• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Boz kardinal"ın mələk siması arxasında qalan zalım təcəssümü – FOTOLAR

  • İdman
  • 2 Aprel 2014 11:39
  • 955 Baxış
"Boz kardinal"ın  mələk siması arxasında qalan zalım təcəssümü – FOTOLAR

Futbol komanda oyunudu. Nə qədər istedadlı olursan ol, “tək əldən səs çıxmaz” məsəli məhz bu idman növündə özünü aşkarcasına göstərir. Heç bir dahi futbolçu komanda yoldaşlarının köməyi olmadan rəqib üzərində qələbəni təmin edə bilməz.

Bu, aksiomdu. Ancaq... Futbol tarixi böyük nüfuza malik, klubların və yığmaların siyasətinə təsir edəcək qədər nüfuzlu oyunçuların varlığına şahidlik edib. Publika.az keçmişi bir kənara qoyub, müasir dövrdəki «boz kardinallar»ın kimliyinə aydınlıq gətirdi.

Con Terri

«Qulaq asın, bu adam kluba xeyli pul yatırıb və paltardəyişmə otağında baş verənlərdən xəbərdar olmağa - komanda nədən razıdı, nədən narazı - haqqı çatır. Mən şadam ki, o, mənim fikrimi dinləməyə hazırdı. Deməyə isə mənim həmişə sözüm var». 2009-cu ildə Con Terri Roman Abramoviç haqda belə danışırdı. Bundan iki il əvvəl rus iş adamı “Çelsi”nin kapitanına öz yaxtasını vermişdi ki, futbolçu öz bal ayını orda keçirsin. 2012-ci ildə isə Terri klub prezidentinə məktub yazmış və orda Andre Villaş-Boaşın məşqçilik metodlarının London klubuna niyə uyğun gəlmədiyi haqda fikirlərini ətraflı izah etmişdi. Bir qədər sonra portuqaliyalı məşqçi postundan göndərildi.

Terrini İngiltərədə “Çelsi” azarkeşlərindən başqa heç kimin sevmədiyini desək, yalan olmaz. Bu, həmçinin ona görədi ki, mənfi ictimai imicinə (Ueyn Bric, Anton Ferdinand, İngiltərə yığması məsələlərinə görə) rəğmən, ingilis futbolunun ən varlı adamına və xeyli oyunçuya təsiretmə qüvvəsini qoruya bilir. Bəzi ingilis jurnalistlər əmindilər ki, Kapello İngiltərə yığmasını yerli futbol məmurları ilə sözü çəp gəldiyinə görə yox, məhz kapitan Terrinin ona komandadakı avtoritar ruhu qorumaqda və Erikssonun liberallığı və Maklarenin cəsarətsizliyinə öyrəşmiş ulduzları nəzarətdə saxlamağa kömək etməsinə görə tərk edib.

Bir şeyi də əlavə edək ki, Terri Mourinyonun dönüşü haqda danışan ilk oyunçu idi. İndi Con demək olar ki, əvəz edilmədən oynayır.

Rio Ferdinand

Karlos Tevez Mançesterdə normal restoranların olmadığı haqda fikir bildirəndə hamı anladı ki, əslində o, sadəcə, Rio Ferdinandla ümumi dil tapa bilməyib. “Mançester Yunayted”in müdafiəçisi “Rosso Manchester” adlı restoranın sahibidi. Bu məkan ingilis futbol dünyasının güc nöqtələrindən biridi. Çünki burda yalnız yemək yeyilmir, həm də işlər görülür. Bu restoranda Rio MY ilə müqavilələri imzalayıb. Robin Van Persi Mançesterə gələn kimi ilk getdiyi yer məhz bura idi. «Deyli Teleqraf»dan olan Herri Uinter İngiltərənin ən nüfuzlu idman jurnalisti imicini məhz burda qazanıb. Çünki o, Ferdinandla, dolayısı ilə də yığma və top-klubların oyunçuları ilə dost idi.

Rionun klub, yığma və ölkədə nüfuzunun artmasına səbəb müxtəlif insanlarla dil tapmaq bacarığıdı. O, futbolçular və prodüserlərlə (mahnı yazdırıb, kinoya çəkilib), siyasətçilərlə (baş nazir Qordon Braundan müsahibə götürüb), qanunla (onun restoranında 29 torba marixuana tapmışdılar, ancaq heç bir problem olmadı) ortaq məxrəcə gələ bilib. 2003-cü ildə Ferdinand dopinq-testə gəlməyib federasiyadan 9 aylıq cəza alanda, bununla da AÇ-2004-dən yan keçəndə Qari Nevill başda olmaqla futbolçular onun müdafiəsinə qalxdılar. O vaxtdan federasiya elə ancaq Rio ilə dostlaşmağa çalışıb, müxtəlif xeyriyyə və sosial proqramların siması təyin edib, bir il əvvəl isə ona İngiltərə futbol infrastrukturunun yaxşılaşdırılması üzrə komissiyada vəzifə belə təklif edib. Con Terri karyerasını bitirəndən sonra “Çelsi”də özünə rahatlıqla iş tapacaqsa, Rio futbola ölkə səviyyəsində rəhbərlik edəcək.

İker Kasilyas

“Real”ın kapitanı ilə anlaşa bilməməsi Joze Mourinyonun istefa səbəblərindən biri idi. Ötən mövsüm portuqaliyalı mütəxəssis İkeri özünün dediyinə görə, futbol prinsipləri baxımından ehtiyatda oturtmuşdu. Ancaq ispan mətbuatı çox tezliklə məsələnin əsl səbəblərini ortaya çıxardı. «Kimsə özünü başqalarından yuxarı qoyanda problemlər böyüməyə başlayır. Öz sevimli futbolçularımı daim heyətə qoymaq fikrində deyiləm. “Real”ın baş məşqçisi postunda olsam, nəyi dəyişərdim? Dieqo Lopesi ilk mövsümdəcə alardım». Sonralar Mourinyo müsahibəsində fikirlərini belə izah etmişdi.

“Marka” yazırdı ki, Kasilyas və Ramos prezident Florentino Peresin qarşısına ultimatumla çıxmışdılar - “ya Joze gedir, ya da biz”. Peres görüş faktını təkzib edirdi. Ancaq tezliklə Kasilyasın həyat yoldaşı və eyni zamanda İspaniyanın məşhur jurnalisti Sara Karbonero təsdiqlədi ki, baş məşqçi və komandanın yarıdan çoxunun arasından «qara pişik» keçib. «İkerə böyük hörmətlə yanaşmaq lazımdı, onu hamı sevir. Məşqçi onun haqda yolverilməz tonda danışırdı». Pepe durumu belə açıqlamışdı. Növbəti oyundan etibarən o da ehtiyat oyunçular skamyasına otuzduruldu…

Lionel Messi

Əksər KİV nümayəndələri əmindilər: Leonun mələk siması arxasında zalım «boz kardinal»ın təcəssümü yatır. Hələ Qvardiolanın dövründə İbrahimoviçi komandadan göndərməyə müvəffəq olan Messi haqda bu cür məlumatlar yetərincədi. Katalon klubunun yeni baş məşqçisinin təyinatı məsələsində Xerardo Martinonun namizədliyi məhz onun və atası Xorxenin lobbiçilik fəaliyyətindən sonra ortaya çıxmışdı. Atasının yaxın dostu olan məşqçini gətirdiyini təkzib edən Messini mütəxəssis mətbuat konfransında özü “neprav” çıxarmışdı: “Məncə, onunla Xorxenin fikri öz rolunu oynadı”.

Neymarın “Barselona”ya keçidindən sonra əsas müzakirə mövzusu «iki ayı»nın bir mağarada yola gedib-getməyəcəyi idi. Braziliyalı dəfələrlə bildirirdi ki, dünyanın ən yaxşı futbolçusu ilə çiyin-çiyinə oynamaq onun arzusu olub. Bu sözlərdən sonra Leo ulduz futbolçunu qısqanmaq fikrini - ən azından meydanda - bir kənara qoydu. Hər halda, məlum olanda ki, Neymarın müqaviləsi argentinalınınkından daha yaxşı ola bilər, Messinin nümayəndələri rəhbərlikdən şərtləri yenidən gözdən keçirməyi tələb etdilər.

Nəhayət, “El Confidencial”ın yazdığı məsələ. Qəzet Messinin məşqdə gənc futbolçuları çox sərt tənqid edə bilməsi, komandanın veteranlarının da buna sakit yanaşmasını yazmışdı. Deyilənə görə, daha çox tənqid Telyo və Aleksis Sançesin payına düşmüşdü. Bu düzdüsə, etiraf edək ki, çililiyə belə təzyiq müsbət təsir edib.

Andrea Pirlo

Pirlo faktiki olaraq, İtaliya yığmasının baş məşqçisinin köməkçisidi. Bir sıra matçlarda, məsələn, San-Marino ilə oyunda Çezare Prandelli “Yuventus” və «skuadra adzurra»nın liderini final fitinə qədər meydanda bilərəkdən saxlamışdı. Məqsəd yarımmüdafiə və hücumda yeni düzülüş və sxemləri sınaqdan keçirmək idi. Axı Pirlodan yaxşı heç kim kimin düz yerə qaçmadığını, kimin səhv zonaya girdiyini və başqa bu kimi nüansları sezə bilməzdi.

Canluici Buffon

«Yuventus»un kapitanı komandanın ən çox hörmət edilən oyunçusudu. Buffonun populyarlığı Kalçopolidən - “qoca sinyora”ya sədaqətini nümayiş etdirərək B seriyasında bir mövsüm keçirməsindən sonra birə-beş artmışdı. Onun və Pirlonun fikirlərinə hətta komandanın transfer siyasətində də qulaq asırlar. Yaxınlarda Antonio Konte Pablo Osvaldonun gəlişinin paltardəyişmə otağındakı ab-havanı korlayıb-korlamayacağı haqda maraqlanırdı və yalnız “senatorlar”la söhbətdən sonra qalmaqallı hücumçunun keçidinə razılıq vermişdi.

Antonio Di Natale

Toto çoxdan klubun simvoluna çevrilib. “Udineze”nin skautları etiraf ediblər ki, gənc futbolçular karyeralarını davam etdirmək üçün xarici klub seçəndə, Di Natalenin adını eşidən kimi müqaviləyə qol çəkirdilər. Antonionu fikrindən daşındıra bilməsələr - sonuncu dəfə buna hamı - komanda yoldaşları, tifozi, baş məşqçi və hətta prezident də cəhd göstərib - və karyerasını bitirsə, onun bacarıqları klub strukturunda iş üçün yetərli olacaq.

Filip Lam

Lam Almaniyanın ən soyuqqanlı və dərrakəli futbolçularından biri sayılır. Üstəlik, klub və yığmadakı möhtəşəm çıxışları zamanı qazandığı böyük nüfuz, ona nəticələri haqda düşünmədən nəinki “Bavariya”, hətta konkret ölkənin siyasətinə təsir edəcək açıqlamalar vermək imkanı verir. O, AÇ-2012-dən əvvəl UEFA prezidenti Mişel Platiniyə Ukraynadakı durumu düzəltməyə, yaranan problemləri həll etməyə çağırmışdı: «Ukraynadakı ümumi durum və xüsusilə də Yuliya Timoşenkoya münasibət mənim demokratiya, insan hüquqları, şəxsi və söz azadlığına baxışlarımdan fərqlidi. Düşünürəm ki, Platini nəsə deməlidi. Şəxsən mən Ukraynanın prezidenti Viktor Yanukoviç oyunlardan birinə gəlsə, ona əl verib salamlaşmazdan əvvəl ciddi şəkildə fikirləşərdim».

Yığma kapitanının tərəfini Almaniyanın müxtəlif siyasi partiyalarından olan xeyli həmvətəni tutdu. Onlar Avropanın baş futbol məmuruna məktub yazaraq “Ukraynada baş verənlərə göz yummamaq, ölkədəki siyasi təqib və ədalətsizliklər haqda tez-tez ictimaiyyət qarşısında xatırlatmalar etmək və bu haqda məmur və rəhbərliklə danışmaq” gərəkdiyini bildirmişdilər. Bəlkə də təsadüfdü, ancaq məhz bu müraciətdən sonra Avropa çempionatına hazırlıq sürəti xeyli artmışdı.

Lam homoseksuallara münasibətini də heç vaxt gizlətməyib: “Hər bir gey futbolçuya bunu açıqlamasını məsləhət görürəm. Qorxuram, əks halda onu az qala küncə sıxılaraq həyatını özünəqəsdlə başa vurmuş Castin Faşanunun (1990-cı ildə homoseksual olduğunu açıqlamış və tarixdə ilk dəfə bunu edən peşəkar futbolçu kimi yadda qalan ingilis oyunçu) taleyi gözləyir». Bir ay əvvəl Filippin sabiq komanda yoldaşı Tomas Hitslşperger kapitanın sözünə əməl edərək gey olduğunu açıqlamışdı.

Van Der Vart

“Hamburq”un kapitanı və vahid lideri olan bu futbolçu, nüfuzundan maksimum yararlanmağı bacarır. 17 sentyabr 2013-cü ildə baş məşqçi Torsten Fink postundan qovuldu. Bir gün sonra klub qarşısında böyük xidmətləri olan Van Der Vart yerli qəzetlərdən birinə müsahibə verərək yeni məşqçinin kimliyi haqda fikirlərini bölüşdü. Futbolçunun fikrincə, Bert Van Merveyk komandanı rəhbərliyin hədəflərinə çatdıra biləcək biridi. 23 sentyabr 2013-cü ildə Merveyk “Hamburq”un baş məşqçi postunu rəsmən tutdu...

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR