyiç, İvan Perisiç, İvan Rakitiç, Luka Modriç, Milan Bedel, Marko Pyaça, Mario Mancukiç yer alıblar.

Görüşü fransalı baş hakim Ruddi Buqe idarə edib. Ona həmyerliləri Gilyom Debar, Kiril Qrinqor kömək ediblər. Oyunun dördüncü hakimi Filipp Jan, UEFA nümayəndəsi belçikalı Jan-Fransis Kruk, hakim-inspektoru isə portuqaliyalı Vitor Melo Pereyra olub.

Görüşdə ilk təhlükəli vəziyyəti oyunun 2-ci dəqiqəsində qonaqlar yaradıblar. Matçın 12-ci dəqiqəsində isə Dmitri Nazarovun cərimə zərbəsini Xorvatiya millisinin qapıçısı Daniel Subaşiç çətinlik çəkmədən dəf edib. Qarşılaşmanın 16-cı dəqiqəsində Azərbaycan komandasının əks-hücumu zamanı top qapının üstündən keçib. Oyunun 29-cu dəqiqəsində İvan Perisiçin yaxın məsafədən zərbəsini Kamran Ağayev məharətlə dəf edib. Bir dəqiqə sonra Dmitri Nazarovun zərbəsi dəqiq olmayıb. 36-cı dəqiqədə “Barselona”da forma geyən İvan Rakitiçin cərimə zərbəsindən vurduğu top qapı tirinin üstündən keçib.

Görüşdə ilk sarı vərəqə oyunun 44-cü dəqiqəsində göstərilib. Hakim Dmitri Nazarova qarşı kobud oyuna görə qonaq komandanın müdafiəçisi Domaqoy Vidanı sarı vərəqə ilə cəzalandırıb.

Matçın ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Fasilədən sonra fəallığı bir qədər artıran komandalar ilk dəqiqələrdən təhlükəli vəziyyətlər yaradıb. Oyunun 48-ci dəqiqəsində Dmitri Nazarovun zərbəsini rəqib qapıçı məharətlə dəf edib. Dərhal əks-hücuma keçən xorvatiyalıların hücumundan sonra əvvəlcə qapı tiri, sonra isə müdafiəçi Bədavi Hüseynov komandamızı qoldan xilas edib. Qarşılaşmanın 62-ci dəqiqəsində Ruslan Qurbanovun gözəl zərbəsini Xorvatiya millisinin qapıçısı tutub. İkinci hissənin ortalarında meydana daxil olan Mateo Kovaçiçin zərbəsini Kamran Ağayev çətinliklə dəf edib. Oyunda ikinci sarı vərəqə də 77-ci dəqiqədə qonaqlara göstərilib. Bu dəfə Dmitri Nazarovun qarşısını kobudluqla aldığına görə İvan Rakitiç cəzalandırılıb. Oyunun 85-ci dəqiqəsində xorvatiyalıların təhlükəli hücumu zamanı Kamran Ağayev Mario Mancukiçin vurduğu topu tuta bilib. Qalan vaxt ərzində də qol olmayıb və beləliklə, Azərbaycan-Xorvatiya qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

“H” qrupunda yer alan komandamız sayca 7-ci olan bu görüşdən sonra xallarının sayını 5-ə çatdırıb. Qrupun lideri olan Xorvatiya millisi isə 15-ci xalını aktivinə yazdırıb. Qrupun digər oyunlarında İtaliya yığması Malta komandasını, Bolqarıstan millisi isə Norveç kollektivini qəbul edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR