Təkqollu quldurun inanılmaz həyat hekayəti - FOTOLAR
Bizi izləyin

İdman

Təkqollu quldurun inanılmaz həyat hekayəti - FOTOLAR

Həyatda uğur qazanmaq üçün gərgin əmək sərf etməlisən. İdmanda uğur əldə etmək üçün isə nələrisə qurban da verməlisən. İstədiyini yeyə, istədiyin yerə gedə bilməzsən. İdman rejiminə ciddi əməl etməsən nəyəsə nail olmaq çətindir. Bu, sağlam bədənli idmançılara aiddir. Vay o gündən ki, bədən də sağlam olmaya. Əlilliyi olan şəxsin idmanda uğur qazanması çətindən də çətindir. Üstəlik, biz uğur deyirik ey... Hətta sağlam cana sahib idmançıların əldə etməyə çətinlik çəkdiyi uğurlardan danışırıq.

Publika.az oxuculara bütün dünyanı heyrətə salan belə idmançılardan biri haqqında məlumat verəcək.

1983-cü ildə 16 yaşlı alman Volfqanq Zaher “Penzberq” stansiyasında həmyaşıdları ilə əylənirdi. Vaqondan vaqona tullanarkən, Zaher yüksək gərginlikli elektirk xəttinə toxunur. 16 min voltluq elektrik xətti Volfqanqa heç bir şans qoymur: Ölümdən dönsə də, sol əlini itirməli olur.

Bundan sonra 16 yaşlı gəncin həyatı dəyişdi. O, depressiyaya düşdü. Həddindən artıq içir, heç kimlə ünsiyyət qurmurdu. Qısa müddətdə 50 kq artıq çəki yığan Zaher normal həyata qayıtmaq haqqında düşünmürdü də. Hər şeyi bir tanışlıq dəyişdi. Zaher gələcək həyat yoldaşı Sabina ilə tanış oldu. O, Zaherin həyatını büsbütün dəyişdi. Onu özü ilə məşğul olmağa, tək əllə işləməyi öyrənməyə, normal insanlar kimi yaşamağa vadar etdi.

Volfqanq zədədən sonra ilk dəfə 1996-cı ildə velosipedə əyləşdi. O, həmin günləri belə xatırlayır: “Velosiped yeganə idman növü idi ki, mən onunla məşğul ola bilirdim. Bu idman növü ilə məşğul olarkən heç bir ağrı hiss etmirdim, velosipedi normal qaydada idarə edirdim. Amma tək əllə və zədəli ayaqla idarə etdiyim üçün sürət aşağı olurdu. Həvəskar velosiped idmanı ilə məşğul olan qardaşım Mario ilə xüsusi mexanizmə sahib velosiped yığdıq. Bu velosiped sağ tərəfdən idarə olunurdu”.

1997-ci ildə Volfqanq 170 km-lik “Pfaffenwinkel-Radrundfahrt” turunu inamla dəf etdi. Bu yürüş onun necə xoşuna gəldisə, Zaher 1998-ci ildə özünə şosse velosipedi aldı: “Bu, “Diamondback” markalı velosiped idi. Onu da mənim hazırladığm hibrid velosiped kimi yığmışdılar”.

O, məşqləri artırır, artırdıqca da velosipedi daha rahat ram edirdi. İki ildən sonra o, artıq yarışlara çıxırdı. 2004-cü ildə Zaher həvəskarlar arasında bir neçə qələbə qazandı. Daha sonra paralimpiya yarışlarına qədəm qoydu. 2005-ci ildə onun ilk məşqçisi də oldu. Yarışlara fərdi proqram üzrə hazırlaşmağa başladı. Və Almaniya yığmasına dəvət aldı. İlk ildəcə Almaniya çempionu oldu. O, sonradan bu titulu 13 dəfə də (müxtəlif kateqoriyalarda) qazandı. Üstəgəl, Avropa çempionluğu və Çempionlar kuboku. Zaher bu uğurlardan sonra özünü zarafatla təkqollu quldur adlandırırdı.

Kolumbiyada keçirilən Panamerika oyunlarındakı qələbədən sonra Volfqanqın yalnız bir hədəfi qalmışdı - Paralimpiya oyunlarında qələbə qazanmaq. Pekində o, çətin yürüşdə - LC1-də yarışdı. Buna baxmayaraq, Volfqanq trekdə gümüş və bürünc, şossedə isə qızıl medal qazandı. Zaher sağlam idmançılardan geri qaldığını etiraf edir. Amma təslim olmaq niyyətində də deyil: “Xüsusən də dağ yürüşlərində çətinlik hiss edirəm. Axı sol qolum olmadığına görə, müvazinətimi saxlamaqda çətilik çəkirəm. Sol tərəfdə özümü müdafiəsiz hiss edirəm”.

İndi o, Almaniyada qəhrəman sayılır. Almaniyanın 2018-ci ildə keçirləcək olimpiadaya ev sahibliyi etmək üçün müəyyənləşdirdiyi 60 səfirin arasında Volfqanq da var idi. O, ölümdən son anda qayıtdı. Qayıtdı və böyük potensialını cəmiyyətə təqdim etdi. Bu potensial ona, cəmiyyətə və idmana böyük sevinc bəxş etdi. İndi Volfqanq özünü xoşbəxt hesab edir. Evlidi, iki övladı var.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm