64 ildir davam edən dəhşətli iztirab – FOTOLAR
Bizi izləyin

İdman

64 ildir davam edən dəhşətli iztirab – FOTOLAR

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin Mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir.

Növbəti yazı Braziliyada keçirilən 4-cü dünya çempionatına həsr olunub.

“Qızıl ilahə”ni faşistlərdən necə gizlətdilər?

Fransadakı dünya çempionatı ilə növbətisi arasında 12 il müddət oldu. Müharibə bitən kimi, 1946-cı ilin yayında, FİFA-nın Lüksemburqdakı konqresində bu quruma rəhbərlik etməsinin 25 illiyi münasibətilə, yarışların əsas mükafatına Jül Rimenin adı verildi.

Faşistlər dəfələrlə “Qızıl ilahə”ni əldə etməyə çalışmış, ancaq heç nəyə nail olmamışdılar. Bu kubok uzun müddət İtaliya Futbol Federasiyasının baş katibi Ottorino Barassinin çarpayısının altında, cırıq uzunboğaz çəkmənin içində qalmışdı. Köhnə əşyaların içinə baxmaq evdə dəfələrlə axtarış edən hitlerçilərin ağlına belə gəlməmişdi.

Almaniya Beynəlxalq Futbol Federasiyasından çıxarıldı. Əvəzində SSRİ dəvət aldı, Böyük Britaniya üzvlüyünü bərpa etdi. Növbəti konqres də Londonda keçirildi və burda növbəti dünya çempionatının ev sahibinin Braziliya olmasına qərar verildi. Meydan sahibləri turnirin formatını dəyişib, ilkin mərhələdə qrupların olması variantına qayıdışı təklif etdilər. Məhz bu mundialda titul ilk və sonuncu dəfə dairəvi sxemlə oynanıldı. Cənubi Amerika çempionatda beş ölkə ilə təmsil olunmuş, Argentina yenidən imtina etmişdi. Sosialist düşərgəsinə birləşməyə başlayan Şərqi Avropa ölkələri də yarışa gəlmədilər.

Əvvəlcə braziliyalıların işi yağ kimi gedirdi

24 iyun 1950-ci ildə Braziliya - Meksika matçı ilə 4-cü dünya çempionatı start götürdü. Bundan bir neçə gün əvvəl isə Rio və San-Paulu yığmalarının yoldaşlıq görüşüylə məşhur “Marakana” da öz həyatına başladı. Düzdü, planetin ən böyük futbol arenasının tikintisini 22 aya bitirmək mümkün olmadı. Müəyyən işlər turnirin gedişində də davam etdirilirdi.

Meydan sahibləri təbii olaraq turnirin əsas favoriti hesab edilirdilər. Təcrübəli mütəxəssis Flavio Kosta tamaşaçıları sevindirən və mütəxəssislərin heyrətinə səbəb olan, baxımlı futbolla fərqlənən kollektiv yaratmağa nail olmuşdu. Diaqonal oyun sistemi komandaya hücumları müxtəlif istiqamətlərdə qurmaq imkanı yaratmışdı.

Həlledici qarşılaşmaya qədər braziliyalıların işi yağ kimi gedirdi. İsveç və İspaniya üzərindəki böyük qələbələr onlara tay komandanın bu DÇ-də olmadığı fikrini bir daha möhkəmləndirdi.

İngilis futbolu tarixində ən böyük məğlubiyyət

Heyətində Metyuz, Finni və Ramsey olan ingilislər isə ABŞ-a məğlub olaraq hamını təəccübləndirdi. Yankilərin, siqarını yalnız meydançaya çıxanda kənara qoyan qolkiperi Sem Borqi həmin matçı belə xatırlayır: «Bir gün əvvəl bütün gecəni “Minelli” otelində qəbulda keçirdik. İngilislər üzərində qələbə haqda heç düşünmürdük də. Amma rəqiblərin əsəblərini korlamaq, onları bir az yormaq istəyirdik. Matçın lap startından rəqib bizi qapımıza sıxdı, bir neçə təhlükəli zərbəni dəf edə bildim. 38-ci dəqiqədə isə hesabda irəli çıxdıq. İngilislər isə şans ardınca şansı boşa verməyə davam edirdilər. Oyunun sonuna 15 dəqiqə qalmış anladıq ki, biz qələbə qazanmalıyıq və aslanlar kimi oynamağa başladıq».

“Qızıl top”un ilk sahibi Stenli Metyuz isə “final fiti səslənəndə sıxmış olduğum yumruqlarımı açdım. Gördüm ki, hirsimdən dırnaqlarımla əlimin içini qana bulamışam” deyərək matçı xatırlayırdı. Nüfuzlu “Deyli Teleqraf” həmyerlilərinin məğlubiyyətini “İngilis futbolu tarixində ən böyük məğlubiyyət” adlandırmışdı.

Hiqqianın qolu hər şeyi alt-üst etdi

Uruqvay isə Braziliyanın əsas rəqibi kimi yalnız finaldan əvvəl elan olundu. Xuan Lopesin komandası çox da gözəl futbol oynamasa da döyüşkən, möhkəm idi və yaxşı müdafiə olunurdu. Son görüşdə meydan sahiblərini bərabərlik də qane edirdi. Ancaq Flavio Kosta yetirmələrinə ehtiyatlı olmağı tövsiyə edirdi: «Uruqvaylılar bizi yaxşı öyrəniblər. Onların istəklərinə oyun olmayın, təxribatlara cavab verməyin, düzgün və sakit futbol oynayın».

Təəssüf ki, onun səsi ümumi eyforiyanın içində itib-batdı. Matçdan əvvəlki bir neçə gündə braziliyalıların məşq bazası bazarı xatırladırdı. Məmurlar, deputatlar, digər siyasətçilər, iş adamları axınla Jau parkına gəlir, «gələcək çempionlar»la şəkil çəkdirirdilər. Qapıçı Barboza etiraf edirdi: «Həmin günlərdə olduğu qədər yanıma bütün həyatım boyu adam gəlməmişdi. Salamlaşma və imza paylamaqdan sağ əlim ağrımağa başlamışdı».

...Həlledici qarşılaşmanın sonuna 15 dəqiqə qalmış, FİFA-nın 76 yaşlı prezidenti Jül Rime yavaş-yavaş fəxri lojanı tərk etməyə başladı. O, meydançanın mümkün qədər yaxınına getmək istəyirdi ki, final fiti səslənən kimi «qızıl ilahə»ni braziliyalıların kapitanı Auqustoya təqdim etsin. Tabloda iki dənə bir rəqəmi yanırdı. Meydan sahibləri dayanmadan hücum edir, 200 minlik kütlədən demək olar ki, heç kimin faciənin baş verəcəyi ağlına belə gəlmirdi.

Amma... Hiqqianın qolu hər şeyi alt-üst etdi. Deyəsən, heç Rime də nə baş verdiyini anlamadı. Ən azı o, uzun müddət «qanadlı nika»nı uruqvaylıların ona yaxınlaşan kapitanı Varelaya verib-verməmək haqda bir az düşündü də. FİFA başqanı həlledici qolu görməmişdi. Yalnız tabloya baxandan sonra əmin oldu ki, hesab 2:1-di. Xronometrdə saat 16:50-ni göstərirdi. Tarix isə 16 iyul 1950-ci il idi. Braziliya xalqı hələ də o məğlubiyyətin iztirabını çəkir. Üstündən 64 il keçməsinə, 5 dəfə dünya çempionluğunu qazanmalarına baxmayaraq…

DÇ-1950. Braziliya

Final mərhələsi. 24 iyun-16 iyul

13 komanda dörd qrupda mübarizə apardıqdan sonra qrup qalibləri final qrupuna yüksələrək mübarizəni dairəvi sistemlə davam etdiriblər.

22 oyun, 1337000 tamaşaçı (orta hesabla hər oyunda 60773)

88 qol (orta hesabla hər oyunda 4,00)

Ən yaxşı futbolçu - Ademir (Braziliya)

Bombardir: Ademir (Braziliya) - 9.

Qrup mərhələsi

Qrup 1

1.Braziliya 3 2 1 0 8-2 5

2.Yuqoslaviya 3 2 0 1 7-3 4

3.İsveçrə 3 1 1 1 4-6 3

4.Meksika 3 0 0 3 2-10 0

Qrup 2

1.İspaniya 3 3 0 0 6-1 6

2.İngiltərə 3 1 0 2 2-2 2

3.Çili 3 1 0 2 5-6 2

4.ABŞ 3 1 0 2 4-8 2

Qrup 3

1.İsveç 2 1 1 0 5-4 3

2.İtaliya 2 1 0 1 4-3 2

3.Paraqvay 2 0 1 1 2-4 1

Qrup 4

1.Uruqvay 1 1 0 0 8-0 2

2.Boliviya 1 0 0 1 0-8 0

Final qrupu

1.Uruqvay 3 2 1 0 7-5 5

2.Braziliya 3 2 0 1 14-4 4

3.İsveç 3 1 0 2 6-11 2

4.İspaniya 3 0 1 2 4-11 1

Qeyd: O vaxt qələbəyə görə 2 xal verilirdi.

Bütün oyunlar

1. Braziliya - Meksika 4:0

2. Yuqoslaviya - İsveçrə 3:0

3. İspaniya - ABŞ 3:1

4. İngiltərə - Çili 2:0

5. İsveç - İtaliya 3:2

6. Yuqoslaviya - Meksika 4:1

7. Braziliya - İsveçrə 2:2

8. ABŞ - İngiltərə 1:0

9. İspaniya - Çili 2:0

10. İsveç - Paraqvay 2:2

11. Braziliya - Yuqoslaviya 2:0

12. İsveçrə - Meksika 2:1

13. İspaniya - İngiltərə 1:0

14. Çili - ABŞ 5:2

15. İtaliya - Paraqvay 2:0

16. Uruqvay - Boliviya 8:0

17. Braziliya - İsveç 7:1

18. Uruqvay - İspaniya 2:2

19. Braziliya - İspaniya 6:1

20. Uruqvay - İsveç 3:2

21. İsveç - İspaniya 3:1

22. Uruqvay - Braziliya 2:1

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm