İngiltərəni 25 ildir ağladan “Hillsboro faciəsi” – FOTOLAR
Bizi izləyin

İdman

İngiltərəni 25 ildir ağladan “Hillsboro faciəsi” – FOTOLAR

Futbol tarixinin qanlı olaylarından biri olan “Hillsboro faciəsi”dən 25 il ötür. Publika.az xəbər verir ki, faciə 1989-cu ilin 15 aprelində İngiltərənin Şeffild şəhərindəki “Hillsboro” stadionunda baş verib.

“Liverpul”la “Notthingem Forest” arasında keçirilən İngiltərə Federasiya Kubokunun yarımfinal matçı ölkə futbol tarixinin ən qanlı olaylarından birinə səhnə olub. Oyun başlayandan sonra stadiona girə bilməyən 4 minə yaxın “Liverpul” fanatı qapıya hücum edib. Olayların böyüdüyünü görən polis müdaxilə edib və insanların əzilməsinin qarşısını almaq üçün turniketi olmayan girişləri də açıb. Nəticədə öncədən stadiona girən fanatlardan bəziləri sıxlıq səbəbindən eyvanlardan yerə düşüb, alt hissədə olanlar isə sıxılaraq boğulub.

Bütün bunlar baş verərkən arxadan gələnlər olaydan xəbərsiz olub və matç davam edib. Ölüm təhlükəsi ilə üzləşən bəzi fanatlar dəmir barmaqlıqların üzərinə çıxmağa çalışıb, bəziləri isə kiçik aralardan meydana çıxmağa başlayıb. Bu zaman hakim hadisələrdən xəbər tutaraq oyunu dayandırıb. Olaylar nəticəsində 94 nəfər ölüb, 766 nəfər yaralanıb. Xəstəxanaya aparılan fanatlardan biri orda dünyasını dəyişdiyindən say 95-ə çatıb. Daha bir nəfər isə 4 il komada qaldıqdan sonra vəfat edib.

Futbol tarixinin ən böyük faciələrindən biri olan olaydan sonra hökumət istintaqa başlayıb. İstintaqa rəhbərlik edən prokuror düz 31 gündən sonra medianın qarşısına 2 hesabatla çıxıb. İlk hesabatda fəlakətin ən böyük günahkarı polis göstərilib. Asayiş keşikçiləri vəzifələrini düzgün yerinə yetirməyərək, turniketi olmayan girişləri açıb, içəri girən azarkeşləri boş yerlərə yönləndirməyib və səhlənkarlıq edib. İkinci hesabat isə bir daha belə hadisələrin təkrarlanmaması üçün stadionlarda ediləcək dəyişikliklərlə bağlı olub. Həmin hesabata əsasən İngiltərədə meydanla tribunaları arasındakı baryerlər qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm