Azərbaycan çempionatında 100-cü məğlubiyyət, 20000 tamaşaçı və Aqollinin yubileyi
Bizi izləyin

İdman

Azərbaycan çempionatında 100-cü məğlubiyyət, 20000 tamaşaçı və Aqollinin yubileyi

Azərbaycan Premyer Liqasının 5-ci turunun "İnter"lə ev oyununda 0:1 hesabı ilə uduzan AZAL ölkə çempionatlarında 100-cü dəfə məğlub olub.

Publika.az xəbər verir ki, yüksək liqada 2005-ci ildə debüt edən paytaxt təmsilçisi keçirdiyi 303-cü qarşılaşmada bu uğursuzluğa üzülüb. Hesabında 113 qələbə və 90 heç-heçə olan bakılılar həm də antirekorda imza atıb. Belə ki, AZAL əvvəlki 4 turda olduğu kimi yenə də "quru hesab"la uduzub. İlk 5 qarşılaşmada qol vurmayan və xal qazanmayan paytaxt təmsilçisi Azərbaycan çempionatlarının ilk belə uğursuzu olub. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində birinci dəfədi bir komanda mövsümün ilk 5 oyununda nə qol vurur, nə xal qazanır.

AZAL-a qədər 2 klub ilk 5 oyunda qol vurmayıb. Lakin həmin komandalar xal qazanmağa nail olub. Startda hansısa komandanın qol vurmaması sonuncu dəfə 11 il əvvəl qeydə alınmışdı.

1992. Xəzər (Lənkəran) - 2 xal, 0:8

2004/05. Göyəzən (Qazax) - 1 xal, 0:4

2015/16. AZAL (Bakı) - 0 xal, 0:7

AZAL mövsümün ilk 5 oyununda uduzan 9-cu komanda olub. Lakin əvvəlki klubların hamısı startda ən azı 1 qol vurub. Sonuncu belə hadisə 11 il əvvəl yaşanıb.

1992. Şirvan (Kürdəmir) - 0 xal, 1:18

1994/95. Xəzər (Sumqayıt) - 0 xal, 1:24

1995/96. MOİK (Bakı) - 0 xal, 4:19

1995/96. Pambıqçı (Neftçala) - 0 xal, 2:15

1996/97. Şəmkir - 0 xal, 1:25

1998/99. Şahdağ (Qusar) - 0 xal, 5:28

2003/04. Lokomotiv (İmişli) - 0 xal, 4:20

2004/05. Şəfa (Bakı) - 0 xal, 3:17

2015/16. AZAL (Bakı) - 0 xal, 0:7

AZAL-ın son xalı və qolu ötən mövsümün 36-cı turuna təsadüf edib. Bakılılar martın 28-də "Neftçi" ilə qarşılaşmada (1:1) bunu bacarıb. Həmin vaxtdan 5 oyundu məğlub olan AZAL-ın tarixində ən uzun yenilgi seriyası isə 2006-cı ildə qeydə alınıb - ardıcıl 7 məğlubiyyət.

"Qarabağ"ın futbolçusu Ansi Aqolli Azərbaycan Premyer Liqasında yubiley matçını keçirib. Albaniyalı legioner 5-ci turun "Kəpəz"lə səfər qarşılaşmasında ölkə çempionatında 150-ci matçına çıxıb. O, bu oyunlarda 3 qol vurub.

2010-cu ildən Azərbaycanda çıxış edən Ansi Premyer Liqadakı bütün qarşılaşmalarını "Qarabağ"ın heyətində keçirib. Ansi Ağdam təmsilçisinin heyətində çempionatda 150 və daha çox oyunda mübarizə aparan 11-ci futbolçu olub. Ona qədər 10 oyunçu "Qarabağ"la Premyer Liqada 150 və daha çox matça çıxmışdı. Onlar arasında yalnız bir legioner olub ki, Ansi həmyerlisi Admir Telidən sonra buna nail olan 2-ci əcnəbi kimi tarixə düşüb.

"Qarabağ"ın indiki heyətində isə yalnız iki oyunçu klubunun heyətində Aqollidən daha çox çempionat oyunu keçirərək 150-dən artıq matçın iştirakçısı olub. Bunlar Namiq Yusifovla Maksim Medvedevdi.

Aqolli Premyer Liqada ilk oyununu 2010-cu il avqustun 8-də səfərdə "Neftçi"yə qarşı keçirib. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə forma geyib.

Daha bir rekord azarkeş sayıyla bağlıdır. 5-ci turun "Kəpəz" - "Qarabağ" qarşılaşmasını 20000 tamaşaçı izləyib. Belə yüksək göstərici isə nəinki mövsümün, ümumiyyətlə son illərin rekordudur.

Sonuncu dəfə 20000 və daha çox azarkeş 2006/07 mövsümündə qeydə alınmışdı. 2007-ci il fevralın 16-da Bakıda keçirilən "Neftçi" və "Xəzər Lənkəran" arasında "böyük oyun"da Tofiq Bəhramov adına Respublika stadionuna 25000 tamaşaçı toplaşmışdı.

3138 gün əvvəlki rekord qırılmasa da, ilk dəfə azarkeş sayında 20 minlik sədd fəth olunub. Ümumiyyətlə isə 2004-cü ildən sonra 4-cü dəfədi ki, tamaşaçı sayı 20000 və ya daha çox olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm