• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Əyriayaq əfsanə” ağır həyatın qisasını necə aldı? - FOTOLAR

  • İdman
  • 23 Aprel 2014 12:13
  • 1 194 Baxış
“Əyriayaq əfsanə” ağır həyatın qisasını necə aldı? - FOTOLAR

Rivaldo (əsl adı Vitor Borba Fereyra) uşaqkən xəstə, cılız olub. Gələcəyin “Qızıl top” mükafatını alan, saysız-hesabsız oyunlarda böyük uğurlar əldə edən Rivaldonun uşaqlığı əzablı keçib.

Heç kim onun gələcəkdə uğurlar əldə edəcəyini zənn etmirdi. O, hər gün futbol oynayır, bəzən isə tək qalırdı. Onu uşaqlardan ayıran zəif oynamağı deyildi, xəstəliyi idi. Bəzən Rivaldo o qədər tənha olurdu ki, göz yaşlarını saxlaya bilmirdi.

Rivoldonun uşaqlığında bir boşluq vardı. Bu boşluq onun atasıydı. Hələ balaca vaxtından atasının ölüm xəbərini eşitmişdi: “Avtobusun altında qalıb”.

İki böyük qardaşı Rikardo və Rinaldonun da futbola böyük sevgisi vardı. Fereyra ailəsi varlı deyildi. Onlar olduqca kasıb yaşayırdılar. Rivaldonun anası Romildo ümid edirdi ki, qardaşlardan biri bu səfillikdən, yoxsulluqdan futbol meydanlarına atılacaq.

Böyük qardaşının səylərinə baxmayaraq, o, anasının arzusunu yerinə yetirə bilmədi. Halbuki böyük qardaş o yüksəkliyə yalnız özünün çıxacağını düşünürdü. Anasının arzusunu heç kimin gözləmədiyi Rivaldo yerinə yetirəcəkdi. Eynən Napoleon kimi onun da bu uğuru hər kəsə qeyri-adi görsənir. Artıq cılız, xəstətəhər Rivaldo keçmişdə qalmışdı...

“Əyriayaq” Rivaldo

Rivaldonun oynadığı ilk peşəkar klub “Santa-Kruz” olub. Arıq, cılız futbolçunun meydana çıxmasını azərkeşlər böyük narazlıqla qarşılayıblar. Rivaldonun hər hərəkəti gülüş və uğultuyla qarşılanır, klubun azərkeşləri isə onu “əyri ayaq qaz” adlandırırdı.

Beləliklə, Rivaldonun bu komandadakı oyunları ona heç nə vermədi, futbol taleyinin ən zəif dönəmi kimi yaddaşlarda qaldı. Daha sonra Rivaldo “Moji Mirin” adlı klubda hücumçu mövqeyində çıxış etməyə başladı. Orda Rivaldonu məşq zalına göndərdilər və bu öz bəhrəsini verdi: arıq, cılız Rivaldonun bədəni formasına düşürdü. Artıq Rivaldonun ayağı açılmış, qollar vurmağa başlamışdı...

“Korintians”ın mütəxəssisləri Rivaldoyla maraqlanırlar. Bütün olanlardan xəbərsiz olan Rivaldonu “Moji Mirin” 250 000 dollara satmaq fikrinə düşmüşdü. Necə deyərlər, bəxt üzünə gülmüşdü: Rivaldo artıq “Korintians”da hücumameylli yarımmüdafiəçi kimi çıxış edəcəkdi.

Millidə debütü

Rivaldonun “Korintians”dakı uğurlu çıxışı Brazilyanın baş məşqçisi Karlos Alberto Parreyranın diqqətindən yayınmadı. 1993-cü ildə heç kimin yüksəkliyə çatacağına inanmadığı Rivaldo sarı-yaşıl formayla meydana çıxdı. Artıq o, Brazilyanın millisinin heyətində idi.

Meksikayla oyunda “yeni əsgər”i düşündürən bir məsələ vardı: tezliklə qol vurmaq. Uşaqlıqda onu işəyaramaz hesab edənlər, cılız adlandıranlar gərək həmin günü görəydilər. Rivaldo öz istəyini yerinə yetirə bilmişdi, Meksikanın qapısına qol vurmuşdu. Anasının arzusu artıq çin olmuşdu.

Taleyin ironiyasına bax ki, illər əvvəl onu fitə tutduqları stadionda Rivaldonu bu dəfə azerkeşlər sevgiylə alqışlayırdılar. Və Rivaldo artıq hər kəsin marağında olan futbolçuya çevrilmişdi...

Ağır həyatının qisası...

1996-cı ildə Rivaldonun futbol həyatı Avropaya daşınır: o, İspaniyanın “Deportivo” klubuna transfer olunur. Brazilyalı oyunçu elə ilk mövsümdəcə 21 qolla bombardir olur.

Parlaq oyunu sayəsində “göy-bənövşəyi” formalı “Barselona”ya transfer olunur. Burda oynadığı müddətdə Rivaldo bir az da formalaşır və böyük futbolçularla yanaşı mövqedə durur. Rivaldonun özünəməxsus oyunu onu daim diqqətdə saxlayırdı. Topu özündə saxlaması, ildırım sürəti ilə hücuma keçməsi, sərt zərbələri müdafiəçilərin, qapıçıların qorxulu yuxusuna çevrilmişdi. Rivaldo ağır həyatının qisasını meydanlardakı sərt oyunuyla çıxırdı.

Artıq o, böyük futbolçularla bərabər səviyyəyə gəlib çıxmışdı. 1999-cu ildə “Qızıl top” mükafatına layiq görüldü.

Günahkar Rivaldo

Məşhur brazilya oyunçusu 2001-2002-ci ildə çətin bir mövsüm keçirdi. Rivaldo elə də pis oynamırdı, ancaq əvvəlki oyunu nəzərə çarpmırdı. “Barcelona”nın sabiq məşqçisi Lui Van Qaalla soyunma otağındakı gərgin mübahisə mətbuat səhifələrində flaş-xəbər kimi qeyd edilmişdi. Mübahisənin səbəbi qəzetlərdə bu cür verilirdi: “Rivaldo adət elədiyi kimi artıq mərkəzdə deyil, son cinahda oynayırdı. Brazilyalı bu cinahda oynamağa öyrəncəli deyildi və bu, onda heç cür alınmırdı”.

Van Qaall mübahisələrin mətubatda işıqlandırılmasına hədsiz əsəbiləşdi və Rivaldonun meydanda oyun qaydalarına riyaət etməməsini, məşqçinin sözünü heçə almasını, əvvəlki kimi ciddi-cəhdlə oynamadığını dilə gətirərək günahı brazilyalı futbolçunun üstünə atdı.

Mövsümün sonunda Rivaldo milli komandayla birlikdə dünya çempionatına yollandı. Bundan sonra Rivaldonun “Barcelona”dakı əvvəlki oyunu artıq gözə çarpmırdı.

Böyük uğur...

Yaponiya və Koreyada keçirilən DÇ-yə Rivaldo böyük ruh yüksəkliyi ilə yollandı. Meydanda “at oynadan” dostları ilə elə bir oyun çıxartdıklar ki, Rivaldo onun düşünəcələrinə mane olan Van Qaalı belə unutdu. DÇ-də Rivaldo təkcə hücumçu ampulasında deyil, həm də oyunu idarə edən bir qüvvə kimi rəqiblərə qənim kəsilmişdi. Bu turnirdə Ronaldoyla birlikdə Rivaldo azarkeşlərə “qol qonaqlığı” verdi. Ronaldo DÇ-nın snayperi oldu, Rivaldo isə ilk beş oyunda qapılara qol vuran futbolçu kimi tarixə keçdi. Bu möhtəşəm oyunlarla Rivaldo və Ronaldo Brazilyaya beşinci dünya çempionluğunu qazandırdı.

“Milan”dakı zəif Rivaldo

Lui Van Qaalla münasibətlərinin kəskinləşməyinə baxmayaraq, dünya futbolu Rivaldonun üstündən xətt çəkmədi. 2002-2003 mövsümündə “Milan” onu öz sıralarına qatdı. Onda Rivaldo köhnəlmiş ulduz idi. Ancaq bununla belə, “Milan” heç də zəif deyildi, o zaman Avropanın ən güclü klublarından biri idi. “Barcelona”dan qazandığı təcrübə 30 yaşlı Rivaldonun “Milan”da yeni bir güclə meydanlara çıxmağına səbəb oldu. Ancaq Rivaldo bu gücü sona qədər qoruya bilmədi. Braziliyalılara məxsus oyun taktikası, hücum strategiyası italyansayağı müdafiə taktikasında keçərli olmadı. Belə ki, ilk oyunlarda meydanlara çıxan Rivaldo daha sonra ehtiyatda oturmalı oldu. Bu ərəfədə “Milan” yeni bir brazilyalını heyətə cəlb etdi. Bu, Kakaydı. Rivaldo isə bird daha əvvəlki gücünə qayıda bilmədi...

Son

Rivaldonun günəşi qüruba enirdi. Bu müddət ərzində o, həm Brazilyanın, həm də Asiya və Avropanın bir sıra klublarında oynadı. Bəli, gözəl oyunları oldu, ancaq artıq yaş o yaş deyildi. Hər futbolçunun da öz zamanı olur. Artıq Rivaldonun zaman keçmişdi. Amma futbol dünyası onu həmişə xatırlayacaq...

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR