• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qarabağ”ın tarixi qələbəsinə REAKSİYALAR

  • İdman
  • 2 Oktyabr 2015 13:42
  • 646 Baxış
“Qarabağ”ın tarixi qələbəsinə REAKSİYALAR

Xəbər verdiyimiz kimi, dünən Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib. Təmsilçilərimizdən “Qarabağ” da növbəti sınağına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Belçikanın “Anderlext” klubunu qəbul edib. Bu matçda Ağdam klubu 33 qat Belçika çempionuna qalib gəlib (1:0). Bu qələbə ilə "Qarabağ" turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Publika.az Ağdam təmsilçisinin oyunu ilə bağlı deyilən fikirləri diqqətinizə çatdırır:

"Qarabağ"ın prezidenti Tahir Gözəl

“Möhtəşəm oyun idi. Məncə, "Qarabağ" tarix üzərinə tarix yazır. Xalqımızı təbrik edirəm. Bu qələbə bizi qrupda ikinci yerə çıxardı. Ona görə də bu qələbəyə daha çox sevinirəm. Çox çətin qrupumuz var. Amma biz bu tempdə davam etsək, uğur qazana bilərik. "Qarabağ" əsl Avropa futbolu sərgiləyir. Bu, hiss olunur. Azarkeşlər oyunun əvvəlində elə də çox deyildi. Amma matçın gedişində tribunalar dolmağa başladı. Düzdür, biletlərin qiyməti bu dəfə bir qədər baha idi. Lakin biz hamılıqla bu kluba kömək etməli, komandanı dəstəkləməliyik".

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov

“Azarkeşlərə təşəkkürümü bildirirəm. Hamını qələbə münasibətilə təbrik edirəm. Biz bu gün vacib üç xal qazandıq. Komandamdan gözlədiyim oyunu görə bildim. Amma rəqibimiz çox güclü komanda idi. Futbolçularımızın oyunundan razıyam. "Anderlext" öz oyununu sərgiləməyə çalışırdı. Amma biz onlara mane ola bildik. Nə qədər çətin olsa da, 90 dəqiqə ərzində onlarla sonadək bərabər səviyyədə oynamağa gücümüz çatdı. Matçın sonları komandamız üçün daha çətin keçdi. Rəqiblərimizin hamısı bizdən güclüdür. Amma biz öz istəyimizlə, azarkeşlərimizin dəstəyi sayəsində nəticə qazanırıq. Komanda olaraq daha da inkişaf etməyimiz lazımdır. Öz üzərimizdə çalışmalıyıq. Standart vəziyyətlərlə bağlı problemlərimiz var. Sadəcə, biz futbolçuların fiziki durumunun imkan verdiyi qədər oynamağa çalışırıq".

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev

“Biz öz meydanımızda çıxış etdik. Ona görə də üstünlük bizim tərəfimizdə idi. Amma "Anderlext" bizim üçün asan rəqib deyil. Göstərdik ki, toparlananda oynaya bilirik. Bunun ardını gətirməyə çalışacağıq. Düşünürəm ki, oyunun ilk hissəsində yaxşı oynadıq. Fasilədən sonra isə geri çəkilmək məcburiyyətində idik. Bilirdik ki, rəqib qol vurmaq istəyəcək, biz də riskə getmədik. Ev oyununda ilk qələbəmizi qazanmaq üçün mübarizə apardıq. Çətin oldu. Amma biz bunu bacardıq. Azarkeşlərə bizi tək qoymadıqları üçün təşəkkür edirəm. Bunun ardını gətirməyə çalışacağıq”.

"Anderlext"in baş məşqçisi Besnik Hasi

"Qarabağ" yaxşı oynadı. 45 dəqiqə ərzində 6 qol epizodu yaradıb, onlardan yararlana bilmirsənsə, qələbə qazana bilməzsən. Birinci hissədə bir qədər axsayırdıq. İkinci hissədə sərgilədiyimiz oyunu birinci yarıdan etibarən göstərməliydik. Ustalıq və istedad çatmır. Hakimdən də bir epizodla bağlı narazıyam. Rəqibə qapımıza zərbə vurmağa imkan verməməliydik. "Qarabağ" qapımıza ilk zərbəsindəcə hesabı açdı. İki oyundan sonra cəmi bir xalımız var. Amma hələ heç nə itirilməyib. Rəqibimizə hörmətlə yanaşırıq. "Qarabağ"ın "Tottenhem" və "Neftçi" ilə oyununu izləmişdik. Fikrimcə, bizim də yaxşı komandamız var. Sadəcə, bu gün oyunumuz alınmadı".

“Anderlext”in futbolçusu Olivye Deşaxt

“Etiraf edim ki, “Qarabağ”a uduzduğumuz üçün azarkeşlərimiz çox qəzəblidir.

Onları yaxşı anlayıram. Azarkeşlərimiz bu qədər yol gəlib, bizi izləmək üçün... Fanatların bunun üçün sərf elədiyi xərc və əziyyətin qarşılığında məğlub olmağımız onlara ağır zərbə kimi gəldi. Bu cür azarkeşlərin bizdən küsməməsi üçün yollar aramalıyıq”.

Qeyd edək ki, Türkiyənin məşhur “Lig TV” telekakanalının internet səhifəsi yenə "Qarabağ"ın Avropa Liqasındakı uğurlu çıxışına biganə qalmayıb. Belə ki, "Qarabağ"ın "Anderlext"i 1:0 hesabı ilə məğlub etdiyi oyunu işıqlandıran saytda "Qardaş "Anderlext"i dizə gətirdi" başlıqlı yazı dərc olunub.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR