Milanda möhtəşəm qarşıdurma - İspanlar üz-üzə
Bizi izləyin

İdman

Milanda möhtəşəm qarşıdurma - İspanlar üz-üzə

“Futbolu 22 nəfər oynayır, sonda da həmişə almanlar qalib gəlir”. Futbolla mütəmadi maraqlananlar yəqin bu “aforizm”in ingilis Hari Linekerə məxsus olduğunu xatırlayır. Bu yaxınlarda müəllif özü ifadəni bir balaca dəyişdirərək “almanlar” sözünün yerinə “Lester”i əlavə etmişdi. Bunu da “Tülkülər”in İngiltərə çempionu olmasıyla əlaqələndirmişdi. İndi avrokuboklardan söz düşəndə bu fikir yada düşür. Təbii ki, yeni versiyada: avrokuboklarda həmişə 22 futbolçu oynayır, sonda ispanlar qalib gəlir.

Həqiqətən də ispanlar son illərdə Çempionlar Liqası və Avropa Liqasını özününküləşdirib. Təxminən 1 həftə əvvəl Avroliqanın finalında “Sevilya” “Liverpul”u 3:1 hesabı ilə məğlub edərək, ardıcıl 3-cü dəfə titula sahib çıxdı. Bu gün isə Çempionlar Liqasının finalıdır. Və indidən kubokun İtaliyadan İspaniyaya gedəcəyi dəqiqdir. Milanda keçiriləcək finalda Madridin iki klubu – “Real” və “Atletiko” üz-üzə gələcək. Elə qitənin ən nüfuzlu klub turnirində də son 3 ildə ispanların qarşısını almaq mümkün deyil.

Beləliklə, bu gecə Avropanın ən böyük kuboku sahibini tapacaq. Bununla da, avrokuboklarda 2015/16 mövsümünə rəsmən yekun vurulacaq. Klassik Madrid derbisini futbolsevərlər bu dəfə “San-Siro”da, fərqli statusda izləyəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bu məqamda yaxın keçmişi xatırlamaq yerinə düşər. 2013/14 mövsümündə də Madrid təmsilçiləri ÇL-in finalında üz-üzə gəlmiş, əsas vaxtı 1:1 bitən qaşılaşmanı əlavə vaxtda “Real” qazanmışdı (4:1). Ümumiyyətlə, “Kral klubu” bu turnirdə ən çox qalib olan komandadır - 10 dəfə.

Zinəddin Zidanın yetirmələri cari mövsümdə finala qədərki yolda əvvəlcə PSJ, “Şaxtyor” və “Malmö” ilə birgə mübarizə apardığı qrupun birincisi (5 qələbə, 1 heç-heçə) kimi adını növbəti mərhələyə yazdırıb. 1/8 finalda “Roma” ilə üz-üzə gələn “Qalaktikos” hər iki görüşdə 2:0 hesabı ilə rəqibindən üstün olub. 1/4-də “Volfsburq”la qarşılaşan “Kral klubu” ilk matçda 0:2 hesabı ilə uduzsa da, öz meydanında 3 cavabsız qolla qalib gələrək, yarımfinala adlayıb. Burada isə Zinəddin Zidanın komandası “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib. İki görüşün yekununda 1:0 hesablı qalibiyyətə sevinən “Real” finalda oynamaq hüququ qazanıb.

“Real”la müqayisədə “Atletiko” finala qədər daha çətin yoldan keçib. Düzdür, onların qrupdakı rəqibləri o qədər də güclü olmayıblar. “Benfika”, “Qalatasaray” və “Astana” ilə mübarizə aparan “Atletiko” 13 xalla qrup birincisi olub. Dieqo Simeonenin yetirmələri qrupdakı yeganə məğlubiyyətlərinə öz meydanlarında “Benfika” ilə keçirdikləri görüşdə məruz qalıblar. 1/8 finalda da “Atletiko”nun rəqibi dişinə görə olub. PSV ilə hər iki görüşdə 0:0 hesablı heç-heçə edən madridlilər penalti seriyasında üstün olublar. “Atletiko”nun sonrakı rəqibi “Barselona” olub və belə demək mümkündüsə, komanda ÇL-in cari mövsümündə ilk ciddi sınağa çıxıb. İlk görüşdə “Barselona”ya 1:2 hesabı ilə uduzan “Atletiko” cavab matçında 2:0 hesablı qalibiyyətə sevinib. Yarımfinala adlayan Madrid klubu bu mərhələdə daha bir Avropa nəhəngini devirib. “Bavariya”ya öz meydanında qalib gələn (1:0) “Atletiko” cavab qarşılaşmasında 1:2 hesabı ilə uduzsa da, səfər qolunun hesabına finalda oynamaq hüququ əldə edib.

Komandaların heyətində ciddi itki yoxdur. Düzdür, “Real”da Rafael Varan və Alvaro Arbeloa bu görüşü buraxacaqlar. Lakin onları, xüsusilə də, Arbeloanı “Kral klubu” üçün ciddi itki saymaq olmaz. “Real”ın lideri Kristiano Ronaldo mayın 24-də zədələnərək, məşqi yarımçıq tərk etmişdi. Lakin tibbi müayinədən keçdikdən sonra zədənin ciddi olmadığı üzə çıxıb və portuqaliyalı dünəndən etibarən yenidən kollektivə qoşulub. Bu isə o deməkdir ki, Ronaldo həlledici qarşılaşmada komandasına kömək edə biləcək. “Atletiko”da isə yalnız Xesus Qames zədəlidir.

Qeyd edək ki, final matçından əvvəl “San Siro”da ev oyunlarını keçirən “Milan” və “İnter”in əfsanəvi futbolçularından ibarət yığma ilə dünya ulduzları yığması arasında yoldaşlıq oyunu olacaq.

Milan-İnter əfsanələri: Françesko Toldo, Kafu, Roberto Karlos, Canluka Zambrotta, Mark Van Bommel, Deyan Stankoviç, Luiş Fiqu, Marsel Desayi, Patrisia Paniko, Lotar Matteus, Klarens Zeedorf, Xuan Sebastyan Veron, Fabio Kannavaro, Esteban Kambiasso.

Baş məşqçilər: Ruud Qullit və İtaliyanın NBA ulduzu Danilo Qallinari.

Dünya ulduzları: Vitor Baya, Mişel Salqado, Stefani Hyuton, Klod Makelele, Qaiska Mendiyeta, Rober Pires, Predraq Miyatoviç, Veronika Boket, Davor Şuker, Rai, Kristian Karembe, David Trezege, Deku, Erik Abidal.

Baş məşqçilər: Emilio Butragenyo, Antonio Lopez.

Çempionlar Liqası. Final

28 may

22:45 Real (İspaniya) – Atletiko (İspaniya)

Baş hakim: Mark Klattenburq

Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Milan. “San Siro” stadionu

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm