• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Daha 2 idmançımız olimpiadaya vəsiqə qazandı!

  • İdman
  • 6 Sentyabr 2015 17:37
  • 413 Baxış
Daha 2 idmançımız olimpiadaya vəsiqə qazandı!

Azərbaycan akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Təmsilçilərimiz bu uğura Fransanın Eqebelet şəhərində keçirilən dünya çempionatında imza atıblar.

Publika.az xəbər verir ki, bu gün 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə B finalında çıxış edən cütlük finişə 8 dəqiqə 24,260 saniyəyə çataraq, qalib adını qazanıb. Nəticədə onlar ümumi sıralamada 7-ci yeri tutublar. Qaydalara əsasən, bu qayıq tipində ilk "11-liy"ə düşənlər Rio-2016-da iştirak hüququna yiyələniblər. Ona görə də Aleksandrov - Yotov dueti B finalında üstələdiyi böyük britaniyalı Con Kollins - Conatan Uolton (08:24.450), kubalı Eduardo Rubio Rodriges - Adrian Oquendo İbanyes (08:24.760), italiyalı Cakomo Centili - Romano Battisti (08:25.770) və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilyev (08:25.840) cütlükləri ilə birgə olimpiadaya yüksəlib. Qalan 6 vəsiqəyə A finalında çıxış edəcək fransalı Hüqo Buşeron - Matyö Androdias, avstraliyalı Ceyms Makray - Aleksandr Belonoqov, almaniyalı Marsel Hakker - Stefan Krüger, xorvatiyalı Martin Sinkoviç - Valent Sinkoviç, litvalı Rolandas Masçinskas - Saulius Ritter və yeni zelandiyalı Robert Menson - Kristofer Harris duetləri yiyələnib. B finalında 8 dəqiqə 27,400 saniyə nəticə ilə sonuncu yeri tutmuş norveçli Nils Yakob Hoff - Kyetil Borx dueti isə lisenziya qazana bilməyib.

Beləliklə, ölkəmiz akademik avarçəkmə növündə ardıcıl ikinci dəfə olimpiadada təmsil olunacaq. 2012-ci il London Yay Olimpiya Oyunlarında Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 2000 metr məsafəyə yürüşdə mübarizə aparmışdı. Həmin ərəfədə keçirilmiş olimpiya təsnifat reqatasında isə Aleksandr Aleksandrov - Boris Yotov dueti olimpiya təsnifat reqatasının A finalında 3-cü yeri tutaraq, lisenziyasız qalmışdı. Amma ötən dövrdə həm Aleksandrov, həm də Yotov istər fərdi, istərsə də qoşa mübarizədə xeyli təcrübə toplayıblar. Cəmi 19 yaşı olan Yotov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, hazırda akademik avarçəkmə növündə Azərbaycanın ilk olimpiya mükafatçısı sayılır. Aleksandrov isə 2013-cü ildə 23 yaşadək akademik avarçəkənlər arasında 1 nəfərlik qayıqla dünya çempionu, 2014-cü ildə Yotovla birgə 2 nəfərlik qayıqla Avropa vitse-çempionu olub.

Ümumilikdə, Azərbaycan Milli Avarçəkmə Federasiyası 2015-ci ili 4 olimpiya lisenziyası ilə başa vurub. Üstəlik, lisenziyalar London olimpiadası ilə müqayisədə, yalnız akademik avarçəkmə və kanoedə deyil, həm də kayak növündə əldə olunub. Qadın kayakçımız İnna Osipenko-Rodomska 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçimiz Valentin Demyanenko isə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, növbəti lisenziya şansları gələn ilin mayında keçiriləcək təsnifat reqatalarında veriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR