“İmperator” zəfərə sevinmədi: “Kaş ki...”
Bizi izləyin

İdman

“İmperator” zəfərə sevinmədi: “Kaş ki...”

Xəbər verdiyimiz kimi, AÇ-2016-nın seçmə mərhələsində Türkiyə millisi ən yaxşı qrup 3-cüsü kimi Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazandı. Bu matçdan sonra qardaş ölkə yığmasının baş məşqçisi Fatih Terim jurnalistlərə açıqlama verib.

Publika.az xəbər verir ki, İslandiyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlər 62 yaşlı mütəxəssisi mətbuat konfransında ayaq üstə alqışlayıblar. Terim mətbuat konfransında bir çox məsələlərə toxunub və Ankarada şəhid olanları da unutmayıb: “Şükürlər olsun ki, Allah üzümüzü qara çıxartmadı. Övladlarımı təbrik edirəm.

Bir xalımız olarkən “Biz bitdi demədən bitməz” demək çox çətin idi, amma indi bu, asandır. Mən və futbolçularım təvazökar olacağıq. "Pley-off" püşkatması haqda düşünürdük, artıq Avropa çempionatının püşkü bizi gözləyəcək. Bir neçə saatlıq da olsa, insanların üzünü güldürə bildiksə, bundan daha gözəl nəsə ola bilməz. Heç vaxt iddialarımızdan əl çəkmədik. Komanda azlıqda qalsa belə, mübarizə apardıq. Ümid edirəm ki, Avropa çempionatında uzun müddət qalarıq. Bu ölkənin insanlarının Avropanın göbəyi olan Fransada olması çox gözəldir. Amma kaş ki, tək bir övladımız belə ölməyərdi, biz də Avropa çempionatına getməyərdik. Dünya çempionatına da getməzdik. İnsan canı gedərsə, gəlməz, amma çempionluqlar gələr. Bütün qazandığımız qələbələri terrorda dünyasını dəyişənlərə ithaf edirik”.

Qeyd edək ki, Türkiyə son oyunda İslandiyanı məğlub etməklə seçmə mərhələni yer aldığı A qrupunda 3-cü pillədə başa vurub. Qazaxıstanın da səfərdə Latviyanı məğlub etməsi nəticəsində Fatih Terimin komandası 2016-cı ildə Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Onu da bildirək ki, Türkiyə Futbol Federasiyası AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanan milli komandanın üzvlərini mükafatlandıracaq. “Milliyyet” qəzetinin yaydığı xəbərə görə, federasiya illik 3.5 milyon avro gəliri olan baş məşqçi Fatih Terimə 500 min avro məbləğində mükafat ayırıb. Seçmə mərhələdə ilk gündən oynayan millinin üzvlərinə isə ümumilikdə 10 milyon türk lirəsi (təqribən 3 milyon avro) mükafat veriləcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm