Fransa mətbuatı yenə ondan yazdı - Hafiz Məmmədov, “tayqol quldur” və duzlu xiyar...
Bizi izləyin

İdman

Fransa mətbuatı yenə ondan yazdı - Hafiz Məmmədov, “tayqol quldur” və duzlu xiyar...

Fransa mətbuatı yenə ondan yazdı - Hafiz Məmmədov, “tayqol quldur” və duzlu xiyar...

Azərbaycanlı oliqarx yenidən Fransa mediasının baş qəhrəmanıdır; onun qumarbazlığından, səxavətindən və mənbəyi məlum olmayan milyardlarından yazırlar...

Fransanın II liqada oynayan “Lans” klubunu alandan sonra bu ölkədə az qala Napoleon Bonapart qədər məşhurlaşan azərbaycanlı milyarder-oliqarx, “Bakı” futbol klubunun və “Baghlan Group” şirkətlər qrupunun sahibi Hafiz Məmmədov yenidən fransız jurnalistlərinin “sevimlisinə” çevrilib.

Buna səbəb Hafiz Məmmədovun “Lans”ın oyununa baxmaq üçün Fransaya ikinci səfəridir. Hərçənd ki, Azərbaycanın yerli idman nəşrləri və agentlikləri səxavətli milyarderin barəsində Fransa KİV-lərindən ancaq tərif epizodlarını seçib yayıblar.

“Hafka” ləqəbli H.Məmmədovun “Lans” klubu ilə rusiyalı milyarder Dmitri Rıbolovlevin I liqdada oynayan “Monako” klubu arasında martın 25-də kubok yarışları çərçivəsində qarşılaşma olub. Həmin oyunu stadionda izləyən H.Məmmədov “Lans”ın internet saytına açıqlamasında deyib ki, klubun oyunu 0:6 hesabı ilə uduzmasına baxmayaraq o, məmnun qalıb.

“İlk növbədə mənim diqqətimi “Lans”ın azarkeşləri, onların tribunada özlərini aparması cəlb etdi. Hətta hesab 0:5 olanda onlar bu hesaba baxmayaraq öz komandalarını dəstəkləyir, mahnı oxuyurdular. 0:6 hesabı ilə məğlubiyyətə baxmayaraq mən bu cür futbol atmosferi görməkdən məmnun oldum” - deyə H.Məmmədov bildirib.

Lakin çoxsaylı Fransa idman nəşrləri Hafiz Məmmədovun bu ölkəyə səfəri şərəfinə heç də “Lans”ın azarkeşləri kimi mahnı oxumurlar.Bu səfər fransalı jurnalistlərə H.Məmmədovun şübhəli imici və milyardlarının mənşəyi barədə yazmaq üçün növbəti bəhanə olub. Üstəlik Fransa idman saytlarından biri yazıb ki, “Lans”-“Monako” oyununa baxmaq üçün azarkeşlər heç də bilet almağa əziyyət çəkməyiblər. H.Məmmədovun əlini cibinə salmasının sayəsində “Lans”ın prezidenti Jerve Martel təqribən 1200-1300 nəfərin azarkeş adı altında stadiona daşınmasını təşkil edib.

* * *

Eurosport.fr saytı isə H.Məmmədov barədə geniş yazıb. Həmin yazının tərcüməsini təqdim edirik:

* * *

O, “Lans”ı kazinoda xilas etdi

Jerve Martel “Lans”a yeni xilaskar tapmaq üçün 4 min kilometr yol qət edərək Azərbaycana getməyib. Ən azından sözün hərfi mənasında.

Biz bir az da olsa bilirik ki, Jerve Martel H.Məmmədovla... Kanndakı kazinoda rastlaşıb! Dəbdəbəli yaxtaların kirayəyə verilməsini təşkil edən biznesmen onları 2012-ci ilin yayında tanış edib.

“Lans”a alıcı axtaran Martel həmin vaxt Kannda istirahət edirdi və bəxtini yoxlamağı qərara almışdı. Bu iki kişi oyun avtomatlarının (söhbət “tayqol quldur” kimi tanınan kazino aparatlarından gedir-virtualaz.org) arxasında görüşdülər. Və prezidentin sözlərinə görə, dəlisov milyarderin futbola olan marağı onu “ildırım sürəti” ilə cəlb etdi.

Martel deyir ki, onlar gecədən xeyli keçmişə qədər söhbət etdilər. Səhər isə Məmmədov “Lans”ı almaq layihəsini açıqladı. Bir il sonra o, rəsmən klubun sahibi oldu və “Lans”ı xilas etmək 20 milyon avro ayırdı.

Onun sərvətinin mənşəyi sirr olaraq qalır

Hafiz Məmmədov Azərbaycanda vacib adamdır. Rusiyalı oliqarx, “Çelsi”nin sahibi Roman Abramoviç və “Monako”nun sahibi Dmitri Rıbolovlev kimi azərbaycanlı oliqarx da bütün sərvətini neft, qaz və nəqliyyat biznesindən əldə edib.

“Baglhan Group”un təsisçisi olan 48 yaşlı biznesmen 41 şirkətdən ibarət konqlomeratın başında dayanır. Ancaq öz sərvətinin məbləği haqda danışmağı xoşlamır. Sərvəti haradasa bir neçə milyard avroya çatmalıdır.

Onun pul kisəsində “Atletiko” və “Portu” da var

Çoxsaylı fəaliyyət növlərindən əlavə Məmmədov həm də əsl futbol azarkeşidir. “Lans” isə onun iştirakının mövcud olduğu yeganə klub deyil.

Məmmədovun futbola sevgisi ilk dəfə 2004-cü ildə - “Bakı” futbol klubunu alanda büruzə verib. Həmçinin milli futbol federasiyasının üzvü olan milyarder sürətlə Avropada meydana çıxdı. Onun pul kisəsində Madrid “Atletiko”su və “Portu” klubları da var. Amma təkcə “Lans”ın sahibidir. Qalan iki klubda H.Məmmədovun iştirakı reklam əməkdaşlığı formasındadır. Hansı ki, onun ölkəsinin reklamı “Land of fire Azerbaijan” Dieqo Kostanın köynəyinin yaxasındadır. Növbəti mövsümdən isə Cekson Martinesin köynəyinin yaxasında olacaq. Və bu şüar tezliklə İngiltərədə də görünə bilər.

O, verdiyi hədiyyələrdən imtina olunmasını xoşlamır

Hafiz Məmmədovun böyük sərvəti və hamının onu tanımasına böyük sevgisi var. Fransız şərablarının və elit qol saatlarının (fransalı jurnalistlərə də təklif etmişdi) həvəskarı olan Məmmədovun 7 mobil telefonu, 18 mühafizəçisi var, 5 zirehli “Mercedes”də gəzir.

Hələ bu da hamısı deyil. O, öz sərvətini nümayiş etdirmək üçün heç bir fürsəti əldən buraxmır. Tez-tez hədiyyələr paylayır.

“O, qol saatları təklif edir, ancaq başqa hədiyyələr verdiyi də olur, məsələn, gül və ya duzlu xiyar da təklif edir” - deyə Jerve Martel məmnuniyyətlə vurğulayır.

“Bakı” futbol klubunda oynamış ilk fransalı futbolçi Stefan Barbikoni isə sürrealist səhnə haqda danışır: “Qəbulların birində klubun braziliyalı oyunçusu arvadı və yeni doğulmuş oğlu ilə gəlmişdi. Klub prezidenti Hafiz Məmmədov onu təbrik etdi və hədiyyə kimi... içi ağzınadək pul “paçka”ları ilə doldurulmuş uşaq arabası verdi”.

S.Barbikoni danışır ki, futbolçular bundan utandılar: “Ancaq Azərbaycanda verilən hədiyyədən imtina çox səhv hərəkət kimi qarşılana bilər”.

O, Papendənsə “Futball Manager”ə üstünlük verir

“Bakı” klubunun rəhbəri olanda Hafiz Məmmədov artıq pəncələrini yerə qoydu. O, 21 yaşlı Vüqar Hüseynzadəni 2012-ci ilin noyabrında kluba menecer təyin etdi. Ancaq yaşından başqa onun məzmunu heyrətə salır. Boston Universitetinin idman menecmenti fakültəsinin məzunu olan Hüseynzadə ona görə seçilmişdi ki..., o, “Football Manager” kompüter oyunu üzrə mütəxəssis idi.

Biz bu məşhur videooyunun məlumatlar bazasını alan “Everton” klubu və Peyçinoviçi cəlb edən “Nitsa” klubu haqda eşitmişdik. Ancaq ilk dəfə idi ki, klub videooyun həvəskarları arasından rəhbər vəzifəyə adam seçirdi. Və xüsusən də təəccüblüdür ki, o vaxt Jan-Pyer Papen kimi tanınmış futbol meneceri də “Bakı”da işləmək üçün ərizə yazmışdı.

“Mən göyərçin deyiləm” deyir

Fransanın nüfuzlu idman nəşri “L equipe” jurnalı da Məmmədovu diqqətdən kənarda qoymayıb. Jurnal azərbaycanlı oliqarxın “Lans” klubu ilə bağlı planlarından yazır.

“Lans”ın idman direktoru Coselin Blanşar Hafiz Məmmədovun necə investor olması barədə danışıb.

Yazıda bildirilir ki, mövsümün sonuna az qalmış “Lans” klubu I liqaya çıxmaq üçün turnir cədvəlində əlverişli mövqedədir.

Bəs klub I liqaya çıxsa, H.Məmmədovdan daha çox pul istəmək olarmı?

Coselin Blanşar: “Məmmədov? Əvvəlcədən o, bizim nəyə qadir olduğumuzu hesablayıb ona müvafiq pul verdi. İndi biz komandanı I liqaya çıxarmaq üçün işləyirik. Onun üçün pul problem deyil. Məmmədov masanın üstünə 100 milyon avro da qoya bilər. Lakin ondan daha çox pul istəmək pis ideya olardı. O, daha da qızışa bilər, lakin söhbət biznesinin idarə olunmasında aydın təsəvvürlərə və məsuliyyətə malik adamdan gedir. Görəndə ki onun imkanı var, biz deyə bilmərik ki, “mən 50 milyon avro istəyirəm”.

I liqada oynayanda biz 140 milyon avroluq büdcə ilə mövsümü cədvəlin 14-cü pilləsində başa vurduq. Ona görə də o, deyər:”Hesab edirsən ki, mən axmağam?”.

Onun maraqlı ifadəsi var, deyir: “Mən göyərçin deyiləm”. Biz onunla işləyən birinci adam deyilik. Əgər vicdanlı olmasaydıq, o, bizi minlərlə kilo metr uzaqdan seçərdi”. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm