Dünya şöhrətli ulduzun kasıb kəndindən reportaj – FOTOLAR
Bizi izləyin

İdman

Dünya şöhrətli ulduzun kasıb kəndindən reportaj – FOTOLAR

Dünya şöhrətli ulduzun kasıb kəndindən reportaj – FOTOLAR

Türkiyənin “Hürriyet” qəzetinin əməkdaşı Serhan Asker “Qalatasaray”ın ulduz futbolçusu Didye Droqbanın doğulduğu kənddən reportaj hazırlayıb. Ulduz futbolçunun Azərbaycanda çoxsaylı fanatlarının olduğunu nəzərə alaraq həmin reportajı ixtisarla təqdim edirik.

Qeyd edək ki, Droqbanın atası Albert Droqba türkiyəli jurnalisti Fil Dişi Sahilinin paytaxtı Abicandakı lüks evində qonaq edib.

Didye Droqba 1979-cu ildə Fil Dişi Sahilinin paytaxtı Abicadan 20 kilometr məsafədə yerləşən kasıb kənddə dünyaya gəlib.

Droqba elə burada da futbol oynamağa başlayıb. İndi Droqbanın məhəlləsində yaşayan bütün uşaqlar onun kimi olmaq istəyir.

Droqbanın atası Albert Droqba oğlunun qazandığı pulu ölkəsinə necə xərcləməsindən danışıb.

Atası Droqbanın acı taleyindən danışarkən bunları deyib: “Böyük qardaşım Didye xəstələndi. Yoxsulluqdan müalicə edə bilmədik. 17 yaşında öldü. 4 il sonra evləndim, oğlum oldu. Adını Didye qoydum. Biz oğluma həmişə “böyük qardaş” deyirik”.

Uşaqlıq illərində özünün də futbol oynadığını deyən Albert Droqba oğlunun uşaq vaxtı futbola böyük həvəsinin olduğunu və müdafiədə oynadığını söyləyib: “Didye müdafiədə oynayırdı. Mən və qardaşım ona dedik ki, hakim və ya həkim olmaq istəmirsənsə, heç olmasa müdafiəçi olma. Oynayırsansa, hücumda oyna, çünki pul və şöhrət hücumçulardadır”.

Droqba bu sözlərdən sonra hücumçu olmağa qərar verib.

Droqbanın doğulduğu kənddə çox kasıb insanlar yaşayır. Onların evi anbarı xatırladır. Droqba 1979-cu il, martın 11-də bu evdə doğulub. 11 nömrəli formanı geyinməsinin sirri də 11 martda doğulmasıdır. Türkiyədəki maşınının nömrə nişanı isə 3979-dur.

Droqbanın doğulduğu evdə 7 nəfərlik ailə yaşayır. Bir neçə gün əvvəl həmin evdə doğulan oğlan uşağının adını da Didye qoyublar.

Atasının sözlərinə görə, Didye doğulduğu kəndə tez-tez gəlir və bu da kənddə böyük qələbəlik yaradır. Qarışıqlıq olmasın deyə kəndə yüzlərlə polis gətirilir.

Albert Droqba əvvəlki evlərini muzey edəcəklərini deyir. Səbəb isə dünyanın dörd bir yanından media nümayəndələrinin o evdən reportajlar hazırlamağa gəlməsidir.

Ağır xəstəliyə tutulmuş uşaqları özəl təyyarə ilə Parisə müalicəyə aparan Droqba ölkəsində xəstəxana tikdirməyi də unutmayıb. Xeyirxah bir insan kimi tanınan Droqba ölkəsinin paytaxatı olan Abicada 6 milyon dollara müasir xəstəxana tikdirir.

Droqbanın atası deyir ki, oğlu bundan əlavə ölkədə bu tip daha 4-5 xəstəxana tikdirməyi planlaşdırır.

Atasının sözlərinə görə, Droqba Fransada oynadığı illərdə ilk transferdən qazandığı pulla kəndinə 6 kilometr məsafədən su çəkdirib. Daha sonra atasına zəng edərək “su daşıyan qadınlar qurtuldumu” deyib.

Droqba kasıb qohumlarına da əl tutur. Təxminən 70-80 nəfər yaxın qohumlarının bütün xərclərini özü çəkir.

Albert Droqba deyir ki, oğlu milli komandanın Tunislə oyunundan sonra mətbuata verdiyi açıqlamada ölkədəki vətəndaş müharibəsinin qurtarması üçün hər kəsə - müsəlmanlara və xristianlara müraciət edib. Onun sözlərinə görə, bu çağırış silahların susmasında böyük rol oynayıb. Droqba ölkəsində olan müsəlman və xristian icmaları ilə görüşərək daxili savaşın bitməsi üçün böyük işlər görüb. İndi Droqba ölkəsində “Sülhün elçisi” kimi də tanınır... Məşhur futbolçu atası ilə ilk mübahisəni 5 yaşında olarkən edib. Səbəb isə saxladıqları iki qoyunun kəsilməsi olub. Buna görə atasından küsən Didye uzun illər ət yeməyib.

Droqbanın atası türk mətbuatı vasitəsilə oğluna mesaj da göndərib. Albert Droqba oğlundan onu dünya çempionatına dəvət etməsini istəyib...(Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm