Kim deyir ki, maraqsızdı?
Bizi izləyin

İdman

Kim deyir ki, maraqsızdı?

Kim deyir ki, maraqsızdı?

Qitənin nüfuzuna görə ikinci klub turniri olan Avropa Liqasında da 1/4 final mərhələsinin oyunları keçiriləcək. Publika.az xəbər verir ki, ÇL-dən fərqli olaraq, Avroliqada “böyük beşlik” ölkələrindən üçünün təmsilçisi yoluna davam edir. İspaniya və Portuqaliya hərəyə iki, İtaliya, Fransa, Hollandiya və İsveçrə isə bir klubla təmsil olunur. «Yuventus», «Portu», «Benfika», «Valensiya», «Lion» kimi klubların Avropa Liqasını qazanmaqda iddialı olmaları sönük keçən turnirin canlanmasına səbəb olub.

İddialı pireneylilər

Maraqla gözlənən qarşılaşmalardan biri Portuqaliyada baş tutacaq. Pireney derbisində “Portu” “Sevilya”nı qəbul edəcək. Hər iki komanda turnirin iddialılarından hesab edilsə də, andalusiyalılar əvvəlki illərdəki kimi rəqibləriylə başabaş mübarizə aparmağa qadir deyillər. Buna səbəb onların iki «cəbhə»də mübarizə aparmasıdı. La Liqada ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “ağ-qırmızılar” bu mərhələyə yüksələnə qədər xeyli tər tökməli olub. Sonuncu mərhələdə isə “Betis” yalnız penaltilər seriyasında məğlub edildi.

“Əjdahalar” ÇL-in qrup mərhələsindəki qeyri-sabit çıxış nəticəsində Avropa Liqasına yuvarlanıb. Portuqallar iki mərhələdə keçirdikləri dörd oyundan yalnız birində qalib gəlməyi bacarıb. Püşk bu komandaları daha əvvəl bir dəfə elə bu turnirin 1/8 final mərhələsinin oyunları zamanı üz-üzə qoyub. Portodakı matçda İspaniya təmsilçisi qələbəyə sevinmişdisə (1:0), cavab oyununda “Portu” qalib gələrək (2:1), növbəti mərhələyə adlamışdı. Portuqalların heyətində yalnız qolkiper Helton zədəlidisə, əks düşərgədəki vəziyyət Unai Emerinin başını yaman ağrıdır. Karriso, Kristofor, Çerışev zədəli, Fazio və Mbia cəzalı olduğundan matçda iştirak etməyəcək.

İlk dəfə kəsişən yollar

“Portu” kimi Avroliqaya yolu ÇL-dən düşən “Yuventus” “Lion”la qarşılaşacaq. Turnirin əsas favoriti kimi göstərilən turinlilərin mərhələ adlama şansları daha çoxdu. Buna səbəb kimi fransızların heç də normal qrafiklə çıxış etməmələrini və müdafiə xəttindəki aparıcı üzvlərinin zədəli olduğunu misal göstərmək olar. Belə ki, müdafiəçilər Bedimo, Bişevaç, Fofana, Migel Lopes, Məhəmməd Dabo və Umtitinin meydana çıxıb-çıxmayacağı oyun günündə məlum olacaq. Remi Qardenin risk edərək bu futbolçulardan bir neçəsini meydan buraxacağı gözlənilir. Antonio Konteni narahat edən məqam isə Artur Vidalın cəzalı olmasıdı. Qeyd edək ki, böyük tarixə malik olan komandaların yolları heç bir turnirdə kəsişməyib.

Məntiqlə «Valensiya» favoritdi

Azarkeşlərinin hərəkətlərinə görə UEFA tərəfindən ağır cəzalara məruz qalan “Bazel” “Valensiya”yla ilk oyunu doğma divarlar arasında keçirəcək və tərəfdarlarının dəstəyindən məhrum olacaq. Çempionlar Liqasında mübarizəni dayandırandan sonra Avroliqada mübarizə aparan Murat Yakının yetirmələri final mərhələsində məğlubiyyətin nə olduğunu bilmirlər. “Yarasalar” isə qrup mərhələsinin ilk turunda “Suonsi”yə (0:3) məğlubiyyətdən sonra rəqiblərinə aman vemir. “Bazel” bu vaxta kimi keçirilən dörd qarşılaşmanın heç birində ispan təmsilçisinə bata bilməyib. Üç görüşdə qalib gələn “ağ-qaralar” cütün favoriti hesab edilir. Xuan Antonio Pitsi cəzalı Fueqonun xidmətindən istifadə etməyəcəksə, zədəli olan Dieqo Alveş, Rikardo Koşta və Viktor Ruizin durumuna yaxın günlərdə aydınlıq gələcək. “Qırmızı-mavilər”in heyətində Marek Suşi və Covanni Sio cəzalı olduğundan, görüşdə iştirak etməyəcək.

Çətin sədd

Artıq xeyli vaxtdı ki, şeytanın qıçını sındıra bilməyən Hollandiya klubları avrokubokların final mərhələsində mübarizəni erkən dayandırırdılar. Bu baxımdan “Alkmaar” “inqilab” etməyə nail olub. Ancaq püşk onları heç də asan rəqiblə üz-üzə qoymayıb. Ötən mövsümün finalçısı “Benfika”nı keçmək üçün sözün hər mənasında baş sındırmaq lazımdı. Turnirin təcrübəli komandalarından olan portuqalların heyətində Entso Perezin cəzalı olması elə də ciddi problem yaratmır. Jorje Jesusun ixtiyarında yetərincə istedadlı yarımmüdafiəçi var. Dik Advokatı narahat edən məqam əsas müdafiəçilərdən Yan Vuytensin cəzalı olmasıdı. Cümə axşamı bu klublar ilk dəfə görüşəcəklər.

Avropa Liqası. 1/4 final, ilk oyunlar

3 aprel

00:05 Alkmaar - Benfika 5.00 4.20 1.72 1.85 2.10

00:05 Bazel - Valensiya 2.94 3.45 2.60 2.06 1.89

00:05 Lion - Yuventus 5.80 3.70 1.75 1.90 2.04

00:05 Portu - Sevilya 1.85 3.70 4.90 1.98 1.96

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm