Avropa çempionu olan idmançımız: “Qoy sirr olaraq qalsın”
Bizi izləyin

İdman

Avropa çempionu olan idmançımız: “Qoy sirr olaraq qalsın”

Azərbaycan ağır atletləri bir müddət öncə Litvanın Klaypeda şəhərində keçirilən Avropa çempionatından vətənə 3 qızıl və 1 bürünc medalla döndülər.

Həmin yarışdan “Zirvə” BİK-in üzvü Firidun Quliyev, Anastasiya İbrahimli və Dadaş Dadaşbəyli qızıl medal qazanmışdılar. Bununla yanaşı, hər 3 çempionumuz öz yaş qruplarında mütləq qələbəni qeyd edərək Avropanın ən yaxşıları seçiliblər. Azərbaycan yığma komandası bu nəticələrlə Avropa çempionatında 3-cü yeri tutub.

Qeyd edək ki, Firidun Quliyev Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının qərarı ilə dopinqdə “ilişən” idmançılar sırasında idi. Qərara əsasən F.Quliyev də 2 il müddətinə diskvalifikasiyaya məruz qalmışdı.

Biz də cəzasını başa vurmuş idmançıyla söhbətləşmək qərarına gəldik. Publika.az-a müsahibəsində 21 yaşlı idmançı Avropa çempionu kimi vətənə qayıtmaq sevincindən və ağır günlərində yanında olan adamlardan danışdı.

- Bu yaxında vətənə Avropa çempionu kimi qayıtdınız. Bu, dopinq cəzasından sonra neçənci uğurunuz idi?

- Cəzadan sonra ilk qələbəm idi. Bu yarışa sırf çempion olmaq ümidiylə getməmişdim. Ona görə ki, rəqibim - türkiyəli idmançı məndən güclü idi. Amma sağ olsun Hafiz müəllim (Hafiz Süleymanov). O, mənə həvəs verdi. Onun sayəsində təlim-məşq toplanışlarında ciddi çalışaraq qalib oldum. Bu üzdən şəxsi məşqçimə dərin minnətdarlığımı bildirirəm.

- 2 il sonra yenidən idmana başlamaq çətin deyildi?

- Onsuz da idmanı buraxmamışdım, məşqlərə davam edirdim. O ki qaldı çətinliyə, bəli, körpücük üzərinə çıxanda həyəcan var idi. Amma məşqləri tək edirdim, millidən kənarda...

- Cəzalı olduğunuz vaxtlarda ətrafınızda kimlər var idi?

- Ailəm, dostlarım ... Onlar mənə ürək-dirək verirdi.

- Avropa çempionatına hazırlaşmaq üçün nə qədər vaxt sərf etdiniz?

- 7 ay ciddi məşq etdim. Onun bəhrəsi olaraq da bu nəticəni qazandım və çox sevinirəm.

- Cəzalanmamışdan əvvəl də Hafiz Süleymanovla çalışırdınız?

- Bəli, uzun müddət Hafiz müəllimlə çalışmışam. Amma təlim-məşqlər ölkədən kənarda olduğu üçün bəzən alınmırdı. Ancaq 3 aya yaxındır ki, şəxsi məşqçimdir.

- Avropa çempionu olandan sonra Ağır Atletika Federasiyası tərəfindən mükafat verildimi? Sirr deyilsə, mükafatın dəyərini bilmək olar?

- Qoy sirr olaraq qalsın.

- Bizdə olan məlumatlara görə, federasiya idmançılara ayrılan maaşları bir neçə aydır vermir. Sizdə də bu problem varmı?

- Xeyr, hələ belə bir problemim yoxdur.

- Bir az əvvələ qayıdaq... Dopinqə görə cəzalandığınızı eşidəndə nə düşündünüz? Sizə bu barədə birinci kim məlumat verdi?

- Bu xəbəri ilk öncə mən bildim. Sonra da komanda yoldaşlarım xəbər tutdu. Təbii ki, pis oldum. Ancaq nə faydası? Artıq cəzanı vermişdilər.

- Həmin gündən etibarən milli ilə məşqləriniz dayandırıldı?

- Xeyr, bir müddət bir yerdə olduq, birlikdə məşqlərimizi etdik. Sonra hər kəs dağıldı.

- Hazırda milli komandanın durumu nə yerdədir? Cəzası bitən idmançılar toparlana biliblər?

- Hazırda yaxşıdır. Şükür, toparlanıblar.

- Qaşıda hansı hədəfləriniz var?

- Hazırda komanda dünya çempionatına hazırlaşır. Bu yarışda Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacağıq. İnşallah, mən də olimpiya oyunlarına düşərəm.

- Sizcə, milli komanda yoldaşlarınızdan kim olimpiya oyunlarına lisenziya verə biləcək? Kimə ümid var?

- Bu suala cavab verə bilmərəm. Çünki hələ heç kim heç nə bilmir.

- Bu mənada özünüzə güvənirsiniz? Lisenziyanı təmin edəcək idmançılar siyahısında olacaqsız?

- Bu barədə yüz faiz nəsə demək çətindir. Çünki rəqiblərim güclüdür. Ancaq lisenziya qazana bilmək üçün əlimdən gələni edəcəyəm.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm