• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

«Pentakampeonlar» haqda pentatrik yazı - Fotolar

  • İdman
  • 14 Aprel 2014 12:33
  • 1 998 Baxış
«Pentakampeonlar» haqda pentatrik yazı - Fotolar

Dünya çempionatı həyəcanı hər ötən gün yaxınlaşır. Qitənin mötəbər futbol turnirini həvəslə gözləyən azarkeşlər komandalar haqda daha çox məlumat toplamaq istəyir.

Bunu nəzərə alaraq, Publika.az-ın “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara komandalar, qruplar və keçmiş mundiallar haqqında yazılar təqdim edirik. Bu yazımız isə turnirin ev sahibi və favoritlərindən biri Braziliya millisi haqqında olacaq. Arxada qalan 19 mundialın hamısında iştirakçı olan Braziliya artıq ikinci dəfə DÇ-yə ev sahibliyi edəcək. Karnavallar ölkəsinin ev sahibi olması, burdakı futbol ənənəsi turnirə olan marağı daha da artırır. Braziliya millisinin dünya çempionu olmaq şansının daha çox olması da digər komandalar üçün əlavə motivasiya rolunu oynayır.

Özünü sübut anı

Braziliya millisi titullarının sayına görə digər ölkələri böyük fərqlə qabaqlayır. Beş dəfə dünya çempionu olan “sambaçılar” hər mundialdan sonra dünya futboluna yeni ulduzlar bəxş etməklə də yadda qalıb. Futbolçu «istehsal»ına görə dünyada lider olan cənubi amerikalılar dörd ildən bir dünya futboluna xüsusi futbolçular bəxş edirlər ki, həmin oyunçular illər boyu unudulmurlar, eyni zamanda, milyonlarla, bəlkə də milyardlarla insanın könlündə taxt qururlar. Çox uzağa getmədən, sonuncu dəfə qalib olduqları 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən mundialı yada salaq. Dida, Roberto Karlos, Ronaldo, Ronaldinyo, Kafu, Kaka, Rivaldo və digərləri möhtəşəm oyunları ilə dillər əzbəri oldular. Onlardan bəziləri həm dünya futbolunun, həm də ölkələrinin əfsanələrinə çevrildilər. Həmin dövrdə komandanın başında Luis Felipe Skolari kimi bir məşqçi dayanırdı. O, məşqçi ki, illər sonra bütün dünyaya özünü yenidən sübut etmək şansını qazanacaqdı.

Yenə tənqidlər, yenə nəticə

Sonrakı 8 il ərzində uğur qazana bilməyən cənubi amerikalılar komanda daxilində dəyişikliklər etmək qərarına gəldilər. 2002-ci ildəki uğurların banisi Skolari yenidən baş məşqçi postuna təyin edildi. Bütün dəyişikliklərə təcrübəli mütəxəssis özü nəzarət edirdi. O, riskə gedərək təcrübəli, ad-sanlı futbolçuları millidən uzaqlaşdırdı və gənclərə şans vermək qərarına gəldi. Luis Felipe Ronaldinyo, Kaka kimi oyunçuları oyunlara dəvət etmədiyinə görə tənqidlərə məruz qaldı. Zaman ötdükcə gənc oyunçular özlərini göstərməyə başladılar. Özü də necə! Qapıçı seçimində çətinliklər yaşayan Skolari təcrübəli Julio Sezara şans versə də, digər mövqelərdə gənclər çıxış etməyə başladı. Təbii ki, Sezar kimi bir neçə təcrübəli futbolçunun - Tyaqo Silva, Daniel Alveş, Dante, Jadson və Fredin xidmətindən istifadə edilirdi. Təcrübəlilərin və gənclərin sintezindən əla komanda qurmağı bacaran Skolari «diş»ini Konfederasiyalar Kubokunda çempion olmaqla göstərdi. Rəqiblərinə aman verməyən “sarı-yaşıllar” çempionluq sevinci yaşamaqla yanaşı, iştirak etdikləri bütün görüşlərdə qalib gəldilər. Final matçında ispanların cənubi amerikalıların qarşısında aciz qalması (3:0) diqqətdən yayınmadı.

Əsas heyət təxminən bəllidi

Məhz «kiçik dünya kuboku»ndan sonra Braziliyanın mundiala yollanacağı heyəti qismən müəyyənləşdi. Müdafiə xəttinin mərkəzi David Luiz və Tyaqo Silvaya tapşırıldı. Cinahlarda isə Marselo və Alveşin təcrübəsindən istifadə ediləcək. Yarımmüdafiə Paulinyo, Luiz Qustavo və Oskar «trio»suna həvalə edilib. Hücum xəttinin cinahlarında Halk və Neymarın rəqiblərinə başağrı olacağı dəqiqdi. Hücumun sivri ucunda yer alan Fredin təcrübəsini də unutmaq olmaz. Ehtiyat oyunçular skamyasında komanda yoldaşlarını əvəzləyə biləcək xeyli sayda futbolçu var. Məsələn, Dante, Lukas Leyva, Hernanes, Felipe Luis, Bernard və s. Siyahını xeyli uzatmaq da olar.

Skolarinin tərəddüdü

Braziliya millisində heç vaxt futbolçu seçimi baxımından çətinliklər olmayıb. Hansısa problem yaşanarsa, Skolarinin dəftərçəsində qeyd edilmiş xeyli sayda «top sehrbazı» böyük həvəslə dəvət gözləyir. Turnir öncəsi daha çox Kaka, Ronaldinyo və Robinyonun heyətə cəlb edilib-edilməyəcəyi müzakirə olunur. Azarkeşlər və futbol ictimaiyyəti təcrübəli futbolçuları sonuncu dəfə mundialda izləmək istəyirlər. Luis isə bu məsələdə tərəddüd edir. O, həmin oyunçuların komanda daxilindəki əhval-ruhiyyəni pozmasından çəkinir. Eyni zamanda, taktikasında və heyətdə onlara yer olmadığını söyləyir. Kaka və Robinyo cari mövsüm ərzində “Milan”ın heyətində xeyli sayda oyun keçiriblər. Ronaldinyonun vəziyyəti isə tamam fərqlidi. “Yekədiş” artıq əvvəlki formasından uzaqdı. O, xeyli vaxtdı ki, içkiyə, əyləncəyə, gecə həyatına qurşanıb. Bu səbəbdən tez-tez zədələnir və meydanlardan uzaq qalır. Hər şeyə rəğmən, braziliyalılar onun kimi əfsanəni dünya çempionatında sonuncu dəfə izləmək istəyirlər. Hər şeysə may ayının sonuncu həftəsində məlum olacaq.

Qaranlıq qalan seçim

Braziliyalı ulduz futbolçuların millidə oynamağa can atdığı vaxtda başqa ölkəni seçənlər də var. Doğrudu, müxtəlif ölkələrin heyətində “sambaçılar” iştirak edirlər. Amma həmin futbolçuların ölkələrinin yığma komandasında oynama ehtimalları sıfıra bərabər olur. Bu səbəbdən başqa ölkənin formasını geyinməyə qərar verirlər. İndi isə hər şey fərqlidi. Madrid “Atletiko”sunun heyətində çıxış edən Dieqo Koşta vətənindən gələn təklifi rədd edərək, İspaniya millisində çıxış etməyi qərara alıb. Skolari ona hücum xəttində şans vermək niyyətində idi. Mütəxəssisin Koşta ilə bağlı fikirlərindən bir cümləlik sitat: “Təsəvvür edin, hücum xəttində Neymar, Halk və Koşta oynaya bilərdi…». Yəqin əlavə şərhə ehtiyac yoxdu. Dieqonun seçimi isə hələ də futbol ictimaiyyəti üçün qaranlıq qalıb.

Natiq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR