Qriqorçuk: Nəticəni müzakirə etməyəcəyəm
Bizi izləyin

İdman

Qriqorçuk: Nəticəni müzakirə etməyəcəyəm

"Qalib gəlmək imkanımız var idi. Amma bir xal qazandıq. Nəticənin ədalətli və ya ədalətsiz olduğunu müzakirə etməyəcəyəm".

Publika.az xəbər verir ki, bunu "Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk Yunanıstan PAOK-u ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından (0:0) sonra deyib.

Qriqorçuk PAOK-u çox yaxşı öyrəndiklərini, amma taktiki üstünlüyə malik ola bilmədiklərini etiraf edib:

"Rəqib həmkarım İqor Tudorun "Qəbələ"ni necə öyrəndiyini deyə bilmərəm. Bəzi təkbətək mübarizələrdə uduzurduq. Rəqib iki taktiki variantdan yararlanırdı. Belə taktika ilə daxili çempionat və əvvəlki Avroliqa matçlarında qarşılaşmamışdıq. Nəticənin belə olacağını fikirləşirdim. Mənim üçün əsas məsələ rəqiblərimizin yox, özümüzün oynamasıdır. Bu, ilk tur matçları idi. PAOK-un hücum xəttində Slovakiya millisinin futbolçusu yer alıb. Eləcə də məşhur Dimitar Berbatovu götürək. Hücumda müəyyən çətinliklər var. Amma bunu vuran ayağın olmaması kimi dəyərləndirmək düzgün deyil. Vəziyyəti təhlil edib bu istiqamətdə çalışacağıq".

O, hücum xəttində Ervin Zets və Aleksey Antonovun ilk yarıda zəif çıxış etdiklərini, ikinci hissədə isə Antonovun daha yaxşı təsir bağışladığını vurğulayıb. Ukraynalı mütəxəssis yeni transferlərin də yaxşı çıxış etdiklərini söyləyib:

"Meza Kolliyə əsas heyətdə şans verdim. O, işinin öhdəsindən gələ bildi. İkinci hissədə oyuna girən Fakundo Pereyra da verdiyimiz tapşırığın öhdəsindən yaxşı gəldi".

Qriqorçuk əsas heyətdə cəmi bir yerli futbolçuya şans verməsini isə belə izah edib: "Bu gün ən hazırlıqlı futbolçulara yer verdim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm