“Qəbələ”nin Fransa səfəri
Bizi izləyin

İdman

“Qəbələ”nin Fransa səfəri

“Qəbələ”nin Fransa səfəri

"Qəbələ" Futbol Akademiyasının məşqçilər heyətinin nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə Fransanın "Olimpik" (Lion) klubunun bazasında olması ilə bağlı xəbər vermişdik.

Publika.az xəbər verir ki, dünən "Qəbələ" təmsilçiləri akademiya, əsas komanda və seleksiya qrupu ilə tanış olub.

Daha sonra "Olimpik"in prezident müşaviri, Fransa futbol tarixinin ən yaxşı futbolçularından hesab olunan Bernar Lyakomb nümayəndə heyətini qəbul edib. Görüş zamanı klub rəsmisi səfərin təfərrüatları barədə məlumat alıb və məşqçilərə uğurlar arzulayıb.

Günün davamında təmsilçilərimiz klubun məşq meydançaları və soyunub geyinmə otaqları ilə tanış olublar. Ardından Avropa Liqası çərçivəsində baş tutan "Lion" - "Viktoriya" (Çexiya) matçı öncəsi meydan sahiblərinin son məşqini izləyən nümayəndə heyəti baş məşqçi Remi Qardla görüşüb. Görüş zamanı Qarda "Arsenal"dan sabiq komanda yoldaşı, hazırda "Qəbələ" İdman Klubunun prezident müşaviri vəzifəsində çalışan Toni Adamsın salamları çatdırılıb. Azərbaycan futbolunun hazırki vəziyyəti ilə bağlı suallar verən baş məşqçi bu barədə ətraflı məlumatlandırılıb.

Daha sonra nümayəndə heyəti "Olimpik" Futbol Akademiyasının inzibati binası və yataqxanası ilə tanış olub. Təmsilçilərimizə seleksiya qrupunun iş prinsipləri barədə məlumat verilib, "Qəbələ" Futbol Akademiyasının seleksiya qrupunun iş prinsipləri arasındakı bənzər və fərqli cəhətlər müzakirə olunub.

Günün sonunda nümayəndə heyəti akademiya komandalarının məşqlərini izləyib. Ardından isə məşqçilər meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşan "Lion" - "Viktoriya" matçına tamaşa ediblər.

Növbəti günlərdə akademiya komandalarının məşqləri və oyunları izləniləcək, həmçinin "Olimpik" Futbol Akademiyasının direktoru ilə müzakirələr aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm