Aqollinin “Qarabağ” karyerası bitir?
Bizi izləyin

İdman

Aqollinin “Qarabağ” karyerası bitir?

Bir neçə gün əvvəl ardıcıl üçüncü dəfə Azərbaycan çempionu tituluna yiyələnən "Qarabağ"ı yenə qarşıda avrokuboklarda uğurlu çıxış etmək tapşırığı gözləyir. Amma bunun üçün "Köhlən atlar" heyətini bir az da gücləndirməli, müqaviləsi başa çatacaq futbolçularla "nigah təzələməlidir".

Heç şübhəsiz, Ağdam təmsilçisinin son illərdəki uğurlu çıxışında albaniyalı müdafiəçisi Ansi Aqollinin də böyük rolu var. Aqolli artıq uzun zamandır ki, "Qarabağ"ın uğurları üçün çalışır və baş məşqçi Qurban Qurbanovun vaz keçmədiyi oyunçulardandır. Amma 34 yaşlı cinah müdafiəçisinin Ağdam klubu ilə müqaviləsi başa çatmaq üzrədir. "Qarabağ" yeni müqavilə təklif etməsə, Ansi mövsüm bitəndən sonra komandadan ayrılacaq. Bəs "Qarabağ" alban legionerini saxlamaq istəyirmi? Ümumiyyətlə, onunla yeni müqavilə haqda danışıq olubmu?

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov müqavilələrə mövsümün sonunda baxılacağını bildirib.

Xatırladaq ki, Aqollinin şərəfini qoruduğu Albaniya millisi bu ilin yayında Fransada keçiriləcək AÇ-2016-ya vəsiqə qazanıb. Bu isə onun avrokuboklarda "Qarabağ"a lazımınca kömək edə bilməyəcəyi deməkdir. Bu amil və Ansinin artıq əvvəlki yaşda olmaması onun "Köhlən atlar"dan ayrılığını şərtləndirə bilər. Amma bu, bizim ehtimaldır. Son sözü isə Qurban Qurbanov deyəcək. (Komanda.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm