• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Sürət, adrenalin, qəza dolu bir dünya - BAKIDA

  • İdman
  • 25 May 2016 10:09
  • 802 Baxış
Sürət, adrenalin, qəza dolu bir dünya - BAKIDA

Azərbaycan son illərdə idman dünyasında sürətlə tanınmağa başlayıb. Ardıcıl təşkil olunan böyük yarışlar ölkəmizi həm Avropada, həm də digər qitələrdə xeyli məşhurlaşdırıb. İndiyədək “Odlar yurdu”nda saysız-hesabsız, beynəlxalq turnirlər, dünya və Avropa çempionatları, İlk Avropa Oyunları kimi böyük idman bayramı keçirilib.

Bu il də bizim üçün yaddaqalan olacaq. İlk dəfə paytaxtımız Formula 1 adlı yarışın həyəcanını yaşayacaq. İyunun 17-də gözəl Bakımızın küçələrində Formula 1 üzrə 67-ci dünya çempionatının Avropa Qran Prisinin ilk sərbəst yürüşlərində gücü 1000 at qüvvəsinə çatan bolidlərin ecazkar səslərini eşidəcəyik...

Artıq təqvim məlumdur, hazırlıq işləri də yekunlaşmaq üzrədir. Təxminən 3 həftədən sonra minlərlə əcnəbinin Bakıya gələcəyi gözlənilir.

Bir nəfərlik, açıq təkərli avtomobil yarışlarının zirvəsi sayılan Formula 1 dünyanın ən populyar idman növlərindən biridir. Avtomobil yarışları XX əsrin əvvəllərindən keçirilir. 2-ci dünya müharibəsindən sonra - 1946-cı ildə bu avtomobil yarışlarının müəyyən qaydalar çərçivəsində keçirilməsi qərara alındı və qaydalar müzakirə olunaraq, təsdiq edildi. Formula 1 (qısaca - F1) də bu qaydalar toplusuna verilən addır.

İlk Formula 1 yarışı 13 may 1950-ci ildə İngiltərədə, Silverstone trasında keçirilib. İlk yarışın qalibi italyan Cüzeppe (Nino) Farina olub. İlk mövsümdə parlaq çıxış edən Farina həm də ilk dünya çempionudur. Formula 1 1950-ci ildən bəri müntəzəm olaraq keçirilir. Komandalararası çempionat - Mühəndislər kuboku isə 1958-ci ildən keçirilir.

Formula 1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının (FİA) bayrağı altında keçirilir. Hazırda bu quruma Jean Todt rəhbərlik edir. Formula 1-in kommersiya rəhbəri isə Berni Ekklstoundur.

Formula 1 tarixi bir neçə mərhələyə bölünür:

Birinci mərhələ: 1950-1958-ci illər - Yarışların qayıdışı

İkinci mərhələ: 1959-1980-cı illər - "Garagistes" dövrü

Bu dövr bir çox əhəmiyyətli yeni texnologiyaların Formula 1-də tətbiqi, bolidlərin quruluşundakı əhəmiyyətli dəyişikliklər dövrü kimi xatırlanır.

Üçüncü mərhələ: 1981- 2000-ci illər - "Böyük iş" dövrü

1981-ci ildə ilk "Concorde" müqaviləsi imzalanır. Bu müqavilənin şərtlərinə əsasən, komandalar iflasa uğramadıqları müddətdə Formula 1-də yarışmalıdılar. Elə həmin vaxtda da teleyayım gəlirlərindən komandalara pay verilməsi qərara alındı. Həm bu islahatlar, həm də böyük şirkətlərin sponsor kimi cəlb edilməsi Formula 1-i ən elit, ən bahalı idman növü səviyyəsinə qaldırdı.

Dördüncü mərhələ: 2001-ci ildən sonrakı dövr – “Manufakturaların qayıdışı”

Bu dövr adından da göründüyü kimi, bir çox avtomobil manufakturasının yenidən bu idmana qayıtması ilə əlamətdar olub. Eyni zamanda, FİA bu dövrdə xərcləri azaltmaq və rəqabəti artırmaq üçün qaydaları tez-tez dəyişdirib.

Formula 1-də hər komanda 2 sürücü ilə təmsil olunur. Sürücülər pilot, maşınlar isə bolid adlanır. Formula 1 mövsümü yaz aylarında (adətən mart ayında, amma 2016-cı il mövsümü aprel ayında başlayacaq) başlayır və adətən noyabr ayında yekunlaşır. Bu ərəfədə fərqli ölkələrdə, fərqli traslarda yarışlar keçirilir. Hər bir mövsümün təqvimi əvvəlki ilin sonlarında açıqlanır. Yarışlar adətən 1-3 həftəlik fasilələrlə keçirilir. Bu yarışların yekununda ən çox xal qazanmış pilot həmin mövsümün dünya çempionu olur.

Bəs xal sistemi necədi və xallar necə hesablanır? Bunun üçün əvvəlcə yarışların formatı barədə məlumat verməliyik.

Formula 1-də hər bir yarışda həftə sonunda müəyyən mərhələlər olur. Həftənin 5-ci günü 2 (Monako Qran-Prisində 4-cü gün), 6-cı gün isə 1 sərbəst yürüş seansı olur. İlk 2 seans 1,5 saat, 3-cü seans isə 1 saat davam edir. Bu seanslar pilotların trası öyrənməsi, trasa uyğun düzgün sazlanmaların tapılması, komandaların bolidlərdə tətbiq etdiyi yeniliklərin test edilməsi və s. məqsədlərlə keçirilir.

Şənbə günü sərbəst yürüşlərdən sonra təsnifat mərhələsi keçirilir. Təsnifat mərhələsini keçirməkdə məqsəd hansı pilotun yarışa neçənci yerdən başlayacağını təyin etməkdir. Burada bir dövrəni sürətli keçmək tələb olunur. Bu mərhələ 3 hissədən ibarət olur: İlk hissə 18 dəqiqə davam edir. Ən yaxşı nəticə göstərmiş müəyyən sayda pilot 2-ci hissəyə keçir. Bu say həmin mövsüm mübarizə aparan pilot sayından asılıdır. Format isə belədir: ümumi pilot sayından 10 nəfəri çıxdıqda yerdə qalan say 2-yə bölünür və o qədər pilot 2-ci hissəyə vəsiqə qazana bilmir. Məsələn, 2015-ci il mövsümündə 20 pilot çempionluq uğrunda mübarizə aparır. İlk hissədə ən yaxşı nəticə göstərmiş 15 pilot 2-ci hissəyə vəsiqə qazanır. Qalan 5 pilot isə nəticələrinə uyğun olaraq, növbəti gün yarışa 16-20-ci yerlərdən başlayırlar. 2-ci hissə isə 15 dəqiqə davam edir və ən yaxşı nəticə göstərən 10 pilot 3-cü hissəyə vəsiqə əldə edir. Qalan 5 pilot isə bu hissədəki nəticələrinə uyğun olaraq növbəti gün yarışa 11-15-ci yerlərdən başlayırlar. Beləliklə, 2 hissənin sonunda yarışa 11-20-ci yerlərdən başlayacaq pilotlar bəlli olur. Qalır ilk 10-luğu təyin etmək. 3-cü hissədə bu 10 pilot öz nəticələrini göstərir. Ən sürətli pilot yarışa ilk sıradan başlayır. Bu, "Pole Position" adlanır. Qalan pilotlar da 2-9-cu yerlərdən başlayırlar.

Bazar günü isə yarış olur. Bu yarış "Qran-Pri" adlanır. Yarış maksimum 2 saat davam edə bilər. Adətən, 2 saatdan tez bitir. Lakin hava şəraiti pis olduqda və ya hansısa bir hadisə olduqda vaxt limitinin dolduğu yarışlar da olub. Yarış müəyyən sayda dövrələrdən ibarətdir. Bu dövrələrin sayı da trasın uzunluğundan asılıdır. Məsələn, Belçikada "Spa-Francorchamps" trasında 44 dövrə vurulsa da, Monakoda tras daha qısa olduğundan, yarış 78 dövrə davam edir. Yarışın yekununda yerlərə müvafiq olaraq, pilotlara xal verilir. 2010-cu ildən bəri tətbiq olunan reqlamentə əsasən, yarışın qalibinə 25, 2-ci yer tutan pilota 18, 3-cü yerə 15, sonra isə 10-cu yerə qədər müvafiq olaraq 12, 10, 8, 6, 4, 2, 1 xal verilir. Yəni bir yarışda xal qazanmaq üçün ilk 10 yerdən birini tutmaq lazımdır. Xal sistemi bütün yarışlarda eyni qaydada tətbiq olunur. Hər bir pilotun mövsüm ərzindəki bütün yarışlarda qazandığı xallar cəmlənir və mövsümün sonunda ən çox xalı olan pilot həmin mövsümün Formula 1 üzrə dünya çempionu olur.

Yuxarıda qeyd etdiyimiz kimi, hər bir komanda yarışda iki pilotla təmsil olunur. Hər iki pilotun qazandığı xallar cəmlənir və bu, komandanın xal aktivinə yazılır. Mövsüm sonunda ən çox xal qazanmış komanda Konstruktorlar çempionu olur.

Formula 1 tarixinin hər mərhələsində güclü pilotlar, böyük komandalar olub. Heç şübhəsiz, o pilotlardan ən məşhuru, demək olar ki, hətta Formula 1-in özündən daha çox tanınan, hazırda iki ilə yaxındı ki, koma vəziyyətində olan və ölümlə mübarizə aparan Mixael Şumaxerdir. Bir çox rekordların sahibi olan alman sürücü ən çox dünya çempionu olmuş pilotdur - 7 dəfə. Bundan başqa, o, həm də ən çox yarış qazanmış, ən çox "Pole Position" qazanmış, ən çox sürətli dövrə vurmuş, podiuma ən çox yüksəlmiş, bir mövsümdə ən çox yarış qazanmış, ardıcıl ən çox çempion olmuş pilotdur. Şumaxer bu rekordların hamısını böyük fərqlə özündə saxlayır.

Digər bir əfsanəvi pilot isə 1994-cü ildə San Marino Qran-Prisində həlak olan, Formula 1-də keçirdiyi 10 mövsümdə 3 dəfə dünya çempionu olmuş Ayrton Sennadır.

Ən çox çempion olmuş ikinci pilot isə Formula 1-in ilk illərində yarışan, "Böyük ustad" adlandırılan argentinalı Juan Manuel Fangiodur. Tarixdə iz buraxmış pilotlar arasında Alain Prost, Niki Lauda, Nigel Mansell, Stirlinq Moss, Emerson Fittipaldi, Alberto Ascari, Cek Brabham, Qraham Hill də var. Çempion olmuş pilotlardan beşi hazırda da mübarizəni davam etdirir. Bu pilotlardan Sebastian Fettel 4, Fernando Alonso və Lüis Hamilton 2, Conson Batton və Kimi Raykkonen isə 1 dəfə çempion olub.

Mühəndislər kubokunu isə Formula 1-in əfsanəvi komandası "Ferrari" hamıdan çox - 16 dəfə qazanıb. "Williams" və "Maklaren" isə 9 dəfə çempion olub.

Formula 1

Yaranma tarixi: 1950

İlk yarış: Silverstoun

İlk qazanan: Alfa Romeo

İlk çempion: Cüzeppe Farina

Son çempion: Sebastian Fettel

İlk çempion komanda: Alfa Romeo

Pərviz Hikmət

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>