Almanlara güvənmək yox, almanlar kimi işləmək lazımdı-AFFA üçün dərs
Bizi izləyin

İdman

Almanlara güvənmək yox, almanlar kimi işləmək lazımdı-AFFA üçün dərs

AFFA rəhbərliyi üçün - İndi çevrilib Azərbaycanda almanların gördüyü işə baxın!

AFFA Azərbaycanda futbolun inkişafına nail olmaq üçün alman modelinə üstünlük verdi. 2008-ci ildən Azərbaycana dəvət edilən almanlar zarafat-zarafat, 6 ildi futbolumuzu yönəldirlər.

Bu müddətdə ciddi nəyəsə nail olduğumuzu söyləməkdə çətinlik çəkirik. Amma oxuculara təqdim etmək üçün daha maraqlı mövzu var. Elə həmin almanlarla bağlı. Özü də öyrənməli mövzu. AFFA rəsmilərinin oxuması daha vacib olan mövzu.

Almaniya dünya futbolunda həmişə xüsusi çəkiyə malik olub. Hegemonluq etdiyi dövrlər də olub, fiaskoya uğradığı dövrlər də. Amma futbol bu ölkədə heç vaxt dəbdən düşməyib. Nəsildəyişmə prosesi isə sürətlə cərəyan edib. Bu gün bütün dünya Almaniyada yetişən gənc istedadlardan danışır. Onların qarşıdakı illərdə dünya futbolunda hegemonluq edəcəyi proqnozlaşdırılır. Çox güman ki, İspaniyadan estafeti məhz almanlar alacaq. Bəs bu inkişafa necə nail olunub? Əvvəlcə bir az keçmişə boylanaq: 2000-ci ilin iyununda hücum xəttində braziliyalı Rink və müdafiədə 40 yaşlı Matteusun ümidinə qalan bundestim, Avropa çempionatında qrup sonuncusu oldu. İyulda isə DÇ-2006-ya ev sahibliyi etmək hüququ qazandı. Həmin mundialda Almaniya millisinin heyətinin orta yaş həddi 30 idi. Komandada yeganə gənc sayıla biləcək futbolçu Sebastyan Daysler idi ki, onun da aqibəti hamımıza məlumdu. Almanlar o qədər çarəsiz qalmışdı ki, tarixi ənənələrə zidd gedərək qaradərili Asamoanı milliləşdirmişdi. Təbii ki, bu durum çox davam edə bilməzdi. Almaniya Futbol İttifaqı əməli işə başladı və onların ilk işi «Talentförderung» adlı istedadlı futbolçuların inkişaf proqramını hazırlamaq oldu. Bu proqramın həyata keçirilməsi üçün cəlb olunan sponsorların maddi dəstəyi sayəsində AFİ ölkədə 11-14 yaşlı uşaqlar üçün 366 (!) məşq bazası inşa etdi, hər il 15 min (!) yeniyetməni izləmək üçün 1000 (!) seleksiyaçı görəvləndirdi və Bundesliqa klublarını, daxilində minimum 3 məşq meydanı olmaq şərtilə futbol akademiyası açmağa məcbur etdi. Nəticə özünü çox gözlətmədi. 2008-ci ildə almanlar gənclər arasında Avropa çempionu oldu. 2009-cu ildə gənclərin uğuruna yeniyetmələr də qoşuldu. DÇ-2010-da Almaniya millisinin baş məşqçisi Yoahim Löv CAR-a yaşı 23-ə qədər olan 9 futbolçu aparmışdı. Heç bilirsiz bütün bunlara nə qədər pul xərclənib? Hər il cəmisi 10-12 milyon avro... Az deyil? Gəlin, Azərbaycanda futbola sərf olunan vəsaitlə təxmini müqayisə aparaq. AFFA-nın 2011 və 2012-ci illərdəki hesabatına ümumi nəzər salaq:

2011

Xərc - 19 349 596 manat

Gəlir - 20 167 646 manat

2012

Xərc - 18 650 820 (proqnoz - 17 152 000) manat

Gəlir - 18 711 673 (proqnoz - 17 152 000) manat

2013 (proqnoz)

Xərc - 17 320 000 manat

Gəlir - 17 320 000 manat

Nə fikirləşirsiz? Yaxşı, müqayisəni bir az da dəqiqləşdirək. Məsələn, 2012-ci ildə AFFA-nın xərclədiyi 18 650 820 manatı avroya çevirəndə hardasa 16 236 200 alınır. Almanların xərclədiyindən təxminən 4 milyon avro çox. Bəs bizdə nəticə necədi? Neçə futbolçu yetişdirmişik. Gənclər yığmamız hansı uğura imza atıb? Boş yerə özümüzü yormayaq. Ortaya çıxarılası tutarlı bir şey yoxdu. Odu ki, söhbətimizi elə almanlarla davam etidrsək yaxşıdı.

2013-cü ildə almanların inkişaf proqramının necə mükəmməl həyata keçirildiyini bir daha gördük. Bundesliqa klublarının qitənin ən nüfuzlu klub turnirinin finalında oynaması buna bariz nümunədi. Məsut Özil, Lüis Holtbi, Tomas Müller, Marko Roys, Mario Getse, Yulian Draksler Bundestimin növbəti 10 ildəki simasını təşkil edən istedadlardı. Hələ zamanını gözləyən nə qədər yeniyetmələr var. Almaniyanı yenidən iki dövlətə ayırsaq, hər iki milliyə çatacaq qədər xeyli yüksək səviyyəli futbolçular var burda. Gəlin mövqe üzrə baxaq:

Qapıçılar: Noyer, Leno, ter Şteqen, Vaydenfeller və s.;

Sağ cinah müdafiəçiləri: Lam, Yunq, Qrosskroyts, Treş;

Mərkəz müdafiəçiləri: Boatenq, Hummels, Mertezaker, Hövedes, Yançke, Vestermann, Vollşayd, Qinter, Knoxe;

Sol cinah müdafiəçiləri: Şmeltser, Yansen, Aoqo, Badştuber;

Dayaq yarımmüdafiəçiləri: Şvaynştayger, S.Bender, Raynarts, L.Bender;

Mərkəz yarımmüdafiəçiləri: Kroos, Gündoğan, Kxedira, Noyştedter;

Sağ vinqerlər: T.Müller, Folland, Sem, Herrmann;

Hücumameylli yarımmüdafiəçilər: Özil, Getse, N.Müller, Holtbi;

Sol vinqerlər: Draksler, Roys, Şürrle, Podolski;

Hücumçular: Kloze, Kruze, Qomes, Kisslinq.

«Balaca ulduzlar»

İndi isə gəlin çoxlarının tanımadığı, amma Almaniyanın gələcəyi hesab olunan istedadları tanıyaq.

Timo Verner (17 yaş). Məhz cari mövsümdə gənclərin kürü dənizə axan kimi Bundesliqaya axın etməsi diqqət çəkdi. Onların sayı çoxdu və çoxunun da debütü uğurlu alındı. Yeniyetmələrdən ibarət bundestimin hücumçusu Timo Verner gimnaziyada təhsil alır, həmçinin Tomas Şnayderin «Ştutqart»a baş məşqçi təyin olunmasından sonra bu klubda hucumun solunda oynayır. Pis alınmır: ilk oyunundaca məhsuldar ötürmə edən 17 yaşlı bu cavan oğlan bir neçə həftə sonra qol hesabını da açdı. Noyabrda «Frayburq»la oyunda isə Bundesliqada ilk dublunu rəsmiləşdirdi. Təsəvvür edirsiz, Vernerin cəmisi 17 yaşı var.

Maks Meyer (18). «Şalke»nin yüksək texnikaya malik olan istedadlı futbolçusu Maks Meyer ötən ilin avqustunda 5-10 dəqiqə meydanda oldu. Sentyabrda 18 yaşını tamamlayan hücumameylli yarımmüdafiəçi «Darmştadt»la kubok matçında ilk qolunu vuran Meyer Bundesliqada «Hoffenhaym»la matçda ilk dəfə start heyətində yer aldı. O, zədələnən Draksleri əvəzləmişdi. Artıq 3-cü dəqiqədə 18 yaşlı yeniyetmənin səyi nəticəsində Boatenq fərqləndi. Oktyabrda Maks ardıcıl 3 çempionat oyununda qol vurdu. Sürətli inkişaf tezliklə bəhrəsini verdi. Noyabrda «Çelsi» onunla maraqlanmağa başladı. Bunu görən «Şalke» rəhbərliyi dərhal gənc istedadla yeni müqavilə imzaladı.

Mattias Qinter (19). Bundesliqanın ilk dövrəsində cəmi 4 futbolçu bütün oyunlarda 90 dəqiqə forma geyib. Bunlar «Auqsburq»un təcrübəliləri Kallsen-Braker və Bayer, Münhenqladbax «Borussiya»sından 23 yaşlı Toni Yançke və ən əsası «Frayburq»un 19 yaşlı müdafiəçisi Mattias Qinterdi. İniş il Almaniyanın ən yaxşı gənc futbolçusu seçilən Matts ötən mövsüm Bundesliqanın kəşflərindən biri olmuşdu. Liderlərin gedişindən sonra isə «Frayburq»da aparıcı futbolçuya çevrilib. Dayaq yarımmüdafiəsi mövqeyinə keçəndən sonra o, daha effektli oynamağa başlayıb. Avroliqada «Slovan»la qrup oyununda ilk qolu məhz Qinter vurmuşdu.

Maks Arnold (19). Payız «Volfsburq» üçün kiçik faciəylə başladı. komandanın aparıcı futbolçusu Vieyrinya xaçvari bağlarını qıraraq bu ilin martına kimi sıradan çıxdı. Onun yoxluğunda «canavarlar» «Bavariya»ya, hətta Braunşveyq «Ayntraxt»ına da uduzdu. Koreyalı Qu Çja Çxol Vieyrinyanı layiqincə əvəz edə bilmədi. Bunu görən baş məşqçi Diter Hekinq 19 yaşlı drezdenli gənc Maks Arnoldu «bağışlamaq» qərarına gəldi.

Ötən ilin aprelində Arnold sol cinahda Perişiçi əla əvəzləmiş və ardıcıl 3 oyunda qol vurmuşdu. Amma cari mövsümün ilk turunda rəqibə qarşı kobud oynamaqla komandasını azlıqda qoymuş, həmin oyunu «Volfsburq» uduzmuşdu. Qəzəblənən Hekin qonu əvəzedici heyətə göndərmişdi. Orda 2 ay sərgilədiyi oyunla əfvi haqq edən Maks 9-cu turda «Auqsburq»la oyunda ilk dəqiqələrdən meydana çıxaraq «Volfsburq»un 9 oyunluq məğlubiyyətsizlik seriyasının startına töhfə verdi. Arnold yenə ardıcıl 3 oyunda meydanı qolla tərk etdi. Xüsusilə də, noyabrda, Dieqonun olmadığı vaxtlarda onun komandaya köməyi diqqət çəkdi. İlk dövrədə 5 qol vuran istedadlı futbolçu bu göstəricidə komanda daxilində yalnız Oliçdən geri qalır. O, adətən uzaqdan gözəl zərbələrlə fərqlənir.

Əmrə Can (19). Elə düşünməyin ki, Almaniyada təkcə hücumameylli yarımmüdafiəçilər yetişir. 19 yaşlı Əmrə Can dayaq yarımmüdafiəçisidi. 4 il «Bavariya»nın futbol akademiyasında təhsil alıb, yayda Leverkuzenə təcrübə toplamağa yollandı. Burada əvvəl-əvvəl başı müalicəyə qarışsa da, sonradan az-az meydanda görünməyə başladı. Lars Benderin zədələnməsindən sonra isə o, əsas heyətdə yerini möhkəmləndirdi. Hətta Benderin sağalmasından sonra da o, yerini itirməyib. Belə ki, Beniş zədələnəndən sonra Can bu dəfə onun yoxluğu hiss etdirməmək üçün müdafiəyə keçməli oldu. Burada da işinin öhdəsindən layiqincə gəldi. Bir sözlə, Can canlara dəyən futbolçu ola bilər.

Və digər işartılar

Yeri gəlmişkən, əvvəllər Almaniya yığmasında müdafiənin sol cinahı ən yaralı yer sayılırdı. O vaxtlar Lam sağda oynayırdı. Amma Şmeltserin üzə çıxmasından sonra bu problem aradan qalxdı. Hətta onun Dortmund «Borussiya»sındakı əvəzləyicisi Erik Durm da pis təsir bağışlamır. Şmeltser zədəli olduğu vaxt meydana çıxan Durm 4 məhsuldar ötürməylə yadda qalıb. Ondan başqa, «Herta»da top qovan çevik və texnikalı Niko Şultsu da qeyd etmək olar.

«Maynts» yarımmüdafiənin mərkəzini 20 yaşlı Yohannes Qaysla «yenilədi». O, rəqib hücumlarının qarşısını kəsmək və diaqonal ötürmələr verməklə seçilir. Onun belə ötürmələriylə «karnavalçılar» 3 qol vurub. Almaniya yeniyetmələr yığmasının lideri Leonardo Bittenkur da nəhayət ki, Bundesliqada özünü göstərə bildi. Dortmundda özünə yer tapmasa da, «Hannover»də dekabrda oynanılan demək olar, hər oyunda fərqləndi. «Hoffenhaym»ın müdafiə xəttində mütəmadi meydana çıxan 18 yaşlı Niklas Zyule artıq 2 qol da vurmağa müvəffəq olub. Eləcə də «Hamburq»un 17 yaşlı vunderkindi Conatan Tanı da qeyd edə bilərik. «Ştutqart»da Serdar Taşçını 20 yaşlı «nəhəng» Antonio Ryudiqer uğurla əvəzləyir.

«Hamburq»da «çiçəklənən» daha bir istedad 19 yaşlı Hakan Çalxanoğludu. Onu artıq indidən mövsümün kəşfi hesab etmək olar. Əslən türk olan Hakan artıq Türkiyənin əsas millisində də oynamağa imkan tapıb. Manheymdə doğulan Çalxanoğlu cari mövsümdə Bundesliqada 5 dəfə fərqlənib. Onun ən özəl xüsusiyyəti isə incə və dəqiq ötürmələr verməsidi.

Bütün bu sadaladığımız futbolçular sadəcə Bundesliqada oynayanlar yox, parlaq oyun sərgiləyənlərdi. Hələ Almaniyada öz vaxtını gözləyən neçə-neçə gənc istedadlar da var. Yuxarıda adlarını çəkdiyimiz futbolçuları saydınızmı? Bir dövrə ərzində 13 gənc ulduz yetişib Bundesliqada. Ən maraqlısı odu ki, Almaniyada legionerlərə heç bir limit tətbiq olunmayıb. İndi çevrilib Azərbaycanda AFFA-nın və qurumun dəvət etdiyi almanların gördüyü işə baxın!

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm