• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xalq düşməni çıxarılan “hiyləgər tülkü”nün zəfəri – FOTOLAR

  • İdman
  • 16 Aprel 2014 12:28
  • 997 Baxış
Xalq düşməni çıxarılan “hiyləgər tülkü”nün zəfəri – FOTOLAR

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin Mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı İsveçrədə keçirilən 4-cü dünya çempionatına həsr olunub.

İsveçrə hələ 1948-ci ildə dünya çempionatını qəbul etmək istəyini açıqlamış, FİFA-nın 50 illik yubileyi münasibətiylə ali futbol qurumu mənzil-qərargahının yerləşdiyi ölkəyə “yox” deməyə cürət etməmişdi. Reqlamentdəki yeniliklərə də həmçinin.

Bu dəfə iştirakçılar qruplara bölünmüş, dairəvi yox, qarışıq kubok sistemiylə oynamalı idilər. Hər qrupdakı dörd komandadan iki güclüsü seçilir və onlara öz aralarında oynamaq imkanı verilmirdi. Daha zəif rəqiblərlə oyunların nəticəsinə əsasən 1/4 finalın iştirakçıları müəyyənləşdirilirdi. Üstəlik, heç-heçələr zamanı əlavə oyun təyin edilirdi. O da bərabərə bitsəydi, hərəyə bir xal verilirdi.

Sxem sadə olsa da, öz qəribəlikləri vardı. İki qrupda ikinci yer üçün oyunlar oynanıldı. Çünki xallar eyni olsa da, rəqiblərin əsl gücü bilinmədiyindən top fərqi hesaba alınmırdı. Məsələn, İtaliya ev sahiblərinə iki dəfə uduzub vətənə yollandısa, türklərin məsələsi bütün çempionata təsir etdi. Onlar və macarlar ikinci qrupun favoriti hesab edildiklərindən, öz aralarında oynamadılar. FİFA-nın yenicə üzvlüyə qəbul etdiyi Qərbi Almaniya bu qrupda yalnız türkləri üstələyə bilərdi. Çünki Qustav Şebeşin yetirmələri o vaxtın şəksiz favoritləri sayılırdılar.

Sonralar almanların çalışdırıcısı Zepp Herbergerin türkləri yenmə və macarları aldatma addımı futbol strategiyasının ən gözəl nümunələrindən birinə çevrildi. Əsas rəqibini bir dəfə yenən bundesməşqçi, macarlarla oyuna ehtiyat heyət çıxarıb biabırçı hesabla yenildi - 3:8.

Almaniyada Herbergeri az qala, xalq düşməni elan etdilər, onu istefaya səslədilər. Ancaq millidə 30 il işləmiş “hiyləgər tülkü” anlayırdı ki, komandası elə ilk cəhddən Macarıstanı yenməyə hazır deyil. Türkləri iki dəfə yenmək isə nisbətən daha asandı. 1/4 finalda yaxşı təşkilatlanmış Yuqoslaviyanı yenəndə, daha sonra Avstriyanı pis günə qoyanda durum dəyişmişdi.

Macarlar isə finala rahat gəldilər. Bu dörd ildə 32 oyundan birində belə yenilməmiş (dörd heç-heçə) və 90 illik futbol tarixində ingilislərə onların meydanı “Uembli”də məğlubiyyət (6:3) yaşatmışdı. Hər halda, 1/4 finaldakı Braziliya ilə matç “Bern yaxınlığında döyüş” adını aldı. Cənubi amerikalılar artıq 4-cü dəqiqədə Xideqkutinin formasını dartıb cırdılar. Sonra Santosla Bojik arasında dava düşdü və ikisi də meydandan qovuldu. Bir qədər sonra daha bir braziliyalı - Umberto da onların arxasınca yollandı. Sonra zədəli Puşkaş ehtiyat oyunçular skamyasından çıxıb rəqib müdafiəçi Pineyroya şillə vurdu. İngilis referi Ellis artıq oyunu idarə edə bilmirdi. Final fitindən sonra oyunçular, məşqçilər, nümayəndə heyətləri və hətta jurnalistlərin də iştirak etdiyi dava başladı. Onları yalnız çoxsaylı polisin müdaxiləsindən sonra sakitləşdirmək mümkün oldu.

Finalda isə belə şeylər olmadı və Herberger bu dəfə öz güclü heyətiylə rəqib Macarıstanı 3:2 yenərək çempion oldu. Dahiyanə plan baş tutmuşdu.

DÇ-1954. İsveçrə

Final mərhələsi

16 iyun-4 iyul

16 komanda dörd qrupda mübarizə apardıqdan sonra hər qrupdan iki qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemiylə davam etdiriblər.

26 oyun, 943000 tamaşaçı (orta hesabla hər oyunda 36269)

140 qol (orta hesabla hər oyunda 5,38)

Ən yaxşı futbolçu: Metyuz (İngiltərə)

Bombardir: Şandor Koçiş (Macarıstan) - 11

Bütün oyunlar

1. Yuqoslaviya - Fransa 1:0

2. Braziliya - Meksika 5:0

3. Avstriya - Şotlandiya 1:0

4. Uruqvay - Çexoslovakiya 2:0

5. Macarıstan - Cənubi Koreya 9:0

6. Qərbi Almaniya - Türkiyə 4:1

7. İngiltərə - Belçika 4:4, ə.v.

8. İsveçrə - İtaliya 2:1

9. Fransa - Meksika 3:2

10. Braziliya - Yuqoslaviya 1:1, ə.v.

11. Avstriya - Çexoslovakiya 5:0

12. Uruqvay - Şotlandiya 7:0

13. Macarıstan - Qərbi Almaniya 8:3

14. Türkiyə - Cənubi Koreya 7:0

15. İngiltərə - İsveçrə 2:0

16. İtaliya - Belçika 4:1

17. Qərbi Almaniya - Türkiyə 7:2*

18. İsveçrə - İtaliya 4:1*

19. Avstriya - İsveçrə 7:5

20. Uruqvay - İngiltərə 4:2

21. Qərbi Almaniya - Yuqoslaviya 2:0

22. Macarıstan - Braziliya 4:2

23. Qərbi Almaniya - Avstriya 6:1

24. Macarıstan - Uruqvay 4:2, ə.v.

25. Avstriya - Uruqvay 3:1

26. Qərbi Almaniya - Macarıstan 3:2

Qeyd: Qrup mərhələsində xalları eyni olduğu üçün turnirin əsasnaməsinə görə Qərbi Almaniya-Türkiyə, İsveçrə-İtaliya əlavə oyunları keçirilmişdi.

Qrup 1

1. Braziliya 2 1 1 0 6-1 3

2. Yuqoslaviya 2 1 1 0 2-1 3

3. Fransa 2 1 0 1 3-3 2

4. Meksika 2 0 0 2 2-8 0

Qrup 2

1.Macarıstan 2 2 0 0 17-3 4

2.Qərbi Almaniya 2 1 0 1 7-9 2

3.Türkiyə 2 1 0 1 8-4 2

4.Cənubi Koreya 2 0 0 2 0-16 0

Qrup 3

1.Uruqvay 2 2 0 0 9-0 4

2.Avstriya 2 2 0 0 6-0 4

3.Çexoslovakiya 2 0 0 2 0-7 0

4.Şotlandiya 2 0 0 2 0-8 0

Qrup 4

1.İngiltərə 2 1 1 0 6-4 3

2.İsveçrə 2 1 0 1 2-3 2

3.İtaliya 2 1 0 1 5-3 2

4.Belçika 2 0 1 1 5-8 1

Qeyd: O vaxt qələbəyə görə 2 xal verilirdi.

Natiq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR