• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Uçurumun kənarında: Hollandiya millisində nə baş verir?

  • İdman
  • 9 Sentyabr 2015 23:39
  • 454 Baxış
Uçurumun kənarında: Hollandiya millisində nə baş verir?

Hollandiya millisində nə baş verir? Bir il əvvəl dünya çempionatında bürünc medal qazanan futbolçular niyə özlərinə bənzəmirlər. Heyət dəyişib? Məncə yox. Özək qalıb. Amma fakt budur ki, “Zanbaqlar ölkəsi” gələn il Avropanın ən nüfuzlu turnirindən kənarda qalmaq təhlükəsiylə üz-üzədir. Səbəb heç də futbolçuların zəif oyununda deyil. Problemlər çox dərinə işləyib. Necə deyərlər, “Narıncılar” uçurumun kənarındadır.

Hollandiya futbolu son 5 ildə ən ağır dövrünü yaşayır. “Narıncılar”ın belə bərbad çıxışını çoxdandı izləmirdik. Sonuncu dəfə AÇ-2012-də fiasko baş vermişdi. “Ölüm qrupu”na düşən hollandlar 1 xal belə toplaya bilməmişdi. Ancaq onda da indiki kimi həyəcan siqnalı çalınmamışdı.

Reqlamentdəki yeniliklərdən sonra AÇ-2016-nin seçmə mərhələsi bu turnirin tarixində ən asan sayılır. Amma Hollandiya millisi hər oyundan sonra bir az da uçurumun kənarına yuvarlanır.

Halbuki 1 il əvvəl hamı təəccüblə bir-birinə deyirdi: Lui Van Qal görəsən bu uşaqlara nə yedizdirir? Braziliyada “Portağallar” sərgilədiyi “dadlı” futbolla hər kəsin ağzını “sulandırmışdı”. Bu üzdən onların bürünc medal qazanması heç kimi təəccübləndirmədi. Van Qal əlinin altındakı futbolçulardan maksimum istədiyini ala bilmişdi. Düzdür, boyundan hündürə tullanıb parlayanlar da oldu – Deyli Blind və Memfis Depay kimi.

Təəssüf ki, Hollandiya nağılı uzun çəkmədi. Yeni tsiklə Quus Hiddinkin rəhbərliyi altında başlayan “Narıncılar”ın nəticələri aşağı düşdü. “Qoca Hiddink” vacib oyunların heç birində qələbə qazana bilmədi. Hər mətbuat konfransında da eyni sual səslənirdi: “Bu, Hiddinkin son oyunudur?”

Nəhayət, təcrübəli mütəxəssis göndərildi və baş məşqçi postu “əbədi ikinci” statusundan bezən Danni Blində həvalə olundu. Guya bu yaxşı oldu ki? Sentyabrın 3-də İslandiyanı qəbul edən Hollandiya futbolçuları “Amsterdam Arena”ya toplaşanları şoka saldı. Adalılar adlı-sanlı rəqibini evində “kötəkləyərək” Fransaya getməyə layiq olduğunu isbatladı. 3 gün sonra isə Konyada Türkiyə Hollandiyaya elə bir dərs verdi ki, vəziyyətin ciddiliyi açıq-aşkar göründü. “Qalatasaray”ın hollandiyalı lideri Uesli Sneyder oyundan əvvəl komanda yoldaşlarına xəbərdarlıq etmişdi. Xəbərdarlıq etmişdi ki, Türkiyədə futbolçular və azarkeşlər bizə “cəhənnəm əzabı” verəcək. Verdi də. Sneyder nə dediyini bilirdi. Doğrudan da, həmin gecə Hollandiya yığmasının meydanda nə iş gördüyünü bilən olmadı. Bununla Türkiyə millisinin uğurunu, zəhmətini kiçiltmək fikrim yoxdur. Təbii ki, kim qələbəni daha çox istəyirsə, o da qazanmalıdır. Amma bizim tanıdığımız Hollandiya bu qədər aciz şəkildə uduza bilməzdi axı. Blindin yetirmələri məzmunsuz oyunla yadda qaldı. Nə ideya gördük, nə sürətli hücum gördük, nə də müdafiədə sistemli oyun.

Nə baş verir? Bəlkə gedən ayaqda futbolçuların bütün gücünü tükədən Van Qalı günahlandırmaq lazımdır? Bəlkə də Hollandiya futbolu durğunluq dövrünü yaşayır. 5 il əvvəl İspaniyayla dünya çempionatının finalında dirəşən “Narıncılar”ın ulduzları Avropanın aparıcı çempionatlarında top qovurdu. Amma bu gün komandanın iki əsas silahı – Uesli Sneyderlə Robin Van Persi haradadır? Səviyyəsi “Böyük beşlik” çempionatlarından geri qalan Türkiyə Superliqasında... Yeni gələnlər isə hələ böyüməyib. “Mançester Yunayted”dəki Depayı deyirsizsə, o, hələ ki, hər oyunda yüksək səviyyədə oynaya bilmir.

Futbolda “məhsuldar nəsil” anlayışı var. Çatışmayan əsas cəhət budur məncə. Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Elə Hollandiyanın qonşuluğundakı Belçikaya baxmaq kifayətdir. Bu ölkədə istedadlar yağışdan sonra artan göbələklər kimi gündən-günə çoxalır. Millinin gələcəyi Eden Hazard, Kevin De Bruyne kimi istedadların əlindədir. Hollandiya isə məhz parlaq gənc nəsil sarıdan korluq çəkir. İndiki məqamda üzə çıxardılası bir nəfər var – Depay. Belə çıxır ki, “Zanbaqlar ölkəsi”nin DÇ-2014-dəki uğurlu çıxışının baş memarı elə Lui Van Qal imiş. Təcrübəli mütəxəssis "Portağallar"dan əla “şirə çəkirdi”.

Vəziyyət acınacaqlı görünsə də, hələ heç nə itirilməyib. Seçmə mərhələnin qalan iki oyununda (Qazaxıstan və Çexiya ilə) qələbə qazanılsa, pley-off haqda düşünmək olar. Ancaq Türkiyə ilə aradakı 2 xal fərqini əritmək çətin olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR