ADBTİA-nın 85 illik yubileyi qeyd olunur
Bizi izləyin

İdman

ADBTİA-nın 85 illik yubileyi qeyd olunur

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 85 illik yubileyi qeyd olunur.

Publika.az-ın məlumatına görə, bu münasibətlə akademiyanın kollektivi və idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda ümummilli lider, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Daha sonra yubiley tədbiri akademiyada davam etdirilib. Tədbirdə akademiyanın rektoru Ağacan Abıyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, akademiya və nazirliyin digər nümayəndələri iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib. Akademiyanın tarixindən danışan rektor A.Abıyev ümummilli lider Heydər Əliyevin gördüyü işlərdən söz açıb. A.Abıyevin sözlərinə görə, Azərbaycanda idmanın inkişafı daha çox müstəqillik dönəmindən sonra başlayıb. Rektor Azərbaycan idmanın inkişafında göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Gənclər və idman naziri Azad Rəhimov bu günün idman ictimaiyyəti üçün əlamətdar olduğunu deyib. Nazir akademiyanın 85 illiyi münasibəti ilə təbriklərini bildirib:

"Akademiya idmanın inkişafında böyük tövhə verib. İdmançılarımız nüfuzlu yarışlarda uğurlu nəticələr əldə edib və maddi-texniki baza genişləndirilib. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin idman təşkilatçılığına böyük yol açıb. Akademiyanın məzunları arasında olimpiya, dünya və Avropa çempionları da var. Bu çempionluqların qazanılmasında akademiyanın rolu danılmazdır. Azərbaycanda idman yarışlarında gələn fəxri qonaqlar akademiya ilə tanış olub və yaradılan şəraitdən razı qalıb. Azərbaycan idmanın inkişafında əvəzsiz rolu olan akademiyanın professor, müəllim və tələbə heyətinə uğurlar arzu edirəm".

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məhz bu akademiyanın akt zalında komitə rəhbəri seçildiyini xatırladıb: "1997-ci ildə cənab İlham Əliyev məhz akademiyanın akt zalında MOK prezidenti seçildi. Bu isə Azərbaycan idmanına böyük təkan verdi. Bir il sonra Azərbaycan Olimpiya Akademiyası yarandı. Bilirsiniz ki, komitələrin nəzdində Olimpiya akademiyaları var. Avropa, dünya, olimpiya çempionu olmuş insanlar bu akademiyanın qapısından tələbə kimi daxil olur. çünki onlar burada tələbədirlər. Bu da bizim akademiyanın üstünlüyünü göstərir".

Akademiyanın inkişaf yolundan danışan Azərbaycan Həmklarlar ittifaqı Konfederasiyasının nümayəndəsi Cəmilə Səttarova yubiley münasibətilə A.Abıyevə mükafat olaraq kubok təqdim edib.

Daha sonra akademiyanın prorektorları - Qəhrəman Məmmədyarov, Nazim Məcidov, Dilqəm Quliyev, Yusif Babanlı və təhsil ocağının 32 nəfər müəllim heyəti mükafatlındırılıb.

Tədbir akademiyanın Yaradıcılıq Birliyinin konsert proqramı ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm