Qriqorçuk Ukrayna mətbuatına “Qəbələ”dən danışdı: “Bu, fantastika idi”
Bizi izləyin

İdman

Qriqorçuk Ukrayna mətbuatına “Qəbələ”dən danışdı: “Bu, fantastika idi”

6 günlük Odessa toplanışını başa vuran “Qəbələ“ artıq vətəndədir. İndi hər kəs Avroliqanın qrup mərhələsinin startını gözləyir. Amma buna qədər əyalət klubunun çempionatda “İnter”lə oyunu var. Odessada olarkən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Sport-Ekspress” qəzetinin Ukrayna bölməsinə geniş müsahibə verib.

Publika.az həmin müsahibənin ən maraqlı hissələrini təqdim edir.

- Odessada təlim-məşq toplanışı keçirmək ideyası necə yarandı?

- Azərbaycan çempionatında uzun fasilə yarandı. Boş vaxtı dəyərləndirməliydik. Təlim-məşq toplanışında təkcə məşqlər deyil, yoxlama görüşlərinin də baş tutmasını istəyirdim. Bu məqsədlə təkcə “Çernomorets”ə deyil, Kiyev “Dinamo”su və “Dnepr”ə də müraciət etmişdik. Ancaq bu klubların başqa planları var idi.

- “Qəbələ” ilə qısa zamanda Avropa Liqasının qrup mərhələsinə düşəcəyinizi gözləyirdizmi?

- Bilirsiz, son zamanlar mən bir prinsiplə yaşayıram: əvvəlcədən heç nəyi təxmin etməmək, uzağa baxmamaq. Həyat təcrübəm mənə öyrədib ki, uzunmüddətli planlar qurmaq vaxt itkisindən başqa bir şey deyil. Təhlillər aparıb, vaxtında doğru addımlar ataraq yaşamalıyıq. Dövrələrarası fasilədə demək olar ki, yeni komanda qurduq. Əvvəlki heyətdən bir neçə oyunçu qaldı, yeni transferlərimiz iyulda komandaya qoşuldular. Həmin 2 ay ərzində gördüyümüz işləri sözlə ifadə edə bilmərəm. Bu, fantastika idi. Avroliqada qrupa düşmək üçün pley-offda “Panatinaikos” səddini keçməli idik. Onlarla oyunlar həm taktiki, həm də fiziki və strategiya baxımından çox çətin keçdi.

- Ötən mövsüm Azərbaycan çempionatında 3-cü olduqdan sonra “Qəbələ” rəhbərliyi komandanın qarşısındakı tələbləri artırdımı?

- Biz özümüz də əldə etdiklərimizlə kifayətlənmək fikrində deyilik. Təbii ki, klub rəhbərliyi komandanın daha da inkişaf etməsini istəyir. Mən onlara səmimi qəlbdən minnətdaram. Bu insanlar futbol üçün çox iş görürlər, istəyirlər ki, “Qəbələ”ni daha yüksək səviyyəyə çatdırsınlar. Təbii ki, çempionatda 3-cü yeri tutmaq qürurlanmağımıza əsas vermir. “Qarabağ”la çempionluq mübarizəsi aparmaq arzusundayıq. Yeri gəlmişkən, bu heç də asan olmayacaq. Mən bu komandaya və onun baş məşqçisinə böyük hörmətlə yanaşıram. Çünki onların necə işlədiyini görürəm. “Qarabağ”ın böyük təcrübəsi var, bununla belə, yenə də inkişaf etmək istəyirlər.

- “Qəbələ” bu yay transfer sahəsində fəallıq göstərdi...

- Komandanın özəyi ötən mövsümdən qalmışdı. Ancaq başa düşürdük ki, yeni transferlər də lazımdı. Heyətdə rotasiya aparmaqla, futbolçular arasındakı rəqabəti gücləndirdik. Bizə həm Azərbaycan çempionatında, həm də avrokuboklarda mübarizə aparmaq üçün geniş heyət lazım idi. Transfer məsələsində menecerlərin yaxşı işlədiyini də deməliyəm.

- Avropa Liqasında hər dəfə mərhələ adladıqca, daha güclü rəqiblərlə qarşılaşdığınızı demək olarmı?

- “Panatinaikos” əvvəl qarşılaşdığımız komandaların hamısından açıq-aşkar güclü idi. “Dinamo”, “Çukariçki” və “Apollon” isə oyun tərzlərinə görə fərqlənsələr də, ümumilikdə eyni gücdə idilər.

- Qrup mərhələsində “Qəbələ”ni “Borussiya”, PAOK və “Krasnodar”la oyunlar gözləyir. Komandanızın şansını necə dəyərləndirirsiz?

- Komanda təcrübəsini artıracaq. Hər oyun bizim üçün sınaq xarakteri daşıyır. Məhz həmin görüşlərdən sonra rəqiblərlə müqayisədə bizim kim olduğumuzu anlayacağıq. Bütün oyunlarda sona qədər döyüşəcəyik. Əgər qələbə qazanmaq üçün 1-2 faiz şansımız olsa belə, ondan istifadə etməyə çalışacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm