• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sevgini nəticəyə dəyişən adam

  • İdman
  • 14 Aprel 2014 14:02
  • 942 Baxış
Sevgini nəticəyə dəyişən adam

«Xalq komandası»nı xalqa necə qaytarmaq olar?

O, «Neftçi»yə prezident təyin olunana kimi komandanın nəticələri bu qədər yaxşı deyildi, Avropa Liqasının qrup mərhələsi isə yuxu kimi görünürdü. O, «Neftçi»yə prezident təyin olunana kimi insanlar bu kluba tərəddüd etmədən «xalq komandası» deyirdilər. İndi isə...

«Prezident» rubrikasının bu dəfəki qonağı müsbətləri, mənfiləriylə birgə «Neftçi»nin prezidenti Sadıq Sadıqovdu.

AFFA prezidentinin adamı?

Sadıq Sadıqov haqda danışanda kimisi onun AFFA prezidenti Rövnəq Abdullayevin qohumu, kimisi də sadəcə, dostu olduğunu deyir. «Neftçi»nin hazırki prezidentiylə «ağ-qaralar»ın sabiq prezidenti arasında qohumluq əlaqəsinin olub-olmadığını dəqiq bilməsək də, bir şey məlumdu: hər ikisi Naxçıvandandı, hər ikisinin futbol karyerasında «Neftçi» adlı klub böyük yer tutur. Və üstəlik, Sadıqovun prezidenti olduğu «Neftçi» Rövnəq Abdullayevin rəhbəri olduğu SOCAR-dan maliyyələşir. Bütün bunlar varkən, bu iki şəxs arasında münasibətə ad vermək də mənasını itirir. Sadıq Sadıqovla Rövnəq Abdullayev yaxın adamlardı - bu qədərini bilsək, yetər.

Sədaqətli prezident xəyanəti bağışlamır

Sadıqov üçün müsbət saya biləcəyimiz tərəflərindən biri öz ətrafına sədaqətli olmasıdı. O, dostlarına heç vaxt arxa çevirmir və son anadək onları müdafiə edir. Güloğlan Cabbarov əhvalatı yadınızdadı? Ölkə kubokunun finalında «Xəzər Lənkəran»lı futolçuları şillə-təpiyin altına saldı. Mətbuat «Neftçi»nin idman direktorunun insanlığa yaraşmayan bu hərəkətini kəskin tənqid etdi. Cabbarova görə Sadıq Sadıqovun da ünvanına az söz deyilmədi. Amma o, son ana qədər Cabbarovun arxasında dayandı, «dostumdu, bizdə dosta arxa çevirmək yoxdu» dedi. Düzdü, Güloğlan «Neftçi»də əvvəlki vəzifəsini davam etdirmədi. Lakin bu, ictimai basqıdan qorunmaq, emosiyaları yatırtmaq üçün atılan addımdı. Cabbarov yenə «Neftçi»də, yenə Sadıqovun yanındadı. Bunu müsahibələrinin birində klub prezidenti özü də etiraf edib: «Dostluq bilirsiz nədi? Bu uşaq 1995-ci ildən mənim əlimdə böyüyüb. Güloğlanla mənim yaş fərqim də böyükdü. İndiyədək yanımdadı. Çox güclü, Azərbaycanın bayrağını xaricdə dalğalandıran bir idmançıdı. Bəli, onu klubdan uzaqlaşdırdım. Amma hüquq fakültəsini qurtarıb. Klubun özündə hüquqşünas kimi fəaliyyət göstərir. Oyunda da komandası oynayırsa, gəlib baxmalıdı da».

«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov da klub prezidentinin sədaqətinə güvənənlərdəndi. Süleymanovla bağlı mətbuatda daha nələr yazılmayıb? Onun legionerlərin transferindən pul «tutması» haqda iddialardan tutmuş, «böyük oyun»a AFFA rəsmilərinin getməməsini tənqid edib, özü rəsmilərin tənqidinə tuş gəlməsinə kimi hər şey. Ancaq Sadıq Sadıqov həmişə Süleymanovun yanında olub, onu müdafiə edib.

Böyükağa Hacıyev də səhhətindəki problemlərə, çox vaxt verdiyi açıqlamaların məsuliyyətini dərk etməyib «Neftçi»yə problem yaratmasına rəğmən, klub prezidentinin vaz keçmədiyi şəxslərdəndi. Düzdü, bir dəfə - ötən ilin yayında, «Skenderbeu»yla oyundan əvvəl - dilindən çıxan sözə və mətbuatın təzyiqinə görə Hacıyev baş məşqçi postundan getdi. Lakin zaman göstərdi ki, o, sadəcə, müalicəsiylə əlaqədar «istirahət»ə çəkilibmiş. Sular nisbətən durulandan sonra Sadıq Sadıqov onu yenidən «sükan arxasına» gətirdi.

Fikir vermisizsə, «Neftçi»nin futbolçu heyətində də dəyişikliklər çox gec-gec olur. Komanda uzun zamandı sabit heyətlə çıxış edir, arabir lazım olan mövqelərə yeni futbolçular gətirilir, vəssalam. Amma ümumilikdə «ağ-qaralar»ın əsas heyəti dəyişməz qalır. Hardasa bunu da Sadıqovun öz ətrafına sədaqətli olması, dəyişikliklərə meylli olmaması ilə izah etmək olar.

Sadıqov əqrəb bürcündəndi. Bu bürcdən olan adamlar xəyanəti heç cür bağışlaya bilmirlər. Və onlara xəyanət olunana qədər dostlarına sədaqətli olurlar. Eynən Sadıqov kimi.

Futbolun içində - əsl futbol adamı kimi

Azərbaycanda klub prezidentlərinin əksəriyyəti başında dayandıqları komandaya vaxt ayırmırlar, ildə-ayda bir dəfə toplantı keçirib, bununla da işlərini bitmiş sayırlar. Amma Sadıq Sadıqov belə deyil. Siz «Neftçi»nin bazasına getsəz, klub prezidentini ya otağın pəncərəsindən, ya da qazonun kənarında dayanıb məşqi izlədiyini görərsiz. O, öz komandasının yanında olur, hər bir futbolçunun problemiylə maraqlanır, istənilən məsələdən xəbərdar olur, çox vaxt işə birbaşa özü nəzarət edir. Qələbələrə hamıdan çox sevinir, məğlubiyyətlərə hamıdan çox üzülür. Əksər klub prezidentlərində olduğu kimi, oyunun nəticəsini zəng edib, telefonla ona demirlər, oyunları özü izləyir çox vaxt.

Sevgini nifrətə dəyişdi

Sadıq Sadıqov «Neftçi»yə gələnə kimi klubda vəziyyət çox pis idi. Bir neçə prezident dəyişmiş, bir-birini əvəz edən məşqçilər «ağ-qaralar»ın gücünün zəifləməsinə, reytinqinin aşağı düşməsinə qarşı əlac tapa bilməmişdilər. 2009-cu ilin sonlarında Sadıq Sadıqov «xalq komandası»na təşrif buyurdu və bununla da hər şey dəyişdi. «Neftçi» onun rəhbərliyi altında ardıcıl üç il çempion oldu, kubok qazandı, Avroliqanın qrup mərhələsinə vəsiqə əldə etdi. Bir sözlə, «ağ-qaralar» uzun illər həsrətində olduqları uğurları Sadıq Sadıqovun rəhbərliyi altında əldə etdilər.

Lakin bütün bunların fonunda gözlə görülə, qulaqla eşidilə biləcək başqa bir şey də baş verdi: «Neftçi» nəticə qazandıqca, özünə olan hörməti, sevgini itirməyə başladı. Bütün bunlar isə boşuna deyildi. Sadıq Sadıqovun «Neftçi»si bir klubdan daha çox döyən, söyən, hədə-qorxu gələn dəstəyə bənzəməyə başladı. «Ağ-qaralar»ın 2009-cu ildən bəri hakimlərlə hansı problemləri, qalmaqalları xatırlamaq əhəmiyyətsizdi. Onda gərək bütün yazını buna həsr edək. Amma «Neftçi»ni təmsil edən Güloğlan Cabbarovun finaldakı qoçuluğunu, Araz Abdullayevin maşınla bir qadını qətlə yetirməsini (lakin cəzasız qalmasını), «Bakı»yla görüşdən sonra «zolaqlılar»ın futbolçusu Elvin Əliyevin «Neftçi»nin oyunçusu Mirhüseyn Seyidov və onun dostları tərəfindən vəhşicəsinə döyülməsini xatırlatmaq olar.

Hələ Mahir Şükürovun azarkeşlərə barmaq göstərməsini, Böyükağa Hacıyevin mətbuat konfranslarında jurnalistlərlə, azarkeşlərlə söz davasına çıxmasını demirik. Hələ «Neftçi» tərəfindən bir idman qəzetinin redaksiyasına göndərilən, jurnalisti ölümlə hədələyən qoluzorluları demirik. Nəticə nə oldu? «Neftçi» daha əvvəlki kimi sevilmir. Daha əvvəllər olduğu kimi bu komandanın oyunlarında azarkeş sayı digər paytaxt klubları ilə müqayisədə çox olmur. Sadıq Sadıqov və ətrafı «Neftçi»yə uğurlar qazandırdı, əvəzində bu komandaya olan sevgini, sayğını itirdi. Təəssüf, çox təəssüf ki, belədi.

«Neftçi»dən gedir?

Nə məsələdisə, «Neftçi»də çalışanlar söz verməyi sevirlər. Böyükağa Hacıyev ötən ilin yayında, «Skenderbeu»yla oyundan əvvəl «uğur qazanmasaq, istefa verəcəm» dedi və etdi. Düzdü, bu, hələ ki, Hacıyevin söz verib əməl etdiyi yeganə məsələdi. Ondan sonra o, «filan komandaya Bakıda beş qol vuracam», «filan vaxt kimin harda olduğunu görərsiz» kimi saysız-hesabsız açıqlamalar da verib. Ki, heç birinə əməl etməyib.

Sadıq Sadıqov da vaxtı ilə «Neftçi»ni beş dəfə çempion edib gedəcəm» açıqlamasını vermişdi. Amma görünən budu ki, bu yazda «ağ-qaralar» çempionluq marşrutunda «astanovka» etməli olacaqlar.

Sadıqov isə lap yaxınlarda mətbuata verdiyi müsahibədə bu mövsüm çempion olmayacaqları halda «Neftçi»dən gedəcəyini deyib: «Vallah, komandanı çempion eləməsəm, gedəcəm. Çünki biz ancaq çempionluq üçün işləyirik». Bu açıqlamadan sonra suallar çoxdu: Sadıqov doğrudanmı «Neftçi»dən gedəcək? Növbəti iş yeri hara olacaq? «Neftçi»yə kim rəhbərlik edəcək? Hələlik bu suallara cavab tapmaq «ölümdən sonra nə olur» sualına cavab tapmaq qədər çətin, müşküldü. Amma Sadıqov «vallah, gedəcəm» deyib. Hər il Həcc ziyarətinə gedən biri üçün bu and elə-belə and olmamalıdı...

Bunu diqqətə al, Sadıq Sadıqov

Sadıq Sadıqov başqa klub prezidentləriylə müqayisədə futbolu daha yaxşı bilir, futbola daha yaxın biridi. Düzdü, o, məsələn, «Qəbələ»nin prezidenti Tale Heydərov, «İnter»in bolqar prezidenti Georgi Nikolov kimi yüksək intellektə və savada sahib deyil. Amma işini bilən adamdı və bunu «Neftçi»nin qazandığı nəticələr də göstərir. Ancaq Sadıq Sadıqovun ən böyük «əmma»sı zora, gücə arxalanmasıdı. Zor və güc isə xalqın komandası sayılan bir komandaya sevgi qazandırmaz, nifrətə səbəb olar. Çünki xalq dediyimizi daha çox kasıb, sadə təbəqə təşkil edir. Kasıb və sadə olanın isə zorla, güclə işi olmaz. «Neftçi»ylə xalq arasında rabitənin itməsinin əsas səbəbi də budu. Sadıq Sadıqov fikrindən daşınsa, «Neftçi»dəki işinə davam etsə, bunu mütləq diqqətə almalıdı. Almasa, onun «Neftçi»dən getməsinə sevinənlərin sayı üzülənlərin sayından çox olacaq... ("Komanda" qəzeti)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR