Topa tuş gələn toyuq, uğursuz cənazə və təəccübə səbəb olan 140 rubl – FOTOLAR
Bizi izləyin

İdman

Topa tuş gələn toyuq, uğursuz cənazə və təəccübə səbəb olan 140 rubl – FOTOLAR

Topa tuş gələn toyuq, uğursuz cənazə və təəccübə səbəb olan 140 rubl – FOTOLAR

"Qəbələ" futbol klubunun rəsmi saytının “Veteranlar” rubrikasının növbəti qonağı keçmiş futbolçu, hazırda “Qəbələ” Futbol Akademiyasının seleksiya qrupunun rəhbəri vəzifəsində çalışan Böyükağa Ağayev olub.

1948-ci ildə yanvarın 15-də Bakıda anadan olan Böyükağa Ağayevin zəngin futbol karyerası daha çox məşqçi fəaliyyəti ilə bağlıdır. Hələ SSRİ dövründə bir sıra komandalarda çalışan mütəxəssis daha çox köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Həmin illərdə ölkənin əsas klubu olan “Neftçi”də də bu funksiyanı yerinə yetirən Ağayev müstəqillik dövründə baş məşqçi kimi də uğurlar əldə edib.

1992-ci ildə Azərbaycan futbolu müstəqilliyə qədəm qoyduqdan sonra da dəfələrlə müxtəlif klublarda köməkçi kimi də çalışan Ağayev ölkənin əsas yığmasında da fəaliyyət göstərib. O, ilk dəfə formalaşdırılan milli komandada Ağasəlim Mircavadova yardım edib. 2002-ci ildə isə yığmanın “sükanı arxasına” keçən Kazbek Tuayevin köməkçilərindən biri olan çalışdırıcı həmkarının istefasından sonra onunla birlikdə millidən ayrılıb.

1993-cü ildə baş məşqçi Sergey Kramarenkonun cəzalanmasından sonra “Neftçi”ni 2 oyuna çıxaran Ağayev ölkə çempionatlarında baş məşqçi kimi debütü reallaşıb. 2008/09 mövsümündə Hans Yurgen Gedenin istefasından sonra da köməkçi-məşqçi olan Ağayev “ağ-qaralar”a rəhbərlik edib. Həmin mövsüm və növbəti çempionatın ilk 3 turunda “Neftçi”ni meydana çıxaran mütəxəssis sonradan səhhəti ilə bağlı postundan uzaqlaşıb.

Ağayevin baş məşqçi kimi uğurları isə “Qarabağ”la bağlıdır. 3 dəfə bu kluba baş məşqçi təyin olunan mütəxəssisin iki cəhdi uğurlu alınıb. 1994/95 mövsümünün ilk dövrəsindən sonra postunu tərk edən çalışdırıcı 1999-cu ildə yenidən Ağdam təmsilçisinə qayıdıb. Bu dəfə də yalnız 1 dövrə iş başında olan Ağayev mövsümün startında avrokuboklarda tarix yazıb. Avrokuboklarda mərhələ adlayan ilk Azərbaycan klubunun başında duran mütəxəssis İntertoto kubokunda İsrail “Makkabi”si (Hayfa) üzərində qələbənin (2:1, 0:1) memarı olub. Məhz bu qələbə ilə Fransa “Monpelye”si kimi səviyyəli klub ötən əsrin 90-cı illərində ölkəmizə gəlib. 2006-cı ildə yenidən Ağdam klubuna başçılıq edən çalışdırıcı 2005/06 mövsümündə Azərbaycan kubokunu qazandırmaqla komandasını avrokuboklara çıxarıb. Lakin ilin sonunda postunu tərk edib.

1995-ci ildə və 1996/97 mövsümündə rəhbərlik etdiyi “Kür-Nur”u Azərbaycan kubokunun finalına daşıyan Ağayev 2000-ci ildə qısa müddətdə “Turan”a da rəhbərlik edib. 2001-04-cü illərdə “Xəzər Universiteti”ni autsayderlər siyahısından iddialılara qədər daşıyan mütəxəssis avrokuboklarda 2-ci dəfə mərhələlər adlamağı bacarıb. Texniki qələbə ilə də olsa komandası İntertoto kubokunda mərhələ keçdikdən sonra “İnter”ə çevrilib.

2012-ci ilin payızında “Qəbələ”nin seleksiyaçısı təyin olunan mütəxəssis bunadək “Simurq”da köməkçi məşqçi olub. Burada da komandanı 1 görüşə baş məşqçi əvəzi kimi çıxarıb. 2010/11 mövsümünün sonunda Qyoko Hacıyevskinin istefasından sonra Ağayev son turda iş başında olub. Bununla da Ağayevin ölkə çempionatının yüksək dəstəsindəki baş məşqçilik etdiyi oyunların ümumi sayı 174-ə çatıb. Təcrübəli məşqçi bu göstəricidə 12-cidir.

Məhəllədən başlayan futbol həyatı

- Bakıda, sadə Sovet ailəsində anadan olmuşam. Həmin dövrdə Böyük Vətən Müharibəsi bir neçə il idi ki bitmişdi. Ölkə dirçəlməkdə idi. Atam partiya işçisi olub, müxtəlif vəzifələrdə çalışıb. Anam isə evdar qadın idi. Ailədə üç uşaq idik. Məndən başqa iki böyük qardaşım var.

- Futbola gəlişiniz necə olub?

- Futbolla lap kiçik yaşlarımdan məşğul olmağa başlamışam. Əvvəl sadəcə küçədə, məktəbdə oynayırdıq. Məhəllə məhəlləyə qarşı oyunlar prinsipial və maraqlı alınırdı. Həmişə məktəbə biraz tez gedirdik, bölüşüb oynayırdıq. Həmişə də bununla bağlı problemlər yaşayırdım. Evdə narazılıq edirdilər ki, gedib oynayırsan ayaqqabıları dağıdırsan. Sonradan bu idman növünə olan həvəsim məni futbola peşə kimi yanaşmağa sövq etdi. 1960-cı ildə Suraxanı rayonunda futbola getməyə başladım - o dövrdə Suraxanı Orconikidze adlanırdı. Adıçəkilən rayonda “Proqress” klubunda futbolun sirlərinə yiyələnirdim. “Proqress” həmin dövrdə SSRİ “Klass B”də çıxış edirdi. Sözügedən klubun məktəbi fəaliyyət göstərirdi və bu məktəb komanda üçün futbolçu hazırlayırdı. Sonradan o vaxtın tanınmış uşaq məşqçisi Şirəli Şirəliyevin qrupuna qoşuldum.

- O illərdə uşaq futbolunun səviyyəsini qənaətbəxş hesab etmək olardı?

- Ümumiyyətlə həmin dövrdə futbola maraq çox böyük idi. Azərbaycanda uşaq futbolunun səviyyəsi də yetərincə yüksək idi. Deyərdim ki, Azərbaycan uşaq futbolu SSRİ-də ilk pillədə dururdu. Bunu aşağı yaş qrupları arasında keçirilən yarışlarda qazanılan uğurlar da sübut edirdi. Məsələn, Azərbaycan 1961-ci ildə bütün SSRİ-ni əhatə edən spartakiadada çempion olmuşdu. SSRİ-nin bütün yaş qrupları üzrə yığmalarında Azərbaycan futbol məktəbinin yetrimələri top qovurdular.

- Söhbətimizin əvvəlində atanızın partiya işçisi olduğunu, müxtəlif vəzifələrdə çalışdığını söylədiniz. Valideynlərinizin sizin futbola gəlişinizə heç bir etirazı olmadı? Yəni adətən belə ailələrdə övladların təhsilinə xüsusi diqqət yetirilir...

- Mən atamı tez itirdim. Atam vəfat edəndə mənim 7 yaşım var idi. Yəni atam mənim futbolla məşğul olmağıma şahidlik edə bilmədi.

- Peşəkar futbolçu karyeranızın startı necə alındı?

- 1966-cı ildə - 18 yaşım olanda peşəkar karyerama start verdim. İlk komandam Bakı “Lokomotiv”i oldu. Bu komanda da “Klass B”də çıxış edirdi. Sözügedən kollektivdə çıxışım normal alındı. 67-ci ildə isə məni “Neftçi”nin əvəzedici komandasına dəvət etdilər. Həmin dövr “Neftçi”nin ən parlaq dövrü idi. Komanda 66-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmışdı. Ön xətdə Banişevski, Markarov, Tuayev kimi futbolçular oynayırdı. Bu, SSRİ çempionatında ən güclü hücum xətti hesab olunurdu. Təbii ki, bu cür məşhur top ustaları ilə gənc futbolçunun rəqabət aparması çox çətin idi. Bu səbəbdən də komandamı dəyişməli oldum. Rusiyaya yollandım və 76-cı ilədək orada qaldım. Rostov vilayətində “Belaya Kalitva” klubunda çıxış etdim. Bu kollektiv iki dəfə SSRİ kubokuna sahib olmuşdu. Sözügedən kubok zəfərlərindən biri mənim çıxış etdiyim dövrə - 71-ci ilə təsadüf etdi. 76-cı ildə isə vətənə döndüm.

Təəccübə səbəb olan 140 rubl

- Futboldan ilk gəlirinizi xatırlayırsınızmı?

- İlk maaşımı “Lokomotiv”dən almışam. Məni komandaya dəvət edəndə hələ orta məktəbdə - 11-ci sinifdə oxuyurdum. Səfərə - Rostova yarışa gedirdik. Səfər öncəsi çağırdılar və 140 rubl maaş verdilər.

- Bu pulu nəyə xərclədiyiniz yadınıza gəlir?

- Anama verdim. Anam inanmırdı kı, nə vaxtsa mənə futbol oynadığıma görə pul verəcəklər. Pulu görəndə çox təəcübləndi. “Bu hardandır” - deyə sual verdi. Mən də dedim futboldan qazanmışam.

- Qardaşlarınızın, deyəsən, futbola elə də marağı olmayıb...

- Böyük qardaşımın marağı yox idi. Amma ortancıl qardaşım həvəskar səviyyədə məşğul olurdu. O, qapıçı idi.

- Söhbətimizə futbolçu karyeranızın sonluğu barədə sualla davam edək. Karyeranızı gənc yaşda bitirməyinizə səbəb nə oldu?

- 1974-cü ildə “Belaya Kalitva”da çıxış etdiyim zaman dizimdən zədə aldım. Həmin dövrdə həkimlər dizlə bağlı zədələrdə uğurlu əməliyyat edə bilmirdilər. Ardıcıl əməliyyatlar keçirmək məcburiyyəti yaranırdı. Dizim məni çox incitdi. Bir oyun oynayırdım, zədəm yenidən ortaya çıxırdı. Bu səbəbdən də karyeramı bitirmək qərarına gəldim. Həm də Volqaqradda Bədən Tərbiyəsi İnstutunda oxuyurdum. Yəni futbol sahəsində işləmək perspektivim var idi.

- Və məşqçi karyeranız başladı...

- Zədədən 2 il sonra Azərbaycana döndüm və 1976-cı ildən uşaq futbolunda çalışmağa başladım. İlk iş yerim hazırda “Vətən” adlanan Gənclər Futbol Məktəbi oldu. İstedadlı futbolçuları axtarıb öz qrupuma cəlb edirdim. O dövrdə demək olar ki, ən güclü qrup mənim qrupum idi. Hər zaman SSRİ yarışlarında yaxşı iştirak edirdik. Həmin dövrdə mənim qrupumdan Arif Əsədov 16 yaşlılardan ibarət komandaların dünya çempionatında iştirak etdi və SSRİ yığma komandasında dünya çempionu tituluna yiyələndi. Ardınca isə məni 15 yaşa qədər futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi postuna təyin etdilər. Azərbaycan yığması ilə SSRİ birinciliyində 4-cü yerə sahib olduq. Bu nəticədən sonra bizim komandadan 5 nəfər SSRİ yığmasına düşdü. Uğurların ardından İdman Nazirliyi məni Moskvaya Ali Məşqçilər Məktəbinə təhsil almağa göndərdi. 2 il orada oxuduqdan sonra Azərbaycana döndüm və Gəncədə “Kəpəz” komandasında işləməyə başladım. 90-cı ildə isə “Neftçi”yə dəvət aldım. 92-ci ildə SSRİ çempionatı dağıldı və Azərbaycanın ilk milli çempionatı keçirildi. “Neftçi” həmin mövsüm qızıl medallara sahib oldu. O zaman mən baş məşqçi Sergey Kramarenkonun köməkçisi postunda çalışırdım.

Topa tuş gələn toyuq, uğursuz cənazə

- Niyə məşqçi fəaliyyətinizə məhz usaq futbolundan başladınız?

- SSRİ dövründə tələb bu formada idi. Karyerasını yeni bitirmiş futbolçuları ilk növbədə aşağı yaş qruplarında işləməli idilər. Uşaqlarla işləyib nəticə verdikdən sonra getdikcə yuxarı yaş qruplarına təyin edirdilər. Yəni aşağıdan yuxarıya doğru pillə-pillə inkişaf etməliydin. Amma indi bu məqama diqqət yetirilmir.

- Müstəqil Azərbaycan futbolu ilk addımlarını atdığı dövrdən futbolumuzun içindəsiniz. Yəqin xeyli maraqlı hadisələrə şahidlik etmisiniz...

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra futbolumuz yeni dövrə qədəm qoydu. İlk vaxtlar çox çətin idi. Ermənistanla müharibə davam edirdi. 1992-ci ildə “Neftçi”də işlədiyim vaxt oyunlara gediş-gəliş mürəkkəb idi. Komendant saatı elan olunmuşdu, şəhərə sərbəst giriş-çıxış qadağan olunmuşdu. Komanda da oyunlardan dönəndə Bakıya girə bilmirdi. O zaman “Neftçi”nin rəisi Çingiz İsmayılov idi. “Neftçi”yə qədər televiziyada aparıcı işlədiyi üçün onu hamı tanıyırdı. Məhz Çingiz müəllimə görə bizi Bakıya buraxırdılar. Həmişə öndə otururdu ki, onu görsünlər. Həmin dövrdə hakimlər üçün işləmək çox çətin idi. Regionlarda əgər yerli komanda məğlub olurdusa, azarkeşlər mütləq hakimi günahlandırırdılar. Həm rəqib komandaya, həm də referiyə hücumlar olurdu. Ümumiyyətlə, səfərdə qələbə qazanmaq çox çətin idi. Həmin dövrdə stadionlara azarkeş axını daha çox idi. Çünki komandalarda əsasən həmin rayonu təmsil edən futbolçular çıxış edirdilər. Futbolçuların yaxınları, dostları, qonşuları stadiona gələndə azarkeş sıxlığı yaranırdı.

- Təbii ki, istənilən şərait də yox idi...

- Sözsüz. İlk çempionatda 24 komanda iştirak edirdi. Həmin dövrdə aşağı üzvlük haqqı tələb olunurdu ki, komandalar çıxış edə bilsin. Meydançaların, soyunub-geyinmə otqlarının vəziyyəti bərbad idi. Bir şey danışım. 94 ya da 95-ci il olardı, dəqiq xatırlamıram. Getmişdik Bərdəyə oyuna. Stadionun ətrafında məcburi köçkünlər yaşayırdılar, həyətlərində toyuq saxlayırdılar. Toyuqların çox hissəsi meydançada olurdu. Onlar birtəhər meydançadan qovub oyuna başlamışdıq. Hücumların birində Yunis Hüseynov qapıya doğru qüvvətli zərbə vurdu. Top da getdi dəydi meydançada gəzinən toyuğa. Toyuq yumbalandı, tükləri çıxdı. Səs-küyü götürdü aləmi. Hamı gülüşdü.

- Futbolla bağlı hər dəfə xatırlayanda güldüyünüz hansısa başqa hadisə var?

- Belə bir hadisə var. Amma mənimlə bağlı deyil. Bunu mənə adını çəkməyəcəyim bir klub prezidenti danışmışdı. Həmin şəxs rəhbərlik etdiyi klubun oyunlarına həmişə öz avtomobilində gedirmiş. Amma bir dəfə fərqlilik olsun deyə, səfər oyununa komandanın avtobusunda yollanır. Avtobus hərəkətə gəldikdən qısa müddət sonra klub prezidenti futbolçuların arasında canlanma, gülüş olduğunu hiss edir. Bu ani dəyişiklik prezidentin diqqətini çəkir və baş məqçidən nə baş verdiyini soruşur. Baş məşqçi də hər şeyin yolunda getdiyini, bugünkü oyunda mütləq qalib gələcəklərini deyir. Klub prezidenti məşqçidən niyə belə düşündüyünü soruşanda aldığı cavab qarşısında təəcüblənməyə bilmir: “Avtobusumuzun qarşısına cənazə aparan insanlar çıxdı, belə olanda həmin gün mütləq uduruq”. Nə isə, vaxt keçir, oyun bitir və komanda 0:4 hesabı ilə məğlub olur. Klub prezidenti matçdan sonra gəlir oturur avtobusda əvvəlki yerində və gülümsəyərək əsəbi halda avtobusa doluşan futbolçuları və məşqçiləri seyr edir. Baş məşqçi gəlib yerinə oturanda klub prezidentinin sevincini görür və onun niyə belə şadyanalıq etdiyini soruşur. Prezidentin cavabı isə qısa olur: “Niyə sevinməyim ki? Məni böyük dərddən qurtardınız. Bu oyunu udsaydınız, mən hər dəfə sizinçün cənazəni hardan tapacaqdım?”

Davamçı ümidi

- Gələk bu günümüzə. Ailədə yolunuzu davam etdirən varmı?

- Oğlum hazırda ROİL-də məşqçi işləyir. O da uşaq futbolu ilə məşğul olur. Futbolçu karyerası o qədər də yaxşı alınmadı, amma məşqçi kimi pis deyil.

- Bəs nəvələriniz?

- İki oğlan nəvəm var. Böyüyünün futbola həvəsi yoxdu. Amma kiçiyi topsuz dayana bilmir.

- Onun ailənizin futbol ənənəsini davam etdirməsini istərdinizmi?

- Əlbəttə. Çox istərdim ki, davamçımız olsun. Futbol maraqlı sahədir. Onu sevsən, dəyər versən, o sənə borclu qalmaz. Verdiyini artıqlaması ilə sənə qaytarar. Gözləyək görək necə olacaq. İnanıram ki, nəvəm istəklərimizin qarşılığını verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm