Çempionun atasından xəbərdarlıq: “Bavariya” qalib gəlsə, o, amansız olacaq”
Bizi izləyin

İdman

Çempionun atasından xəbərdarlıq: “Bavariya” qalib gəlsə, o, amansız olacaq”

Çempionun atasından xəbərdarlıq: “Bavariya” qalib gəlsə, o, amansız olacaq”

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin atası Henrik Karlsen "Shamkir Chess 2014" turnirinin rəsmi saytına müsahibə verib.

Publika.az xəbər verir ki, ata Karlsen Maqnusun Şəmkir təəssüratları barədə danışıb, dünya çempionunun "ulduz" xəstəliyinə tutulmadığını və "Real"a ürəkdən azarkeşlik etdiyini bildirib.

- "Shamkir Chess 2014" turnirində Maqnus favorit olduğunu təsdiqləyir. 2 turdan sonra 2 qələbə qazanıb....

- Mən çox xoşbəxtəm. Nəticə məni qane edir. Amma hər zaman nəticə barədə düşünməməyə çalışırıq. Maqnus üçün əsas gözəl oyundur. İnanın, gözəl partiya olanda nəticə özü gəlir. O hər oyunda maksimum yaxşı keyfiyyətilə seçilməyə çalışır. 2 qələbəyə baxmayaraq arxayınlaşmaq olmaz, biz sona qədər inamlı çıxış etməliyik.

- Maqnus Karlsen dünya çempionu olandan sonra çox dəyişib?

- Atası olduğum üçün demirəm, amma Maqnus həmin oğlandır. Dünya çempionu olanda çox sevinirdi. Onun əsas fikri dünya reytinqində 1-ci olmaqdır. FİDE reytinqində liderliyi əldən vermək istəmir. Dünya çempionu olandan sonra dəyişməyib. "Ulduz" xəstəliyinə tutulmayıb. Sadəcə indi Maqnus daha çox tanınır. Əvvəl küçədə 4-5 adam tanıyırdı. İndi Norveçdə yaşadığı Osloda küçədə sakit gəzə bilmir. Şahmatda diqqət və konsentrasiya çox vacibdir. Media və onu sevənlər hər zaman onunla maraqlanır. Buna görə bəzən onu qorumağa çalışırıq. Şahmat tacına sahib çıxandan sonra populyar oldu. Belə insanlar isə adətən sakit küçədə gəzə bilmir.

- "Shamkir Chess 2014" turniri zamanı Karlsen partiyalar vaxtı sarı rəngli şirə içir. Bu xüsusi içkidir?

- Siz məndən sirr açmağı tələb edirsiniz. Qısa oyunlar zamanı adi su içir. Amma uzun şahmat yarışmalarında ona xüsusi içki hazırlayıram. Maqnus portağal suyunu çox sevir. Portağal şirəsi çox şirin olur. Onu su ilə qarışdırırıq və nəticədə Maqnusun sevimli şirəsi alınır. Çox şəkərli içmək çətin olur.

- "Shamkir Chess 2014" turnirində hansı şahmatçı Maqnus üçün problem yarada bilər?

- Bilmirəm. İndi Maqnus özünə çox inanır. Şəmkir onun xoşuna gəlib. Görürsünüz bəzən otelə piyada gedir. Gözəl təbiətdə gəzməyi sevir. Şəmkirdə hər şey onun ürəyincədir. Əgər hər şey yaxşıdırsa onda bütün rəqiblərinə qalib gəlməyi bacaracaq.

- Dünya çempionunun atası olmaq çətindir?

- Əgər seçim imkanım olsaydı dünya çempionunun atası olmağı arzulayardım. Düzdür, bir qədər öz həyatımı kənara qoymuşam. Uzun illər mühəndis kimi çalışmışam. 2012-ci ildən məsləhətçi kimi işləmişəm. Ötən ildən başlayaq Maqnusun komandasına daxiləm. Hər səfər zamanı birgə oluruq. Boş vaxtlarımda isə həyat yoldaşıma dadlı yeməklər bişirirəm.

- Mərhum Vüqar Həşimovla hansı xatirəni bizimlə bölüşə bilərsiniz?

- Vüqar Həşimov böyük ürəyə sahib insan idi. O vaxt Bakıda keçirilən Qran-Pridə gözəl oyun sərgilədi. Yaxşı insanlar həyatı tez tərk edir. İstəyirəm, təşkilatçılara təşəkkür edim. "Synergy Group" olaraq çox sağ olunlar. Onlar Vüqarın xatirəsinə yüksək səviyyəli yarış təşkil edib. Bütün dünyanın diqqəti "Shamkir Chess 2014"ə yönəlib. Çox istərdim, turnir ənənəvi olsun. Maqnus Azərbaycanda keçirilən hər bir yarışda böyük həvəslə iştirak edir. Çünki, burada hər bir turnir yüksək səviyyədə keçir.

- Maqnus həm də "Real" klubunun fanatıdır. Kral klubunun "Bavariya" ilə oyununa baxmağa icazə verəcəksiniz?

- Artıq 10 ildir mən Maqnusa heç nəyi qadağan edə bilmərəm. O hər bir qərarı müstəqil olaraq qəbul edir. "Real"ın əsl fanatıdır. Psixoloji cəhətdən hər bir oyuna özəl hazırlıq vacibdir. Buna görə futbol oyunun nəticəsi ona pis təsir etməz. "Real" qalib gələndə Maqnus xoşbəxt olur. Məğlubiyyət əlbəttə, fanat kimi ona pis təsir edir.

- "Bavariya" "Real"a qalib gəlsə bunun Maqnusun çıxışına mənfi təsir ola bilər?

- “Bavariya” qalib gəlsə, Maqnus rəqiblərinə qarşı daha amansız olacaq. Kral klubu qalib gələndə sevinir ki, qələbə onun komandasınındır. Uduzanda isə, istəyir məğlubiyyətin əvəzini öz qələbəsilə çıxsın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm