Klub rəsmisi: “O uşaqları buna görə asıb-kəsmək olmaz”
Bizi izləyin

İdman

Klub rəsmisi: “O uşaqları buna görə asıb-kəsmək olmaz”

“Xəzər Lənkəran” klubunda bəzi problemlərin olduğu ortadadır. İddialara görə əsas problem klubun maliyyəsi ilə bağlıdır. Mətbuatda yayılıb ki, klubun oyunçuları son 5-6 aydır maaş üzünə həsrət qalıb. Bu da futbolçuların oyunlarına mənfi təsir göstərir. Hətta məşqlərinə də. Cənub klubunun “Qəbələ”yə 0:6 hesablı məğlubiyyətinin də altında məhz bu səbəb göstərilir. Klubdakı problemlərlə bağlı suallarımızı “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluna ünvanladıq.

Publika.az-a müsahibə verən klub rəsmisi gecikmənin olduğunu desə də, həqiqəti əks etdirməyən məqamlara toxundu.

- Deyilənlərə görə, 5-6 aydır ki, “Xəzər Lənkəran”da maaş verilmir. Bu nə dərəcədə doğrudur?

- 5-6 ay məsələsi reallığı əks etdirmir. Sadəcə son iki ayda gecikmə var. Bu da ayın ortasına qədər həllini tapacaq.

- Gecikmə səbəbi nə ilə bağlıdır?

- Gecikmə səbəbi şirkətimizə digər şirkətlərin ödəmələrinin yubanması ilə bağlıdır. Amma dediyim kimi, yaxın zamanda bu məsələ də həllini tapacaq.

- İdarə heyətinin də maaşı gecikib demisiniz?

- Aydın məsələdir, gecikmə varsa, bu, idarə heyətinə də aiddir. İdarə heyətinin maaşları təqribən 1 ay gecikir.

- Bəs bu gecikmə futbolçulara təsir edibmi? İstər məşqlərinə, istərsə də digər baxımdan...

- Xeyr. Təsir etməyib.

- Futbolçular bununla bağlı iradlarını bildiriblər?

- Bu gün əksər klublarımızda belə bir problem var. Yəni futbolçular uzun müddət maaş almasa, əlbəttə bu problemdir. Amma bizdə uzunmüddətli problem yoxdur.

- 0:6 hesablı məğlubiyyətdən sonra komanda üzvləri ilə nəsə danşıqlar olubmu? Ya cəza tətbiqi, ya qarşıya qoyulan hansısa şərt...

- Sadəcə gənc futbolçulara bu matçı yaddan çıxarmaq tapşırılıb. Son oyunda klubumuzun akademiyasının 8 futbolçusu start heyətində meydana çıxıb. Bu, kiçik rəqəm deyil. O uşaqları bir məğlubiyyətə görə asıb-kəsmək olmaz. Həmin uşaqlar bundan öncəki turlarda çox gözəl çıxış etmişdilər, yaxşı oyun göstərmişdilər. Bir oyuna görə üzərilərinə çox getmək doğru olmaz. Futbolda belə hallar ən köklü və iddialı klubların da başına gəlir.

- Bəs ümumilikdə futbolçuların hazırlıq durumu nə yerdədir? Klubun zədəli oyunçuları varmı?

- Zədəli iki oyunçumuz var: Orxan Əliyev və Rasim Ramaldanov. Ancaq hər ikisi növbəti tura hazır olacaqlar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm