Dünya və Avropa çempionu: “Hazırkı vəziyyətimiz heç ürəkaçan deyil”
Bizi izləyin

İdman

Dünya və Avropa çempionu: “Hazırkı vəziyyətimiz heç ürəkaçan deyil”

Azərbaycan Cüdo Federasiyasındakı problemlər, diqqətsizlik, məşqlərin keçirilməməsi cüdoçularımızın bir çox turnirlərdən nəticəsiz qayıtmasına səbəb oldu. Son vaxtlar beynəlxalq yarışlardan vətənə medalsız qayıdan cüdoçularımız üçün yeni bir şans və yeni bir ümid yeri yaranıb. Federasiyada rəhbərlikdə dəyişikliyin edilməsi millinin üzvlərini də sevindirdi.

Dəyişikliyə sevinən idmançılarımızdan biri də cüdo üzrə Avropa və dünya çempionu Nicat Şıxəlizadədir. O, gələcək uğurlarına ən çox ümid edilən idmançılardan biri idi. Təəssüf ki, federasiyadakı problemlər onun üçün də təsirsiz ötüşmədi. Yarışlardan medal qazanacağına inanılan çempion özünün də istəmədiyi səbəblər üzündən uğursuzluğa düçar olurdu. İndi Nicat Şıxəlizadə də dəyişikliyin onlar üçün yaxşı olmasına ümid edir.

Publika.az dünya və Avropa çempionuyla müsahibəni təqdim edir.

- Federasiyada dəyişikliyin olması cüdoçularımıza necə təsir edəcək?

- Gərək cüdoçuların ümumiyyətlə, idmançıların bəzi problemləri olmasın. Bildiyiniz kimi son vaxtlar federasiyamızda bir çox problemlərlə üzləşdik. Bu da idmançılara təsirini göstərdi. Həm də onu deyim ki, əsas mötəbər yarışlara hazırlığımız düzgün olmayıb. Bunun da nəticəsində uğursuzluq yaşamışıq. O ki qaldı dəyişikliyə, bəli, ümid edirəm hər şey daha yaxşı olacaq. Ən azından bu cür problemlər yaşanmayacaq. İdmançıların da məqsədi, istəyi yaxşı hazırlıq keçib nəticə vermək olacaq.

- Füzuli Ələkbərovun vaxtından federasiyanın cüdoçulara borcları qalmışdı. Yəni bir neçə müddət idi ki, maaş və mükafatlar verilmirdi. Həmin borclarla bağlı nə deyilir?

- Bəli, söz verilib ki, veriləcək. Amma bilinmir dəqiq nə vaxt?!

- Təəssüflə deyə bilərəm ki, əvvəlki uğurları qazana bilmirsiz...

- Uğursuzluq bütün komandanı əhatə edirsə, demək düzgün hazırlıq, düzgün məşqlər keçirilmir.

- Bəs bu barədə baş məşqçi Hacıağa Hacıəhmədovla danışmırdız?

- Bizim işimiz məşq proseslərinə qarışmaq deyil. Məşqləri icra etməkdir. Nə məşq verilirsə, onu edirik. Amma nəticəyə gələndə hər şey göz qabağındadır. Aydın görünür ki, problem haradan qaynaqlanır.

- Məşqçi dəyişikliyi də olacaq deyilir. Buna münasibətiniz necədir?

- Biz idmançılar istəyirik ki, nə dəyişiklik olacaqsa, hamısı yaxşılığa doğru olsun. Çünki Olimpiya oyunlarına bir ildən az müddət qalıb. Yenə deyirəm düzgün hazırlıq prosesləri keçməliyik.

- Milli komandaya yerli məşqçi gəlsə, yaxşıdır, yoxsa əcnəbi?

- Yenə deyirəm, bizə fərq etməz, kim gəlir gəlsin. Əsas odur ki, hazırlığımız düzgün və yaxşı keçsin.

- Özünüz də dediniz ki, olimpiadaya az vaxt qalıb. Bu sizi həyəcanlandırırmı?

- Əlbəttə ki, həyəcanlandırır. Çünki bizim hazırki vəziyyətimiz heç ürəkaçan deyil. Onun üçün tez zamanda hər şey yoluna düşməlidir və bunu da gözləyirik.

- Hazırda məşqlər davam etmir?

- Xeyr, hazırda hər kəs öz şəxsi məşqçisinin yanında hazırlıq keçir. Yəni milli komandadan kənarda...

- Bəs siz hazırda kiminlə hazırlaşırsız?

- Şəxsi məşqçim Nağı Babayevin yanında hazırlaşıram. Məşqlərimə Respublika Olimpiya İdman Liseyində davam edirəm.

- Nə vaxtdan cüdoçularımız milli komandadan uzaq düşüb şəxsi məşqçiləri ilə hazırlıq keçirlər?

- Sonuncu dünya çempionatından sonra hər kəs sərbəst məşq edir.

- Bunu etiraz olaraq etdilər, ya federasiyadan deyilmişdi ki, gedin şəxsi məşqçilərinizlə çalışın?

- Xeyr, heç kim bizə heç nə deməyib. Nə də ki, biz kiməsə nəsə deməmişik. Sadəcə yığmanın məşqi olmadığına, hazırlıqlar keçirilmədiyinə görə, biz də məcbur olub şəxsi məşqçimizin yanına gedirik.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm