“İranlılar” qalmaqalına aydınlıq gətirildi – “Hər kəs nəticələrə görə mükafatını alır”
Bizi izləyin

İdman

“İranlılar” qalmaqalına aydınlıq gətirildi – “Hər kəs nəticələrə görə mükafatını alır”

Rio-de-Janeyrodakı Yay olimpiya Oyunlarına 1 ildən az vaxt qalıb. Federasiyalar olimpiadaya ciddi hazırlaşır. İdmançılarımız Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün istirahətsiz çalışırlar. Həmçinin taekvondoçularımızın da başı Olimpiya Oyunlarına lisenziya qazanmağa qarışıb.

Azərbaycan Taekvondo Federasiyasında görülən işlər, Rioya hazırlıq barədə keçmiş idmançı Niyaməddin Paşayevlə söhbətləşdik. Hazırda ATF-nin milli komandalara nəzarət üzrə vitse-prezidenti kimi fəaliyyət göstərən N.Paşayev Publika.az-a müsahibəsində taekvondoçuların reytinq xalı toplayıb lisenziya qazanmaq üçün çalışdıqlarını dedi. Federasiya rəsmisi həmçinin rəhbərliyə ünvanlanan şikayət məktubuna da aydınlıq gətirdi.

- Federasiyadakı durumdan danışaq. Olimpiada yaxınlaşır, lisenziya vermək lazımdır. Vəziyyət nə yerdədir?

- Demək olar ki, ayda bir neçə dəfə komanda ilə təlim-məşqlərdə oluruq, başqa ölkələrə gedirik. Bizdə olimpiya oyunlarına görə yeni sistem yaratdılar – Olimpiya oyunlarına reytinq xalı ilə lisenziya vermək. Bu səbəbdən də idmançılarımız ilboyu başqa ölkələrdə keçirilən rəsmi yarışlarda məcburən reytinq xalı toplamalıdır. İlin sonuna qədər 4 “Qran-Pri” yarışımız var. Burada idmançılarımız xal toplayıb ilk “6-lıq”da qərarlaşaraq olimpiya oyunlarına lisenziya əldə edə bilərlər. Həmin “Qran-Pri”lərə dünya reytinqində “ilk 36-lıq”da olan idmançılar dəvət olunur. Hazırda sentyabrın 19-21-i aralığında Türkiyənin Samsun şəhərində keçiriləcək “Qran-Pri”yə hazırlaşırıq. Orada da bizi kişilərdən Radik İsayev, Ayxan Tağızadə, qızlardan isə Patimat Əkbərova və Fəridə Əzizova təmsil edəcək. Bundan sonra İngiltərədə keçiriləcək “Qran-Pri” yarışımız olacaq. Ümid edirik ki, idmançılarımız bu turnirlərdə yaxşı çıxış edib, ilk 6-lıqda yer alacaq. Bu turnirlərdə reytinq xalı toplayıb, ilk “6-lığ”a düşə bilməyən idmançılarımız fevralda Türkiyənin İstanbul şəhərində keçiriləcək lisenziya turnirində iştirak edəcək. Əgər finala çıxarlarsa, 2016-cı ildəki Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edəcəklər.

- Kimlərin lisenziya verəcəyinə əminsiz?

- Komanda ilə işlədiyimə görə kimin hansı gücdə, hansı formada olduğunu, lisenziyaya daha çox şansının olduğunu bilirəm. Bu sirr də deyil. Bilirsiniz ki, bizdə Radik İsayev çox reytinqli və güclü idmançıdır. 2001-ci ildə mən olmuşdum dünya çempionu. 14 il sonra ilk dəfə o bunu təkrarladı və dünya çempionu oldu. Elə onun dünya çempionatındakı qələbəsi bizim Avropa Oyunlarında yaxşı çıxış etməyimizə də kömək etdi. Radik dünya reytinqində 3-cü yerdə gedir. İnşallah, Türkiyə və Mançesterdə keçiriləcək “Qran-Pri”lərin hər hansı birində finalçı olacaq. Bu zaman lisenziyanı təmin edəcək. Reytinq sıralamasında ondan geri qalan Fəridə Əzizovanın da adını çəkmək istərdim. Hazırda o, 7-ci yerdə qərarlaşıb. Moskvadakı “Qran-Pri”də 3-cü yerə layiq görülüb. Yenə də məşqlərini davam etdirir. Fəridə də bu yarışlarda qalib, ya mükafatçı olarsa, lisenziyanı təmin edəcək. Lisenziyaya ən yaxın idmançılar onlardı. Bilirsiniz ki, Olimpiya Oyunlarında taekvondo üzrə hər ölkə 4 idmançı (2 qız, 2 oğlan) ilə təmsil olunur. Bir oğlan bir qız idmançı bu “Qran-Pri”lərdə lisenziya alarsa, daha bir oğlan, bir qız taekvondoçu ilə növbəti rəsmi yarışlarda lisenziya qazanmaq üçün iştirak edəcəyik. İnanıram ki, olimpiya oyunlarına minimum 3 idmançı ilə yola düşəcəyik.

- Rəhbərlik olimpiya oyunları ilə bağlı qarşınıza hansısa bir şərt, məqsəd qoyub?

- 2000-ci ildə taekvondo olimpiya oyunlarının proqramına daxil oldu. 2004-2008-ci illərdə biz Olimpiya oyunlarında iştirak etdik. Birində də (2004) mən iştirak etmişdim. Təəssüflər olsun ki, medalsız qayıtmışdıq. 2012-ci il Olimpiya Oyunlarından sonra rəhbərlik bizi – Nağı müəllimlə məni bu vəzifəyə təyin etdi. Biz Olimpiya Oyunlarına lisenziya əldə etmək yox, medal qazanmaq üçün bu vəzifəyə təyin edilmişik. Azərbaycan Taekvondo Federasiyası olaraq əlimizdən gələni edəcəyik ki, Azərbaycanı olimpiya medalı ilə təmin edək.

- Millidə ciddi zədəsi olan idmançı var?

- Ciddi zədəsi olan bircə Ramin Əzizovdur. İlin əvvəlindən onun ayağında sınıq var idi. 6 ay keçməsinə baxmayaraq, 10 gün öncə yenə həmin ayağında problem oldu. Yenə 6 ay yarışlardan uzaq qaldı. Ramin Əzizov taekvondoda üzdə olan idmançıdır. Onun üçün idman şanssızlığı oldu. Aldığı zədəyə görə komandadan uzaq qalıb. Başqa idmançılarımızda isə şükürlər olsun ki, ciddi problem yoxdur.

- Belə başa düşdüm ki, Ramin Əzizov lisenziya xarakterli yarışlarda olmayacaq, olimpiadada da iştirak etməyəcək...

- Raminin ayağı sağalsa, fevral ayında daha bir “Qran-Pri” yarışında iştirak edəcək və lisenziya üçün şansı yaranacaq. Olmasa başqa idmançılarımız var ki, onlar təmsil olunacaq.

- Belə bir fikir də ortaya atılmışdı ki, iranlı məşqçi təyin olunduqdan sonra milliyə ancaq İrandan idmançılar dəvət olunur. Bununla bağlı nə deyərdiz?

- Hər kəs bilir ki, komandada iki legioner idmançı var. Bu, gizli deyil. O idmançılar Azərbaycan bayrağı altında çıxış edirlər və ölkəmizi təmsil edirlər.

Bu barədə taekvondoçumuz Ceyhun Həsənlinin atasi Məzahir müəllim məktub yazmışdı. Bu gün də dərc edirlər o yazıları. Siz bunu dediz, elə mən də federasiya rəsmisi olaraq, bu məsələyə aydınlıq gətirmək istəyirdim. Məzahir müəllimin dedikləri ilə bağlı rəsmi məktub da yazdıq. Ceyhun Həsənli Radik İsayevlə bir çəkidədir. Radik İsayev Avropa və dünya çempionu, Avropa Oyunlarının qalibidir. Bu da idmandır. Burada güclü olan ölkəni təmsil etmək üçün yarışlara qatılır. Bu gün də Radik İsayevlə Ceyhun Həsənlinin idman səviyyəsini müqayisə etsək, fərqi görəcəyik. Çünki Radik daha güclüdür. İsayev bunu dəfələrlə təsdiq edib. Ceyhun Həsənli də bizim gənc idmançımızdır, yaşı elə də çox deyil. O, komandanın heyətində yer tutması üçün öz üzərində çox əziyyət çəkməlidir. Məşq etməlidir ki, Radik İsayevə qalib gəlsin. Onun səviyyəsində bir idmançı olmalıdır ki, biz onu komandaya götürək. Ceyhun Həsənli federasiya tərəfindən bir çox yarışlara aparılıb. Dünya və Avropa çempionatlarında döyüşüb, amma qalib ola bilməyib. Məşqçi də yarışa idmançı apararkən kimin qalib ola biləcəyini görür, kimin nəticə verəcəyini anlayır və onu komandaya götürür. Mən də federasiya rəsmisi kimi, məşqçinin verdiyi qərarla tam razıyam. Məşqçinin düzgün seçimi təsdiqini tapdı, Radik İsayev həm dünya çempionu, həm də Avropa Oyunlarının qalibi oldu.

- Mükafatlandırma ilə bağlı da danışaq. Mükafat bölgüsü necə aparılır?

- Bütün federasiyalar kimi, bizim Taekvondo Federasiyamız da qalibləri mükafatlandırır. Avropa Oyunlarından sonra da mükafatlandırma oldu. Dövlət tərəfindən ayrılan mükafatlar hamıya məlumdur, açıqlanır. Federasiya özü isə istədiyi formada mükafat ayırır. Federasiyamız mükafatları verilən nəticələrə görə müəyyənləşdirir.

- Bəs mükafat bölgüsündən narazı qalanlar olur?

- Məsələn, bu ilin Avropa çempionu bilir ki, keçən il Avropa çempionu olan bu qədər mükafat almışdı. Anlayır ki, “mən də bu qədər mükafat alacam”.

Bir sözlə, yeniyetmələrdən böyüklərə qədər hər kəs nəticələrə görə mükafatlarını alırlar.

- Bəs taekvondoçularımızın olimpiadadakı çıxışından nə gözləyək? Medala ümid etməyə dəyər?

- Komandamızın Dünya çempionatındakı çıxışına, Avropa Oyunlarındakı uğurlarına, etdiyi məşqlərinə, çəkdikləri əziyyətlərə nəzər saldıqda, şəxsən öz adımdan deyə bilərəm ki, idmançılarımıza inanıram. Taekvondoçularımızın gücünə güvənərək deyə bilərəm ki, olimpiya oyunlarında medal əldə edəcəyik və bizdən nəticə gözləyən hər kəsi sevindirəcəyik.

Aygün İlqarqızı

Fotolar - Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm