Rio-2016: Radik İsayev finalda (YENİLƏNİB)
Bizi izləyin

İdman

Rio-2016: Radik İsayev finalda (YENİLƏNİB)

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Radik İsayev yarımfinal görüşünə çıxıb.

80 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionunun rəqibi böyük britaniyalı Mahama Ço olub.

İlk raundda tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissədə Ço 1 xal almağı bacarıb. Üçüncü hissədə isə İsayev hesabı bərabərləşdirdikdən sonra daha 3 xal alsa da, hakimlər rəqib məşqçinin etirazından sonra həmin xalları siliblər. Bununla belə, Azərbaycan taekvondoçusu sona doğru daha 2 xal alaraq, 3:1 hesablı qələbə sayəsində finala yüksəlib.

Qeyd edək ki, həlledici qarşılaşmada Radik İsayevin rəqibi Abdulrazak İssufu Alfaqa (Nigeriya) olacaq.

00:12

Taekvondoçumuz Radik İsayev 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə qarşılaşıb. Pekin Olimpiadasının qalibi ilə döyüş olduqca gərgin keçib. Qarşılaşma boyunca hesabda geri olan Radik sona bir neçə saniyə qalmış fəallaşaraq vəziyyəti xeyrinə dəyişə bilib. Effektli baş zərbəsi ilə aradakı fərqi artıran idmançımız yekunda 12:8 hesabı ilə qalib gəlib.

20:23

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarındakı taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, dünya və Avropa çempionu Radik İsayevin ilk çıxışı uğurlu olub.

Publika.az xəbər verir ki, turnirdə 80 kiloqramdan yuxarı çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz Radik İsayev səkkizdəbir final mərhələsindəki ilk görüşündə qazaxıstanlı Ruslan Japarovla qarşılaşıb.

Qazaxıstanlı idmançı ilə döyüşdə rəqibini 11:2 hesabı ilə məğlub edən milli komandamızın üzvü R.İsayev dörddəbir final mərhələsinə adlayıb.

Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə gücünü sınayacaq. Görüş 23:45-də start götürəcək.

Qeyd edək ki, “Rio-2016”dakı taekvondo yarışlarının üçüncü günündə qadınlar arasında 67 və kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm