Bapbalaca boyu var... – İslandiyada futbol necə inkişaf edib?
Bizi izləyin

İdman

Bapbalaca boyu var... – İslandiyada futbol necə inkişaf edib?

Təsəvvür edin ki, Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimini canlı izləyirsiz. Şarlar bir-bir açılır və qrup iştirakçıları müəyyənləşir. Çexiya, Hollandiya, Türkiyə, İslandiya, Latviya və Qazaxıstan eyni qrupa düşür və sizdən münasibət öyrənirlər. Nə deyəcəyinizi təxmin etmək olar. Amma 99,9 faiz İslandiyanın 8 turdan sonra qrup lideri olacağını deməzdi. Mövzu bəllidir, İslandiya futbolundan danışacağıq.

Hal-hazırki vəziyyətə görə, İslandiya klubları Avropa səhnəsində çox geridə qalsa da, bu ölkədə futbolun inkişafına göz yummaq ədalətsizlikdir. 4 il əvvəl FİFA-nın reytinqində heç “ilk 100-lüy”ə düşməyən milli komanda bu gün 23-cü pillədədir. UEFA-nın əmsallar cədvəlində isə Makedoniya, İrlandiya kimi möhkəm kollektivləri geridə qoyaraq 35-ci yerdə qərarlaşıb. 2011/12 və 2012/13 mövsümüylə müqayisədə son iki ildə ada klubları çıxışını iki dəfə yaxşılaşdırıb. Məsələn, cari mövsümdə “Styarnan” Şotlandiya, Uels və Polşa təmsilçiləriylə mübarizədən qalib ayrılaraq, Avroliqada 3 mərhələ keçdi. Onların qarşısını “İnter” kəsdi. Digər klubların da çıxışını müsbət qiymətləndirmək olar.

İlk baxışdan futbol İslandiyada süni oyun təsiri bağışlayır. Bizim dillə desək, yəni bu ölkədə futbolu candərdi oynayırlar. Qonşudan dala qalmamaq üçün... Amma bu ilk baxışdan belədir. Nə olsun ki, onların yüksək liqasında cəmi 12 klub var, nə olsun ki, mövsüm eyni ildə - mayda başlayıb oktyabrda qurtarır, nə olsun ki, hər oyunu orta hesabla 1000-dən az adam izləyir. Həə, bax burada yekə bir “stop”. Gəlin gözümüzün önündəki pərdəni bir az qaldıraq və dəqiqləşdirmə aparaq. Deməli, yuxarıda qeyd etdiyimiz 12 komanda yüksək liqaya aiddir. Mövsüm rəsmi olaraq yanvarda start götürür. Hər turu isə ada əhalisinin 1,7 faizi stadiondan izləyir. Lap aydın olsun deyə, bildirək ki, dünyada tamaşaçı sayına görə lider olan Almaniyada əhalinin 0.48 faizi stadionlara gedir. Hələ bu harasıdır?

Hər il mövsüm ərzində İslandiyada 75 klub 5 divizionda mübarizə aparır. İlk 3 divizionda 12, 4-cü liqada 10 komanda yer alır. Sonuncu divizionda isə komandalar qruplara bölünüb. Nə isə çox xırdalığa getməyək. Bu ölkədə futbolçular oynamaq sarıdan korluq çəkmirlər. Əlverişsiz iqlim üzündən burada yalnız may ayında açıq havada futbol oynamaq mümkündür. Amma oyunların manejlərdə keçirilməsi heç bir problem yaratmır.

Fevraldan aprelə kimi Liqa kuboku, maydan avqusta kimi ölkə kuboku yarışları keçirilir. Məhsuldarlıq isə göz oxşayır. Orta hesabla kubok oyunlarında hər oyuna 4-4.5 qol vurulur. Məhsuldarlığa görə İslandiya Hollandiyanı da geridə qoyub. Elə çempionatda da məhsuldarlıq çoxdandır aşağı düşmür.

Yuxarıda sadaladığımız çempionat və iki kubok yarışından əlavə, İslandiyada bir sıra mövsümə hazırlıq turnirləri də keçirilir. Əsasən yanvar-fevral aylarına təsadüf edən turnirlərdə güclülər bir qrupda mübarizə aparır. Adada futbolun inkişafı təkcə yaşıl meydanlarda qazanılan nəticələrdən hiss olunmur. İnfrastrukturun yaxşılaşdırılması da diqqət çəkir. Son illər islandların inşaat sahəsində aktiv olduğunu deməliyik. 2000-ci illərdə ölkədə cəmi 5 süni meydança və 7 futzal meydançası var idisə, indi rəqəmlər xeyli artıb – müvafiq olaraq, 17 və 130. Bundan başqa, istilik sistemiylə təchiz olunmuş 7 manej fəaliyyət göstərir. Manejlərin süni ot örtüyünə isə söz ola bilməz.

İslandiyada 600 lisenziyalı məşqçi, 400 peşəkar futbolçu, 22 min qeydiyyatlı futbolçu fəaliyyət göstərir. Lisenziyası olmayan mütəxəssisə heç uşaq komandasını da etibar etmirlər. Hər gənc futbolçuya elektron kimlik kartı açılır və bunun sayəsində mütəxəssislər yeniyetmələrin uğurlarını izləyir. Mövsümün sonunda isə 36 yeniyetmə təlim-məşq toplanışına dəvət olunur.

Sürətli inkişafı qısaca belə xarakterizə etmək olar. Hər bir kiçik ölkə kimi İslandiya da 1990-cı illərdə sosial böhran yaşayırdı. Doğuş faizi azalmış, ölüm faizi artmışdı. Əhali ora-bura səpələnmişdi. Gənclərin spirtli içkiyə və narkotikə meyllənməsi həddi aşırdı. Nə isə etmək lazım idi bu böhrandan çıxmaq üçün. Bu anda islandiyalılar idmana kökləndi. Idman kompleksləri tikildi, paralel olaraq futbol məktəbləri inşa olundu. Uşaqların təhsil və idman sahəsində inkişafı üçün xüsusi layihələr hazırlandı. Bu islahatlar ölkənin büdcəsinə ciddi zərbə vursa da, bəhrəsi fantastik oldu. Bütün İslandiya idman xəstəliyinə tutuldu. Hətta Almaniya və Avstriyada futbol layihələri belə effekt verməmişdi. Hazırda 60-dan çox island futbolçu ölkədən kənarda top qovur. Milli isə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində olacaq. Di gedin, inkişaf edin!

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm