Zaqatalada “qardaş” qırğını gözlənilmir
Bizi izləyin

İdman

Zaqatalada “qardaş” qırğını gözlənilmir

Zaqatalada “qardaş” qırğını gözlənilmir

Autsayderlərin elita(r) mübarizəsi

Aprelin 5-də Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək. İlk oyun günündə 3 qarşılaşma baş tutacaq. AFFa prezidentinin açıqlamasından sonra turnir cədvəlinin aşağı pilləsində qərarlaşmış komandaların - "Rəvan" la "Sumqayıt" arasındakı qarşılaşmanın prinsipiallığı birə beş artıb. İndi futbol ictimaiyyətinin bütün diqqəti məhz bu qarşılaşmaya yönəlib. Güvənc Kurtarın yetirmələri qalib gələcəkləri təqdirdə elitada yerlərini qorumaq baxımından önəmli addım atmış olacaqlar. Tərəflər çempionatda 12-ci dəfə üz-üzə gələcəklər.

İndiyədək baş tutan oyunlarda “Rəvan”ın üstünlüyü var. Belə ki, Bakı klubu 6, gənclik şəhərinin təmsilçisi 2 qələbə qazanıb, 3 matçda qalib müəyyənləşməyib. "Rəvan"ın 15 qoluna “Sumqayıt” 11 dəfə cavab verib.

Autsayderlərin cari mövsüm baş tutan oyunlarında “Sumqayıt” qələbə qazanmayıb. Ümumi balansda üstün olan “Rəvan” yalnız ilk matçı qolsuz başa vurub. Paytaxt təmsilçisi ardıcıl 10 qarşılaşmada meydanı qolsuz tərk etməyib.

“Qarabağ” yersiz xal itkisinə yol verəcək?

Çempionatın lideri "Qarabağ" AZAL-ın qonağı olacaq. Əslində “təyyarəçilər”in hazırkı durumunu nəzərə alsaq, “Qarabağ”ın asan qələbə qazanacağını proqnozlaşdırmaq olar. Çətin ki, parlaq oyun sərgiləyən Qurban Qurbanovun yetirmələri AZAL-la qarşılaşmada yersiz xal itkisinə yol versinlər. Bu oyun tərəflər arasında çempionatdakı 22-ci qarşılaşma olacaq.

İndiyədək baş tutan oyunlarda "Qarabağ" AZAL-dan iki dəfə artıq qələbə qazanıb. Belə ki, ağdamlılar 10, "təyyarəçilər" 5 dəfə meydanı 3 xalla tərk edib, 6 görüşdə qalib müəyyənləşməyib. "Qarabağ"ın 24 qoluna AZAL 22 dəfə cavab verə bilib.

“Qarabağ” ümumi oyunların balansında üstün olsa da, cari mövsümki bütün görüşlərdə qol buraxıb. Bakılılar son 6 ev oyununda qolsuz qalmayıb və yalnız 1 dəfə uduzub.

Cari mövsümdə baş tutan oyunlarda tərəflər hərəyə bir qələbə qazanıb, bir oyun sülhlə bitib.

Cənub şəhərində sonuncu məşq

Turun daha 3 görüşü aprelin 6-da keçiriləcək. Son vaxtlar uğursuzluq zolağından çıxa bilməyən komandalar "Xəzər Lənkəran"la "Qəbələ" cənub şəhərində üz-üzə gələcəklər. “Ağ-yaşıllar” üçün çempionatdakı bütün iddialar ölüb. Ancaq “Qəbələ”nin hələ də şansı var. Bu qarşılaşmanı Azərbycan kubokunun yarımfinalında qarşılaşacaq rəqiblər üçün sonuncu məşq də saymaq olar. Tərəflər çempionatda 22-ci dəfə üz-üzə gələcəklər. İndiyədək baş tutan oyunlarda "Xəzər Lənkəran"ın böyük üstünlüyü var. Belə ki, lənkəranlılar 11, qəbələlilər 5 qələbə qazanıb, 5 oyunda isə qalib müəyyənləşməyib. "Xəzər Lənkəran"ın 30 qoluna "Qəbələ" 19 dəf cavab verib. Əyalət təmsilçilərinin Lənkərandakı son 7 oyununda meydan sahibləri uduzmayıb. Cənubluların meydanında baş tutan sonuncu 3 görüşdə isə heç-heçə qeydə alınıb.

Bakı derbisində 46-cı səhifə

Turnir cədvəlində qonşu olan, nəzəri cəhətdən çempionluq şanslarını saxlasalar da, praktiki olaraq 2-ci pillə uğrunda mübarizə aparan "Neftçi" ilə "Bakı"nın oyunu da prinsipiallığı ilə diqqəti cəlb edir. Bu duel tərəflər arasında çempionatdakı 46-cı oyun olacaq.

İndiyədək baş tutan oyunlarda "Neftçi"nin böyük üstünlüyü var. Belə ki, "ağ-qaralar" 25 qələbə qazandığı halda, paytaxtın eyniadlı təmsilçisi 11 dəfə 3 xala sevinib. "Neftçi"nin 63 qoluna "Bakı" 40 dəfə cavab verə bilib.

“Neftçi” ümumi qələbə sayında böyük üstünlüyə malik olsa da, son 6 qarşılaşmada cəmi 1 dəfə 3 xal əldə edib.

Zaqatalada hər şey bəllidi?

Turun daha bir qarşılaşması Zaqatalada baş tutacaq. “Simurq” “İnter”i qəbul edəcək. Artıq futbol ictimaiyyəti arasında”qardaşlar”ın oyunu ilə bağlı söz-söhbət yayılıb. İddia olunur ki, “Simurq” bu oyunda medallar uğrunda mübarizə aparan “İnter”ə bilərəkdən məğlub olacaq. “Qardaşlar” çempionatda 20-ci dəfə qarşılaşcaqlar.

Əvvəlki oyunlarda bakılıların böyük üstünlüyü var - 14 qələbə. "Simurq" "böyük qardaşı"nı 3 dəfə yenib. 2 görüşdə qalib müəyyənləşməyib. "İnter"in 31 qoluna "Simurq" 11 dəfə cavab verib. Zaqataladakı son 3 matçın hərəsində 1 qol vurulub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm