“Nurgün Motors”da xaos – Nuru Əliyev komandasına nəzarəti itirib
Bizi izləyin

İdman

“Nurgün Motors”da xaos – Nuru Əliyev komandasına nəzarəti itirib

“Nurgün Motors” şirkətlər qrupunun prezidenti Nuru Əliyevin sahibi olduğu “Rəvan” futbol klubunda vəziyyət nəzarətdən çıxıb. Kluba yaxın mənbənin publika.az-a verdiyi məlumata görə, “Rəvan”a rəhbərlik edən şəxslərin yaratdığı qruplaşmalar komandanın idaretmə sistemini iflic vəziyyətinə salıb.

Qeyd edək ki, bu yaxınlarda klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov vəzifəsindən uzaqlaşdırılıb. Yaqubovun mətbuata verdiyi açıqlamadan klub daxilində qruplaşmaların olduğu sezilir: “Bir dəfə Axundovla idman direktoru Füzuli Əliyev mənə irad bildirdilər ki, özünü və Bəhruz Şirəliyevi reklam edirsən. Səbəb kimi isə saytda və facebookda şəkillərimizin olmasını göstərdi. Başa düşmürəm, konfransda mən və baş məşqçi olursa, kimin şəklini qoymalıyam? Şirəliyev də kubokdakı 1/4 final zəfərindən sonra jurnalistlərin əhatəsində müsahibə verirsə, nə etməliyəm? Buyursunlar, onlar da mətbuata açıq olsunlar, şəkilləri saytlarda, qəzetlərdə çıxsın”.

Xatırladaq ki, İlqar Axundov “Rəvan”ın idarə heyətinin üzvüdü və klubda yenicə fəaliyyətə başlayıb. O, idman direktoru Füzuli Əliyev və komandaya yenicə prezident təyin edilmiş Samir Məliksoy eyni qruplaşmada təmsil olunurlar.

Bu qruplaşma “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevin qruplaşmasına qarşı mübarizə aparır. Şirəliyevin qruplaşmasında vaxtilə komandada baş məşqçi postunu tutmuş Vladislav Qədirov və Bəhmən Həsənov da təmsil olunurlar.

Samir Məliksoyun qruplaşmasında təmsil olunan Füzuli Əliyev “Bakı”nın “Rəvan”dakı agenti sayılır.

Qeyd edək ki, “Nurgün Motors”un sahibi Nuru Əliyevlə “Bakı”nın prezidenti Hafiz Məmmədov qudadırlar. Hafiz Məmmədovun oğlu Kənan Məmmədov Nuru Əliyevin kürəkənidi.

Məlumatda qeyd olunur ki, “Rəvan”ı “Bakı”nın farm-klubuna çevirmək istəyən qüvvələr var. Füzuli Əliyev də məhz bu missiyanı həyata keçirtmək üçün ora göndərilib. Onu da qeyd edək ki, Füzuli Əliyevin oğlu Elvin Əliyev “Bakı”nın futbolçusudu.

“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev isə komandanın farm-klub olmasına qarşı çıxır.

Məlumatda bildirilir ki, Samir Məliksoyun qruplaşması artıq Şirəliyevin ətrafını təmizləməklə məşğuldu. İndiyə qədər vəzifəsindən azad edilən komandanın həkimi və mətbuat xidmətinin rəhbəri Şirəliyevin kadrları hesab olunublar.

“Nurgün Motors” şirkətlər qrupunun sahibi Nuru Əliyev hələ ki, bu məsələyə müdaxilə etmir. Məlumatda bildirilir ki, Nuru Əliyev məsələdən xəbərdar olsa da, real addımlar atmaqdan çəkinir. Bəhruz Şirəliyev Nuru Əliyevin inandığı şəxslərdən hesab olunur. “Nurgün Motors”un şefi əslində komandanı qarışdıran qüvvənin – Samir Məliksoyun qruplaşmasının “Bakı”dan idarə olunduğunu bilir. Amma atacağı hər hansı bir addımın qudası Hafiz Məmmədovun acığına gələcəyini düşünərək real addımlar atmaqdan çəkinir.

Çəkindikcə də “Rəvan”da xaosun əhatə dairəsi böyüyür. Məlumatda bildirilir ki, qruplaşmalar Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunlarını gözləyirlər. Bu mərhələdə “Rəvan” “Neftçi” ilə qarşılaşacaq. Kubok qarşılaşmalarına görə tərəflər arasında “atəşkəs” elan olunub. Kubok oyunlarından sonra mübarizənin açıq müstəviyə keçəcəyi bildirilir. Bundan sonra Nuru Əliyevin seçim imkanı qalmayacaq. O, ya qudasına arxa çevirib inandığı şəxsi –Bəhruz Şirəliyevi tutmalı, ya da Şirəliyevi qudasına qurban verməlidir. Eyni zamanda “Rəvan”ı da “Bakı”ya...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm