Xanım idmançımız oğluna verdiyi sözü tutdu
Bizi izləyin

İdman

Xanım idmançımız oğluna verdiyi sözü tutdu

Türkiyənin Samsun şəhərində parataekvondo üzrə dünya çempionatı keçirilib. Sayca 6-cı olan mundialda komandamız 10 idmançı ilə təmsil olunub.

Publika.az xəbər verir ki, baş məşqçi Əvəz Tağıyev, böyük məşqçi Yaşar Səfərov və Tərənnüm Bayramov cari yarışda rəhbərlik etdiyi milli komandanın üzvləri Rövşən Qəhramanlı (-61 kq, K-44), Anar Hüseynov (-61 kq, K-42), Nicat Müslümov (-75 kq, K-42), Əbülfəz Abuzərli (-75 kq, K-44), Aleksandr Poluşuk (+75 kq, K-42), Namiq Abbasov (-61 kq, K-43), Xəzər Mirzəyev (-75 kq, K-43), Vüqar Adışirinov (+75 kq, K-44), həmçinin Röyalə Fətəliyeva (-49 kq, K-44) və Aynur Məmmədovaya (+58 kq, K-44) etimad göstərmişdi.

10 idmançı ilə mundiala qatılan Azərbaycan millisi 8 medal qazanıb. Onlardan 3-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olub. Nicat Müslümov (75 kq), Aleksandr Polişuk (+75 kq) və Aynur Məmmədova (+58 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xəzər İsayev (75 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib. Röyalə Fətəliyeva (49 kq), Əbülfəz Abuzərli (75 kq), Vüqar Adışirinov (+75 kq) və Namiq Abbasov (61 kq) yarımfinalda məğlub olaraq bürünc medala sahib olub.

Ümumi komanda hesabında Azərbaycan millisi kişilər arasında Rusiya millisindən sonra ikinci, qadınlar arasında isə Rusiya və Türkiyədən sonra üçüncü olub.

Avropa və dünya çempionu, parataekvondoçu xanım Aynur Məmmədova növbəti dəfə qələbə ilə vətənə qayıdır. İdmançımız Dünya çempionatında qızıl medal qazanıb. 2 qat dünya çempionu adını qazanan xanım idmançımız qələbəsini belə şərh edib:

“Əziz dostlarım və tanışlarım sizin dualarınızın sayəsində, Allahın köməyi ilə bir daha dünya çempionu oldum. Hələ də inana bilmirəm ki, bunu bir daha qazandım”.

Qeyd edək ki, A.Məmmədova yarışda olarkən oğlunu bilik günü dərsə yola sala bilməməsindən gileylənmişdi. Xanım idmançı sosial şəbəkədə oğlunun şəklini paylaşaraq belə bir rəy yazmışdı:

“Canım oğlum 1-ci sinifə səni özüm yola sala bilmədim. Amma yarışdan qayıdanda sənə qızıl medalımı hədiyyə etdim. Bu gün də 5-ci sinfə getdin, bu gün yenə də yanında ola bilmədim. Amma ürəyim hər an səninlədir. İnşallah bu dəfə də qızıl medalla yanına qayıdaram. Sən də bir daha ananın çempion olmağı ilə fəxr edərsən”.

Onu da bildirək ki, dünya çempionatından medalla qayıdan idmançılarımızdan biri də Röyalə Fətəliyevadır. O, dünya çempionatının bürünc medalını qazanıb. R.Fətəliyeva isə fikirlərini belə çatdırıb:

“Finalda uduzdum, 3-cü yeri götürdüm. Amma çempion olmaq istəyirdim, qismət olmadi”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm