Ən yaxşı 10 qapıçı - FOTOLAR
Bizi izləyin

İdman

Ən yaxşı 10 qapıçı - FOTOLAR

“Böyük beşlik” çempionatlarında 2015/16 mövsümü yekunlaşıb. İndi geriyə boylanmaq vaxtıdır. Kimin necə yadda qalmasını, mövsümün qəhrəmanlarını təhlil etmək üçün yaxşı fürsətdir. Görəsən, Almaniya, İngiltərə, İspaniya, İtaliya və Fransa çempionatlarında hansı qapıçılar işinin öhdəsindən daha yaxşı gəldi? Kim ustalığı, soyuqqanlılığı, seyvləri və reaksiyalarıyla futbol ictimaiyyətini heyrətləndirdi?

Publika.az mövsümü yüksək səviyyədə keçirən qolkiperlərin “onluğ”unu təqdim edir. Bu siyahıya başqalarıyla müqayisədə ayrı-ayrı oyunlarda qəhrəmanlıq göstərənlər, nəticəyə birbaşa təsir edənlər, qapıda vacib işlər görənlər düşüb.

10. Alfons Areola – “Vilyarreal”

Müqavilə ilə PSJ-yə məxsus olan Filippin əsilli qolkiper cari mövsümdə sərgilədiyi oyunla intizamlı alman həmkarlarını da geridə qoydu. Onun qapıda etibarlı oyunu, düzgün mövqe seçimi komandası üçün çox əhəmiyyətli oldu. “Vilyarreal”da Ronaldo və Suares kimi “qol maşınları” olmasa da, məhz Areolanın sayəsində komanda mövsümü 4-cü pillədə başa vura bildi.

9. Petr Çex – “Arsenal”

Bəlkə də cari mövsümdə meydanda olduğu vaxta və sadəcə “Çelsi”dəki seyvlərinə görə çexin seçilməsi məsələn, Premyer Liqada 38 oyunun hamısında meydana çıxan Eurelio Qomes (Uotford) və ya Cek Batlendə (Stok Siti) qarşı haqsızlıqdır. Ancaq Çex olmasaydı, bəlkə də “Arsenal” bu mövsüm gümüş medalları qazana bilməzdi. Çexiyalı qolkiperin timsalında “Topçular” uzun illərdən sonra müdafiə xəttində yaxşı “dirijor” tapdı. Çexin qayıdışı möhtəşəm oldu. O, bizim “onluq”da olmağa layiqdir.

8. Vinsent Eneyama – “Lill”

Liqa-1-dən hansısa qapıçını fərqləndirmək elə də asan məsələ deyil. PSJ-nin heyətində çempion olan Kevin Trappın aktivində saysız-hesabsız qurtarışlar var. O, qapısına yönələn 10 zərbədən 8-ini dəf edib ki, bu da “Böyük beşlik”də ən yaxşı göstəricidir. Ancaq siz PSJ-nin müdafiə xəttini görmüsüz? Fransızlar bir az da millətpərəstlik edərək Stiv Mandandanı seçib. O, uğursuz mövsüm keçirən “Marsel”i daha böyük biabırçılıqdan qurtarıb. “Lion”un qolkiperi Antoni Lopes əla çıxış edib, ancaq sabit oynamayıb. Bu üzdən “Lill”i çiyinlərində 5-ci pilləyə yüksəldən Eneyamanın üzərində dayanaq. Məhz onun etibarlılığı sayəsində “İtlər”in müdafiə xətti Liqa-1-də ikinci ən etibarlı müdafiə xətti oldu. Nigeriyalı dünyanın ən etibarlı və təcrübəli qapıçılarından biridir.

7. Keylor Navas – “Real”

“Barselona” azarkeşlərinin “Niyə məhz Navas” sualına cavab olaraq, əvvəlcədən deyək ki, Klaudio Bravo da mövsümü yüksək səviyyədə keçirib, hətta daha az top buraxıb. Ancaq o, bir qədər kölgədə qaldı. Onun ulduzu daha çox ötən mövsüm parlamışdı. Kosta-rikalı isə cari mövsümdə “Real”ın La Liqada və Çempionlar Liqasında irəliləməsinə birbaşa “təsir edib”. Hazırda Navasın Madrid klubunda ümumi faydalı iş əmsalı Bravonun “Barsa”dakı faydasından bir az çoxdur. Əlbəttə Klaudio da hazırda ən yaxşı qapıçılar sırasındadır.

6. Kasper Şmeyhel – “Lester”

“Vest Hem”dən Adrianın inamlı oyununu, “Suonsi”dən Fabianskinin fantastik seyvlərini unutmamaq şərtilə İngiltərə çempionunu bu reytinqə salmışıq. Ona görə yox ki, ata və oğul Şmeyhel eyni yaşda ilk dəfə İngiltərə çempionu olub. Tarixi uğurda “Tülkülər”in qapıçısının da böyük xidmətləri var.

5. Uqo Lloris – “Tottenhem”

Mövsümün son oyununda “Tottenhem”in “Nyukasl”a 1:5 hesablı məğlubiyyəti onun çıxışına xələl gətirə bilməz. İngiltərənin ən yaxşı müdafiə xəttinə malik komandanın qapıçısı heç də az iş görməyib. Qapısına yönələn zərbələrin 73 faizini dəf edən Lloris bu göstəricidə Şmeyhel və Çexdən geri qalsa da, başqa məqamlarda onları üstələyib. Fransa millisinin qolkiperinin təcrübəsinə isə şübhə etmək olmaz.

4. Canluici Buffon – “Yuventus”

Elə bilməyin ki, Buffon yalnız dahi qapıçı statusunu təsdiqlədiyi üçün bu siyahıya düşüb. İtaliya çempionu A seriyasında rekord sayda “quru oyun” keçirib. Onun tay-tuşları isə hazırda “pivə çəlləyi”nə bənzəyirlər. Bir həqiqət var ki, 38 yaşlı Cici 2015/16 mövsümünü yüksək səviyyədə keçirdi. “Yuve” rəhbərliyi onu kimin əvəzləyəcəyi haqda düşünməyə başlayıb. Ancaq ona dəyməsələr yaxşıdır. 2018-ci ilə qədər və dünya çempionatında oynamaq istəyirsə, qoyun oynasın. Veteran qolkiper əla formadadır.

3. David De Xea – “Mançester Yunayted”

Siyahımızda 4-cü Premyer Liqa təmsilçisidir. “Mançester Yunayted” mövsümü qeyri-sabit keçirsə də, ispan qolkiper kökdən düşmədi. Bəzi oyunlarda gənc hücumçular komandanı xilas edə bilməyəndə səhnəyə təcrübəli, amma o qədər də yaşlı olmayan De Xea çıxdı. O, əsl divdir. Mövsümün son oyununda qapısını toxunulmaz saxlaya bilsəydi, Premyer Liqada ən az top buraxan qapıçı olacaqdı.

2. Yan Oblak – “Atletiko”

Onun 2015/16 mövsümündəki çıxışını qısaca belə xarakterizə etmək olar: 38 oyun, 18 buraxılan top. Əsla müdafiənin güclü olduğunu, onun üzərinə çox iş düşmədiyini qabartmayın. Ən azı bu statistikaya görə Oblak ilk üçlükdə olmağa layiqdir.

1. Manuel Noyer – “Bavariya”

Müasir futbolda bütün həmkarlarını yalnız bir xüsusiyyətinə görə üstələyən Noyer belə getsə, hələ uzun illər lider olacaq. Onun seyvlərini, reaksiyalarını, oyunun içində olmağını bir kənara qoyaq. Manunun müdafiəçi kimi arxa xətdə topla rəftarı onun texniki cəhətdən nə qədər güclü qolkiper olduğunu sübut edir. Almaniyada hər il onlarla istedadlı qapıçı yetişsə də, hələ ehtiyatda da Adler, Leno kimi hazır “materiallar” olsa da, Noyer “1 nömrə” statusunu qoruyur. Qapıçı üçün qurtarışlar nə qədər çox olsa, o qədər yaxşıdır. Ancaq 90 dəqiqə ərzində sənin qapına 1 zərbə belə vurulsa, oyuna konsentrasiyanı itirməmək hər qapıçının işi deyil. Həm də Noyer təsadüfən dünya çempionu olmayıb...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm