“Zirə”lilərin hünəri çatarmı? - “Köhlən atlar”ı çapmağa
Bizi izləyin

İdman

“Zirə”lilərin hünəri çatarmı? - “Köhlən atlar”ı çapmağa

Azərbaycan Premyer Liqasında yığmanın oyunlarına görə verilən növbəti fasilə də başa çatır. 8-ci turun oyunlarına oktyabrın 16-da start veriləcək. Turun oyunları yenə də 3 gün ərzində keçiriləcək.

Publika.az 8-ci turun afişasını təqdim edir.

"Kəpəz"in nəyə haqqı çatmır?

İlk oyun günündə cəmisi bir qarşılaşma baş tutacaq. Çempionatın aşkar autsayderi “Rəvan” “Kəpəz”i qəbul edəcək. Hələ də qələbə üzünə həsrət qalan “Rəvan”ın durumu olduqca acınacaqlıdır. “Nurgün Motors”un himayə etdiyi komanda həvəskar səviyyədədir. Klub rəhbərliyi durumu düzəltmək, heç olmasa kosmetik dəyişiklik etmək üçün də hansısa addım atmaq niyyətində deyil. “Kəpəz”də isə vəziyyət nisbətən yaxşıdır. Gəncə klubu ötən tur öz meydanında qələbə qazanmaqla, ortabablar sırasında qərarlaşıb. Komandada maliyyə durumu pis olsa da, məşqçi işinin yaxşı olması balansı təmin edir. Ancaq “Kəpəz”in bu tur məğlub olmağa heç bir haqqı yoxdur. “Rəvan” kimi komandaya məğlubiyyət “Kəpəz”in iddialarına, Şahin Diniyevin də nüfuzuna vurulan zərbə olacaq.

Statistika nə deyir?

“Kəpəz” ardıcıl 3 oyundur qalib gələ bilmir. “Rəvan”ın meydanındakı bütün oyunlarda 3 və daha çox qol vurulub. Paytaxt təmsilçisi bu qarşılaşmaların 4-də də qol sevinci yaşayıb.

Rəvan - Kəpəz: 8 oyun, 3 qələbə, 0 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 15:12.

“Zirə” yenə hünər göstərib, alqış qazanacaq?

Turun mərkəzi qarşılaşmaları oktyabrın 17-də keçiriləcək. Avropa Liqasının iştirakçısı, çempion “Qarabağ” “Zirə”ni qəbul edəcək. Şübhəsiz, bu qarşılaşmanı futbol mütəxəssisləri böyük maraqla gözləyirlər. Məsələ burasındadır ki, bu il “Qarabağ”a əlcək atan komandalardan biri də məhz “Zirə”dir. “Köhlən atlar”a əlcək ata biləcək komandaların sayı çox deyil axı. İki, ya da üç. Təbii ki, çempionatın debütantının bu hünəri alqışlanasıdır. “Zirə” hələ də məğlubiyyət acısı dadmayıb. Çempionatda məğlub olmayan digər komanda isə “Qarabağ”dır. Bax, bu oyuna rəng qata biləcək xeyli məqam var. Görək, “Zirə”nin hünəri “Köhlən at”ı da çapmağa çatarmı?

Bu komandalar indiyədək qarşılaşmayıblar.

“Borussiya” ilə oyuna köklən, “Neftçi”ni kökdən sal

Azərbaycanın Avropa Liqasındakı digər təmsilçisi “Qəbələ” isə “Neftçi”nin qonağı olacaq. Hazırda bu komandaların arasındakı fərq çox böyükdür. “Neftçi” nə istədiyini hələ də müəyyənləşdirə bilməyib. Nə idarəetmə, nə də oyun sistemində. Ötən tur “Zirə” “Neftçi”ni bütün oyun komponentlərində məğlub etməklə, komanda daxilindəki ab-havanı daha da gərginləşdirdi. Uzun müddətdir məvacib ala bilməyən futbolçuları belə sarsıdıcı zərbədən sonra qısa zamanda psixoloji gərginlikdən çıxartmaq çox çətindir. Üstəlik, “Neftçi” rəhbərliyi futbolçulardan da betər psixoloji gərginlik altındadırsa... Düzdür, iddia etmək olar ki, “Qəbələ”nin futbolçuları indi “Neftçi” ilə oyun barədə yox, “Borussiya” ilə qarşılaşma haqda düşünürlər. Bu yöndə mübahisə etmək olmaz. Amma “Qəbələ”lilər elə “Borussiya” ilə oyunun ab-havasına köklənməklə də “Neftçi”ni çempionatda kökdən tam sala bilər.

Statistika nə deyir?

Son 6 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlməyib. Son 11 oyundan 9-da hər iki komanda qol vurub.

Neftçi - Qəbələ: 28 oyun, 13 qələbə, 7 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 39:27.

“Sumqayıt”ı heç fələk də düzəldə bilməz

Turun son iki qarşılaşması oktyabrın 18-də keçiriləcək. “Sumqayıt” öz meydanında “İnter”i qəbul edəcək. Baş katibin himayəsində olan komanda hələ də qələbə qazana bilməyib. “İnter” isə ötən tur “Qarabağ”a məğlub olub. “Bankirlər” liderlər qrupundan ayrı düşməmək üçün bu oyunda mütləq qalib gəlməlidirlər. “Sumqayıt” ötən tur Gəncədə məğlub olduqdan sonra komandanın baş məşqçisi Aqil Məmmədov istefaya getdi. İndi onu Samir Abbasov əvəzləyir. Abbasov qısa zamanda komandada həm mənəvi, həm də oyun komponentləri baxımından hansı dəyişikliklər edə bilər? Bu suala cavab vermək çox çətindi. Ancaq bir məsələ aydındır: “Sumqayıt”dakı dəyişiklik bir atımlıq barıt xarakterli olacaq. Bu komandanı bu idarəetmə və heyətlə heç fələk də düzəldə bilməz.

Statistika nə deyir?

Sumqayıtın eyniadlı klubu indiyədək cəmi 1 dəfə qalib gəlsə də, son 3 oyunda uduzmayıb. “İnter” səfərdəki 6 matçdan yalnız birində qol buraxıb.

Sumqayıt – İnter: 12 oyun, 1 qələbə, 3 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 4:18.

Yunis Hüseynovun Lənkəranda qalmasının mənası olacaq?

Günün daha bir qarşılaşması Lənkəranda baş tutacaq. “Xəzər Lənkəran” AZAL-ı qəbul edəcək. “Ağ-yaşıllar” ötən tur “Qəbələ”yə biabırçı hesabla məğlub olmaqla, azarkeşlərinin kürəyinə xəncər saplayıb. Təbii, bu yaranı sağaltmaq çətin olacaq. Ancaq onu heç olmasa sarımaq lazımdı axı. Bunun üçün yaxşı məqam da var. Rəqib AZAL-dır. Çempionatda ilk qələbəsini ötən tur ölüvay “Rəvan” üzərində qazanan AZAL. “Xəzər Lənkəran” “təyyarəçilər”ə də qalib gələ bilməsə, nə Yunis Hüseynovun Lənkəranda, nə də bu komandanın çempionatda qalmasının mənası olacaq.

Statistika nə deyir?

Rəqiblərin son 8 oyununda qonaq komanda qalib gəlməyib. “Xəzər Lənkəran” ardıcıl 9 matçdır meydanı qolsuz tərk etmir.

Xəzər Lənkəran – AZAL: 28 oyun, 14 qələbə, 9 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 36:22.

Premyer Liqa. 8-ci tur

16 oktyabr

20:30 Rəvan – Kəpəz

“Bayıl Arena”

17 oktyabr

15:30 Neftçi – Qəbələ

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

18:00 Qarabağ – Zirə

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18 oktyabr

18:00 Xəzər Lənkəran – AZAL

“Xəzər Lənkəran” mərkəzi stadionu

20:00 Sumqayıt – İnter

“Kapital Bank Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm