Qurban Qurbanov: “Bu komandaya qarşı...”
Bizi izləyin

İdman

Qurban Qurbanov: “Bu komandaya qarşı...”

Avropa Liqasının qrup mərhələsində sabah evdə "Anderlext"lə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, "Köhlən atlar"ın baş məşqçisi yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib. Qurbanovla yanaşı, komandanın braziliyalı hücumçusu Reynaldo da jurnalistlərin önünə çıxıb.

- Çox sürətli və istəkli komandaya qarşı oynayacağıq. Yeni qurulmuş komandadır. Ancaq bu komanda həmişə oyunçularının ustalıq səviyyəsiylə seçilib. Bunun da nəticəsidir ki, həmişə Avropanın böyük klubları bu komandanın oyunçularını transfer edirlər. Bu komandaya qarşı diqqətli oynamalıyıq. "Anderlext"də elə oyunçular var ki, onlar oyunun taleyini təkbaşına dəyişə bilərlər. Özümüzə gəlincə, oyunçuların hər biri dərk edir ki, bu komandaya qarşı istəkli oyun sərgiləməsək, yaxşı nəticə qazana bilmərik. Əlimizdən gələni edəcəyik. Bu oyun futbolçularımın təcrübəsinin artması üçün vacibdir.

- Cumbinyonun meydana çıxmaq ehtimalı var?

- Cumbinyo sabahkı oyunda olmayacaq. Onu "ilk 18-liy"ə salmayacam. Bu oyunda risk etmək istəməzdim. Ancaq gələn oyunlarda iştirak edəcək.

- Komandada əhval-ruhiyyə necədir?

- Hazırda komandada əhval-ruhiyyə çox yaxşıdır.

- Komandada sanki psixoloji vəziyyət qaydasında deyil. Komanda qol vurduqdan sonra hesabı qoruya bilmir. Sanki komanda özünə güvənmir...

- Bu sualı mənə çox veriblər. Mənim fikrimcə, komandama psixoloq lazım deyil. Özüm oyunçularla danışıram. Düşünürəm ki, oyunçular mənə inanır. Mən də onlara inanıram. Komandanın qol vurduqdan sonra qol buraxmasının psixoloji vəziyyətlə əlaqəsi yoxdur. Biz bir qol vurduqdan sonra üçünü buraxmışıqsa, "Mançester Siti" bir qol vurduqdan sonra dördünü buraxmışdı. Bu, futbolun reallığıdır ki, qol buraxan komanda rəqibi sıxır. Düşünürəm ki, sabahkı oyunda heç bir psixoloji problem olmayacaq. Hazırlığımız da daha yaxşıdır. Oyunçularıma inanıram. Sabah var gücümüzlə oynayacağıq.

- Sabah hansı taktikanı seçəcəksiz?

- Çalışacağıq hücum edək. İlk növbədə rəqibə imkan verməməliyik. Rəqib bizə müdafiədə və hücumda oynamağa imkan verəcək - onu sabah meydanda görəcəyik. Daha çox kollektiv oyuna üstünlük verəcəyik. Rəqibin hər bir oyunçusu matçın taleyini dəyişəcək gücdədir. Hansısa oyunçuya qarşı fərdi mübarizə olmayacaq.

- Rəqibin güclü olduğunu dediniz. Sabah komanda bir xal qazansa, bunu müsbət nəticə kimi dəyərləndirəcəksiniz?

- Mən bu haqda oyundan sonra deyə bilərəm. Elə oyun olur ki, həmin oyundan sonra komandanın bir xal qazandığına məmnun olursan. Ancaq elə oyunlar da olur ki, 2 xal itirdiyinə təəssüflənirsən.

- "Anderlext"in əsas güclü tərəfi hansıdır?

- Əvvəlcədən dediyim kimi, bu komandanın əsas xüsusiyyəti sürətli oyun nümayiş etdirmələridir. Hücumda 99 nömrəli oyunçuları çox yaxşı oyun nümayiş etdirir. Müdafiə xətləri də çox güclüdür. Elə bir oyunçusu yoxdur ki, deyim ki, bu, zəif oyunçudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm