Balotelli həqiqətən ağıllanıb: “Həyatda buraxdığım səhvlər...”
Bizi izləyin

İdman

Balotelli həqiqətən ağıllanıb: “Həyatda buraxdığım səhvlər...”

Bir futbolçu üçün komandasının oyununa kənardan baxmaqdan acı hiss ola bilməz. Bunu istənilən futbolçu təsdiqləyə bilər. Və onları başa düşmək çətin deyil. Amma burada bir məqam var. Bəzi hallarda oyunçular məhz zədə üzündən bu əzaba qatlaşmalı olurlar. Bəzən isə hansısa istedadlı birisi öz günahı ucbatından yaşıl meydanlardan kənarda qalır.

Mario Balotelli də məhz ikinci kateqoriyaya aid futbolçudur. Şıltaqlığı, məsuliyyətsizliyi, dəcəlliyi, nə bilim, başqa lazımsız vərdişləri üzündən karyerasının bir ilini boşa verən italyan forvard deyəsən ağıllanıb. O, yenidən istedadını otun üstündə göstərməyə qərar verib. Bir sözlə, “Super Mario” yaşıl meydanlara qayıtmağa hazırdır. Bəs görəsən, mövsüm ərzində oyunların çoxunu kənardan izləyən “dəcəl” həqiqətən də buna hazırdırmı? Hər halda, buna “Milan”ın baş məşqçisi Sinişa Mihayloviç qərar verəcək. Görünən odur ki, Mario yenidən özünü göstərmək əzmindədir. 2012-ci il iyunun 28-də Almaniyanın qapısına vurduğu qoldan sonra əzələlərini göstərdiyi kimi... O zaman dünyanın ən maraqlı insanlarından birinə çevrilən Balotelli sonradan özünü “məhv etdi”.

İndi adama elə gəlir ki, həmin dövrdən uzun illər keçib. “Balo” artıq səhvini başa düşüb və dəyişdiyini sübut etmək üçün fürsət axtarır. O, “uşaq-Mario” yox, “kişi-Mario” olduğunu göstərmək istəyir. Bu fürsəti isə ona “Milan” yaradıb.

Böyümüş Balotellinin İtaliya mətbuatına ilk müsahibəsini oxuyandan sonra siz də onun dəyişdiyinə inanacaqsız.

- Özümü necə hiss edirəm? Karyerasının birinci mərhələsini geridə qoyan futbolçu kimi. Bu vaxta qədər uşaq kimi yaşayıb oynayırdım. Hansı şansları qaçırtdığımı bilirəm. Amma hələ oyun bitməyib. Qarşıda ikinci hissə var. Bilirəm ki, çoxları mənim qayıtdığıma inanmır, şübhə ilə yanaşır. Mənə motivasiya verən də məhz budur. Balotellinin gözlərində o təkəbbür, o özündənrazılıq yoxdu artıq.

- Bu son şansındır. Qallianinin dediyi kimi, son şans...

- Mən özümə, ailəmə, “Milan”a, Mihayloviçə, məni sevən hər kəsə bir söz vermişəm. Vədimə də əməl etməliyəm. Hər şeyə sıfırdan başlayıram. Daha bir səhvə yol verə bilmərəm. Bütün bunları anlayıram. İstənilən şərti qəbul edirəm.

- Böyüdüyünü nə vaxt anladın?

- 25 yaşım var, uşaq deyiləm. Həyatda buraxdığım səhvlər mənə çox şey öyrətdi. Bəzən elə bir şey baş verir ki, adam 180 dərəcə dəyişir. Məsələn, atalıq sevinci və ya ata itkisinin verdiyi kədər.

- Qızının gülüşü sənin üçün nə deməkdir?

- Sonsuz məhəbbət. Pia güləndə ağ-qara dünyanı rəngli görürəm. Qızımı hədsiz dərəcədə çox sevirəm. Onunla kəlmə kəsməyə başlayandan sonra hər şey dəyişdi.

- “Milan”a qayıtmaq ideyası kimdən gəldi?

- Menecerim Mino Rayola zəng vurub dedi ki, “əşyalarını topla, İtaliyaya uç, “Milan”a qayıdırsan”.

- Elə təəssürat yaranmışdı ki, heç kimə lazım deyildin...

- Xeyr, özümə klub tapacağıma inanırdım. Amma yenə də “Milan”a təşəkkür etmək istəyirəm. Düzünü desəm, onların növbəti dəfə mənə inanacağını gözləmirdim. Bu sarıdan bəxtimin gətirdiyini deyə bilərəm.

- “Liverpul”da niyə oynaya bilmədin? Nə baş verdi?

- Səhvlərimi etiraf edirəm. Amma onu da deməliyəm ki, Brendan Rocersin taktikası mənə uyğun gəlmirdi. Əvvəl-əvvəl yaxşı qol vəziyyətlərini qaçırdım. Daha sonra bəxtsizlik və zədələr məni qarabaqara izləməyə başladı. Amma baş məşqçiylə heç vaxt mübahisə etmirdim. Onun bütün qərarlarına hörmətlə yanaşırdım.

- Hazırda elə də pis formada deyilsən. Elə deyil?

- Çox məşq etmişəm. Bəzən ikiqat yükləyirdim özümü. Yaxşı ki, formamı saxlamışam. Yoxsa Mihayloviçin məşqində nəfəsim dayanardı. Onun məşq proqramı çox ağırdır. Amma özümü yaxşı hiss edirəm.

- Mihayloviçin diqqətini necə çəkdin?

- O, məni uşaqlıqdan tanıyır. Xarakterimdən fərqli olaraq, oyun keyfiyyətlərimdə heç vaxt problem olmayıb. Mənim haqqımda həmişə yaxşı fikirdə olub. Bu dəfə də gözlərimin içinə baxaraq məni sonadək dinlədi. Buna görə ona təşəkkür edirəm.

- Ona nə dedin ki?

- Səhvlərimdən nəticə çıxardığımı dedim. Söz verdim ki, mənə şans yaratsa, onu peşman etməyəcəm. Onda liderlik xüsusiyyəti var. Sərtdir, amma dürüst adamdır. Adamın gözünün içinə baxaraq danışır, aldatmır. O, futbolçuya insan kimi münasibət göstərir. Etimada görə Mihayloviçə borcluyam.

- “San-Siro”dakı qarşılanmaya hazırsan?

- Təbii ki, həyəcanlanacam. Azarkeşlərin məni fitə basmasına alışmışam artıq. Təxribata uymayacam. Hər kəsə - rəqibə də, hakimlərə də, azarkeşlərə də hörmət edirəm.

- Birdən məşhur “buuu” sədalarını eşitsən necə?

- İrqçiliyə qalib gəlmək lazımdır. Belə hallar baş verdikdə, hakim oyunu dayandırmalıdır. Dayandırmasa belə, meydanı özbaşına tərk etməyəcəm, başımı aşağı salıb oyunumu oynayacam. Amma mətbuat konfransında buna etirazımı mütləq bildirəcəm. Bununla barışa bilmərəm. Hər kəs hörmət etməyi bacarmalıdır. Azarkeşlər öz komandalarının uğuruna görə məni irqçi şüarlarla təhqir edirlər, sonra da milli komandada qol vurmağımı istəyirlər. Anormallıqdır. Qarşıdan Avropa çempionatı gəlir. Ona görə də hamımız bir olmalıyıq.

- Deməli, AÇ-2016 haqda da düşünürsən...

- Əlbəttə düşünürəm. “Milan”da özümü göstərib yenidən milliyə düşmək istəyirəm. Fransada oynamaq üçün əlimdən gələni edəcəm.

- “Milan”dakı çıxışından nə gözləyirsən?

- İnanıram ki, zirvədəki yerimizi qaytaracağıq. Əla komandamız var.

- A seriyasının 3-cü turunda Milan derbisi var. Bu oyunda qol vurmaq üçün nələrdən keçərdin?

- Bir dəqiqə. Bu suala cavab verməyəcəm. Siz deyəsən, müsahibəyə sərlövhə axtarırsız. Təəssüf ki, bunu ala bilməyəcəksiz. Əvvəlcədən danışmaq mənə düşmür. Əlbəttə ki, qələbə qazanmaq istərdim. Kim istəməz ki, derbidə qol vurmasın?

- Çoxları deyir ki, sən futbolu ürəksiz oynayırsan. Can yandırmırsan. Bu üzdən futboldan çox münaqişələrlə yadda qalırsan...

- Zarafat edirsiz? Futbol mənim həyatımdır. Uşaqlıqdan bu oyuna heyranam. Siz nə danışırsız? Mən daim oynamaq üçün ailəmi və İtaliyanı tərk etmiş adamam. İnanın ki, heç kimlə ədavətim yoxdur. İnanmırsızsa, komanda yoldaşlarımdan soruşun. Paltardəyişmə otağında hamıyla zarafat edirəm. Meydanda isə ciddi oluram.

- Nəhayət ki, qol vurandan sonra sənin üzündəki o təbəssümü görə biləcəyikmi?

- Mihayloviç də bunu məndən soruşub. Təkcə bu barədə söz verə bilməyəcəm. Qol vurmaqdan həmişə zövq alıram. İmkan verin fərqlənim, sonrasına baxarıq...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm