"Qəbələ" PAOK qarşılaşması heç-heçə başa çatdı - YENİLƏNİB
Bizi izləyin

İdman

"Qəbələ" PAOK qarşılaşması heç-heçə başa çatdı - YENİLƏNİB

Qarşılaşma başa çatıb. Oyunda hesab açılmayıb - 0:0.

22:51

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsi baş çatıb. Matçda hər iki komandanın hesabı açmaq üçün imkanları olsa da, görüşün birinci hissəsində qapılara qol vurulmayıb 0:0.

22:05

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinin ilk turunda Azərbaycanı təmsil edən “Qəbələ” komandası sentyabrın 17-də Bakıda Yunanıstanın “PAOK” klubunu qəbul edir.

“Bakcell Arena”da keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rikardo Ferreyra da Silva, Arif Daşdəmirov, Vitali Vernydub, Aleksey Qay, Sergey Zenyov, Dodo, David Meza Kolli, Ermin Zets və Aleksey Antonov meydana çıxıblar.

“PAOK”un ilk on birliyində isə Robin Olsen, Miqel Vitor, Rikardo Kosta, Giorgos Tzavellas, Stelios Kitsiu, Aleksandros Tziolis, Robert Mak, Qarri Rodriqes, Erik Sabo, Dmitris Pelkas, Stefanos Atanasiadis yer alıblar.

Görüşü ispaniyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Xavyer Estradadır. Oyunda köməkçi hakim funksiyasını onun həmyerliləri Miqel Martines, Teodoro Sobrino və Dieqo Barbero Sevilla yerinə yetirirlər. Bu görüşə əlavə köməkçi hakimlər Aleksandro Hernandes və Santyaqo Xayme təyin olunublar.

Avroliqanın “C” qrupunda mübarizə aparan Azərbaycan çempionatının bürünc mükafatçısı bu mərhələdə, həmçinin “Borussiya” (Dortmund, Almaniya), “PAOK” (Yunanıstan) və “Krasnodar” (Rusiya) kollektivləri ilə qarşılaşacaq.

Qruplarda ilk iki sırada yer alan komandalar növbəti mərhələyə yüksələcək.

Yarışların qrup mərhələsinə vəsiqə qazandıqdan sonra “Qəbələ” komandası Azərbaycan millisinin hücumçuları Vaqif Cavadov və Vüqar Nadirov, müdafiəçi Ruslan Abışov, argentinalı hücumçu Fakundo Abel Pereyra, paraqvaylı yarımmüdafiəçi Meza Kolli ilə heyətini gücləndirib.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Avroliqa turnirində Gürcüstanın “Dinamo”, Serbiyanın “Çukariçki”, Kiprin “Apollon” və Yunanıstanın “Panatinaikos” klublarını mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə olaraq yarışların qrup mərhələsinə vəsiqə qazanıb.

XXX

Bu gün Azərbaycan futbolu üçün tarixi gündür. İki klubumuz Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayır.

Publika.az xəbər verir ki, tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinin həyəcanını yaşayan “Qəbələ” ilk oyunda Yunanıstanın PAOK klubunu qəbul edəcək. “Qarabağ” isə Londonda “Tottenhem”in qonağı olacaq.

İlk olaraq, meydana Roman Qriqorçukun yetirmələri çıxacaq. Saat 22:00-da başlayacaq “Qəbələ” – PAOK qarşılaşması “Bakcell Arena”da keçiriləcək.

Qrup mərhələsinə qədər “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdıraraq təsnifat mərhələsində uğurlu çıxış göstərən “Qəbələ” eyni uğuru qrup mərhələsində də davam etdirmək niyyətindədir. Bunun üçün isə ilk növbədə, PAOK-u Bakıdan əliboş yola salmaq lazımdır. Əgər Qriqorçukun yetirmələri bunu bacarsalar, növbəti mərhələyə çıxmaq yolunda vacib addım atmış olacaqlar.

Çempionumuz “Qarabağ”ı Londonda çətin sınaq gözləyir. Ardıcıl ikinci dəfə qrup mərhələsində çıxış edən ağdamlılarım oyunu gec başlayacaq. “Tottenhem” - “Qarabağ” qarşılaşması saat 00:05-də “Uayt Hart Leyn”də keçiriləcək. Şübhəsiz ki, “Qarabağ”ın rəqibi çox güclüdü. Üstəlik, səfər amili “Qarabağ”ın işinin çətin olacağını təsdiqləyir. Ancaq biz son illərdə qazandığı Avropa təcrübəsinə görə Ağdam klubuna inanırıq.

UEFA Avropa Liqası. Qrup mərhələsi, 1-ci tur

17 sentyabr

22:00 Qəbələ (Azərbaycan) – PAOK (Yunanıstan)

Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)

Bakı. “Bakcell Arena”.

00:05 Tottenhem (İngiltərə) – Qarabağ (Azərbaycan)

Hakimlər: Adrien Yakkottet, Raffael Zeder, Vital Yobin, Yohannes Vogel (İsveçrə)

London. “Uayt Hart Leyn”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm