• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Hamı onu gözləyir - “Vətəndaş müharibəsi” yaradan Mundialı – FOTOLAR

  • İdman
  • 8 Aprel 2014 11:49
  • 2 420 Baxış
Hamı onu gözləyir -  “Vətəndaş müharibəsi” yaradan Mundialı – FOTOLAR

İyunun 12-də hər kəsin səbirsizliklə gözlədiyi dünya çempionatı start götürəcək. 31 gün boyunca milyonlarla insan “ən güclü kim olacaq” sualının həyəcanını yaşayacaq.

“Futbol xəstələri” gərgin və maraqlı keçəcək oyunlardan zövq alacaqlar. Bir sözlə, balacadan-böyüyə hər kəs böyük turniri maraqla gözləyir. 20-ci dünya çempionatının Braziliyada keçiriləcəyi artıq 2007-ci ildən hər kəsə məlumdu. DÇ-50-dən sonra ikinci dəfə mötəbər turnirə ev sahibliyi edəcək Braziliya bu həyəcanı iki dəfə yaşayan ilk Cənubi Amerika ölkəsi olacaq. “Sambaçılar”dan başqa dörd ölkə - Meksika, Fransa, İtaliya və Almaniya mundialı iki dəfə təşkil etmək hüququ qazanıb.

Braziliyalı olasan, dünya çempionatına etiraz edəsən…

Belə bir turnirin 64 il sonra yenidən Braziliyada keçirilməsi bəzi insanları sevindirsə də, yaranan problemlər əlavə çətinliklər də yaşatdı. Belə ki, maliyyə böhranından sonra heç cür toparlana bilməyən Braziliya hökumətinin bu turnirə ev sahiblik etmək istəyi əhali arasında birmənalı qarşılanmasa da, FİFA-nın ölkələrinə dəstək olacağını bildikdən sonra hər şey axarında getməyə başladı. Ötən il baş tutan Konfederasiyalar Kubokundan öncə hökumətin turnirlə bağlı maliyyə hesabatı braziliyalıların hiddətlənməsinə səbəb oldu. Belə ki, ölkə rəhbərliyi turnirin keçirilməsi üçün nəzərdə tutulan 11 milyarddan çox pul xərcləmişdi. Bu günə kimi ölkənin dörd yanında nümayişlər, etiraz aksiyaları keçirilir. İnsanların qəzəblənməsinə səbəb olan məsələ isə başqa ölkələrdən, banklardan, həmçinin FİFA-dan külli miqdarda alınan borclar idi.

Bu borcların yüksək faizlə verilməsi isə ölkədəki həyatın tamamilə dəyişməsinə səbəb oldu. Hökumət istər nəqliyyatda, turizm obyektlərində, istərsə də ticarətə aidiyyatı olan hər yerdə qiymətlərin dörd dəfəyə qədər qaldırılması ilə bağlı qərar qəbul etdi. Qiymətlərin yüksəlməsi onunla əlaqələndirilirdi ki, turniri izləmək üçün gəlməli olan turistlərin hesabına borclar aradan qaldırılsın. Amma qərarın vaxtından çox tez - bir il öncə verilməsi isə mötəbər turnirin baş tutması üçün təhlükə yaratdı. FİFA-nın təzyiqləri və sanksiyaları nəticəsində qiymətlər endirildi, etirazçılara qarşı güc tətbiq edilməsinin qarşısı alındı. Hər şeyə rəğmən, Braziliyada vəziyyət gərgindi. Hökumətin mundialla bağlı maliyyə hesabatında xərclənən pulların həddindən az göstərilməsi insanları sakitləşdirmir. Turnirlə bağlı digər problemlər də var.

Məsələn, dünya çempionatının keçirildiyi dövrdə Braziliyanın cənubunda qış, şimalında isə yay olacaq. Bu anormal havanın komandalara necə təsir edəcəyi isə bilinmir. Digər məqam isə oyunların keçirilmə vaxtları ilə əlaqədardı. Hər şey Avropada yaşayan insanların rahatlığı üçün hesablansa da, Asiya və Okeaniyada yaşayan insanlar yuxusuz qalmalı olacaqlar. Azərbaycanlı azarkeşlər isə oyunları 21:00, 00:00, 01:00, 03:00 və 06:00-da izləyə biləcəklər.

202 idilər, 31-i qaldı

Beş qitədən 202 milli komanda dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda mübarizə aparsa da, onlardan 31-i məqsədlərinə nail olub. Belçika, İngiltərə, Almaniya, İtaliya, Hollandiya, İspaniya, İsveçrə, Fil Dişi Sahili və Nigeriya yığmaları məğlubiyyət acısı dadmayıblar. Altı komanda rəqiblərinə nisbətən daha az - 8 matç keçirib. İspaniya Avropa zonasında ən az komandanın məskunlaşdığı qrupda (5) yer alıbsa, Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Nigeriya və Qananın yer aldığı Afrika zonasında seçmə mərhələ oyunları zamanı qrup mərhələsində 5 komanda mübarizə aparır. Uruqvay və Meksika komandaları isə daha çox əziyyət çəkməli olub - 18 matç. Belə ki, bu yığmaların yer aldığı konfederasiyalarda komandalar dövrəli sistemlə mübarizə aparırlar. Bundan əlavə, hər iki milli dünya kubokuna vəsiqə qazanmaq üçün pley-off matçlarında iştirak ediblər.

Bosniya, mundiala xoş gəldin

Argentina, İspaniya, Braziliya, Almaniya, İtaliya, Meksika, ABŞ və Cənubi Amerika milliləri son beş mundialın hamısında iştirak etməyə müvəffəq olublar. “Sambaçılar” rəqiblərindən fərqli olaraq, dünya çempionatlarının daimi iştirakçısıdı. Budəfəki dünya kubokunun debütantı Bosniya və Herseqovinadı. Edin Dzeko, Vedad İbişeviç kimi futbolçulara sahib olan balkanlar qrup mərhələsini lider kimi adlamağa nail olublar. Heç kim onlardan elə də ciddi uğur gözləməsə də, turnirin süpriz komandalarından hesab edilirlər.

Avropalılar nədə uduzurlar?

Seçmə mərhələ oyunlarını 17.549.343 azarkeş stadiondan canlı izləyib. Cənubi amerikalıların futbola sevgisi statistik göstəricilərdə də açıq-aşkar özünü büruzə verir. Belə ki, Cənubi Amerikada hər oyunu orta hesabla 34 min azarkeş izləyir. Asiyada bu rəqəm 24 mindi. Avropada isə hər oyunu orta hesabla 22 min azarkeş stadiondan izləyib. 2012-ci il iyunun 12-də Tehranın “Azadi” stadionunda baş tutan İran - Qətər (0:0) matçını 120 min azarkeş izləyib. Bu, seçmə mərhələdə stadiona ən çox azarkeş toplayan oyun olub.

“Alt-üst” söhbət

Seçmə mərhələdə rəqiblərini ən çox məyus edən komanda Almaniya millisidi - 39 qol. Nigeriyaya isə dünya çempionatına vəsiqə qazanmaq üçün 11 qol kifayət edib. Afrikalılar mundialın ən az qol vuran komandasıdı. Məhsuldar futbolçular siyahısında isə üç futbolçunun adına rast gəlmək olar - belizli Deon Makulay, uruqvaylı Luis Suares və hollandiyalı Robin Van Persi. Hər üç futbolçu rəqib komandaların qapısından 11 top keçirməyi bacarıblar. Jak Hayko (Yeni Kaledoniya) və Lesli Fleur (Bəhreyn) bir oyunda ən çox fərqlənən futbolçulardı - 5 qol.

Göz qamaşdıran vəsait

Mundial oyunları 12 şəhərdə, eyni sayda stadionda keçiriləcək. Oyunların keçiriləcəyi arenalardan ən böyüyü Rio de Janeyroda yerləşən məşhur “Marakana”dı. Bir vaxtlar 200 min azarkeşi ağuşuna alan stadion indiyədək üç dəfə rekonstruksiya olunub və son yenidənqurma işlərindən sonra 77 min azarkeşi qəbul edəcək. Bu stadionda 7 qarşılaşma keçiriləcək və dünya kuboku məhz burda havaya qaldırılacaq. Açılış matçı isə ecazkar “Arena de San-Paulu”da baş tutacaq. Açılış oyunundan əlavə daha beş matç da burda keçiriləcək. San-Pauluda yerləşən stadionun rekonstruksiyası 350 milyon dollara başa gəlib, tutumu 68 min nəfərdi. Stadionların təmiri və rekonstruskiyasına ümumilikdə 1 milyard 653 milyon dollar xərclənib.

Bu da DÇ-2014-ün stadionları:

Marakana - 77 min (Rio de Janeyro)

Nasyonal Meyn Qarrinça - 70 min (Braziliya)

Arena de San-Paulu - 68 min (San-Paulu)

Kastelao - 64 min (Fortaleza)

Mineyrao - 62 min (Belo Horizont)

Beyra-Rio - 51 min (Porto Aleqre)

Fonte Nova Arena - 56 min (Salvador)

Pernambukano Arena - 46 min (Rekife)

Arena da Bahya - 43 min (Koritiba)

Pantanal Arena - 42 min (Kuyaba)

Amazoniya Arena - 42 min (Manaus)

Das-Dunas Arena - 42 min (Natal)

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR