Azərbaycan-Malta oyunu heç-heçə başa çatıb - 2:2 (YENİLƏNİR)
Bizi izləyin

İdman

Azərbaycan-Malta oyunu heç-heçə başa çatıb - 2:2 (YENİLƏNİR)

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində “H" qrupunda mübarizə aparan Azərbaycan milli komandası səfərdə Malta yığmasının qonağı olub.

Ta-Qali stadionunda keçirilən oyunda Azərbaycan komandasının start heyətində Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Tağıyev, Əfran İsmayılov, Ruslan Qurbanov və Dmitri Nazarov meydana çıxıblar.

Malta yığmasının ilk on birliyində isə Endryu Hоqq, Aleks Muskat, Rouen Muskat, Stiv Borq, Andrey Aqius, Kleyton Faylla, Roderik Briffa, Maykl Mifsud, Rayan Kamilleri, Andre Şembri və Alfred Effonq yer alıblar.

Oyunun ilk hissəsinin 2-ci, 7-ci və 29-cu dəqiqələrində komandamızın futbolçusu Dmitri Nazarovun cərimə zərbələrindən vurduğu toplar rəqibin qapısından bir qədər aralı keçib.

Azərbaycan komandasının hücumları şəraitində keçən görüşün birinci hissəsində nəhayət hesab açılıb. Matçın 36-cı dəqiqəsində yığmamızın heyətində Rahid Əmirquliyev fərqlənib -1:0. Görüşün 45-ci dəqiqəsində Dmitri Nazarova qarşı kobudluğa görə Maltanın heyətində Alfred Effonq sarı vərəqə ilə cəzalandırılıb.

Matçın ikinci hissəsinin 55-ci dəqiqəsində Malta hesabı bərabərləşdirib. Topu rəqib komandanın heyətində Maykl Mifsud vurub-1:1.

Qarşılaşmanın 60-cı dəqiqəsində Əfran İsmayılovun, 64-cü dəqiqəsində isə Ruslan Qurbanovun zərbələrini rəqib qapıçı Endryu Hоqq çətinliklə də olsa dəf edib.

Görüşün 71-ci dəqiqəsində Malta hesabda önə keçib. Rəqib yığmanın heyətində Alfred Effonq fərqlənib-2:1. Qoldan sonra Azərbaycan futbolçuları hücumların sayını daha da artırıblar.

75-ci dəqiqədə sonradan meydana daxil olan Araz Abdullayevin sağ cinahdan ötürməsi zamanı Ruslan Qurbanovun zərbəsi dəqiq alınmayıb. Üç dəqiqə sonra Araz Abdullayevin fərqlənməsinə rəqib qapıçı mane olub. Nəhayət qarşılaşmanın 80-ci dəqiqəsində Azərbaycan komandası oyunda hesabı bərabərləşdirib. Ruslan Qurbanovun ötürməsindən sonra millimizin 19 nömrəli futbolçusu Rahid Əmirquliyev yenidən fərqlənib-2:2. Görüşün sonunadək hesab dəyişməyib.

Beləliklə, Malta komandası ilə səfər oyununda bərabərliyə nail olan Robert Prosineçkinin yetirmələri altıncı xalı millimizin aktivinə yazdıraraq qrupda beşinci pillədə qərarlaşıblar.

Matçın əsas hakimi avstriyalı Harald Leçner olub. Oyunda köməkçi hakim funksiyasını onun həmyerliləri Maximilian Kolbitsç, Andreas Staudinqer və Andreas Heidenreyx yerinə yetiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm