• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Məmmədyarovun fikri başqa yerdədir – “Mənə heç-heçələr şahı demək olar?”

  • İdman
  • 29 Aprel 2014 10:34
  • 700 Baxış
Məmmədyarovun fikri başqa yerdədir – “Mənə heç-heçələr şahı demək olar?”

Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri davam edir.

Publika.az xəbər verir ki, turnirdə 8-ci tura yekun vurulub. Bu tur Azərbaycan şahmatçıları üçün uğursuz olub. Teymur Rəcəbov Fabiano Karuanaya, Şəhriyar Məmmədyarov isə Hikaru Nakamuraya məğlub olub. Maqnus Karlsen Sergey Karyakinlə xalı yarı bölüb.

8 turdan sonra xal durumu:

Karlsen – 5, Karuana – 4,5 Rəcəbov, Karyakin, Nakamura – 4, Məmmədyarov – 2,5.

Hər şey qaydasındadır

“Shamkir Chess 2014” turnirinin 8-ci turunda Sergey Karyakinlə heç-heçə oynayan dünya çempionu Maqnus Karlsen mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: “Bu gün qələbəyə oynayırdım. Sadəcə rəqib risk etmədi. Ona görə vəziyyəti qəlizləşdirmək istəmədim. Hər şey qaydasındadır. Karyakin stabil çıxış edən güclü şahmatçılardan biridir. Heç-heçə normal nəticədir. Heç bir problem yoxdur. Son 2 turda qələbə qazansam 1-ci yeri tutmaq imkanım olacaq. Əvvəlki iki məğlubiyyəti nəzərə alsaq indi hər şey qaydasındadır. Son turlarda uduzacağımı düşünmürəm. Qalib gəlmək istəyirəm. Bilirəm ki, son turlarda oynayacağım Rəcəbov və Karuananın mənlə bağlı xüsusi planları olacaq. Hər iki görüşdə yalnız qələbə haqda düşünəcəm”.

Dünya çempionu yüksək səviyyədə keçirilən turnirlə bağlı fikirlərini də bildirib: “Synergy Group”a təşəkkür edirəm. Ümid edirəm, gələn il “Shamkir Chess 2015” keçiriləcək. İmkan olsa, həmin yarışda böyük məmnuniyyətlə iştirak edərəm”.

Bir qədər yorğunluq var

Sergey Karyakin turnirdə 8-ci dəfə heç-heçə oynamasını yorğunluqla izah edib: “Ardıcıl 3-cü yarışımdır. Bir qədər yorğunluq var. Bilmirəm, mənə heç-heçələr şahı demək olar? Niyyətim heç-heçə etmək deyildi. Sadəcə belə alındı. Karlsenlə xalı yarı bölmək pis deyil. Amma mən qələbə qazanmaq istəyirəm. Yəqin, gələcəkdə heç-heçələrdən qələbəyə keçərəm”.

Özümü yaxşı hiss edirəm

“Shamkir Chess 2014” turnirinin 8-ci turunda Fabiano Karuanaya məğlub olan Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib: “Partiyanın gedişində dəyişiklik mümkün deyildi. Mümkün gedişləri yoxladım. Oyuna təsir etmək imkanlarımdan istifadə etdim. Məğlubiyyət qaçılmaz oldu. Gedişləri düzgün hesablamadığım üçün vəziyyət pisləşdi. 6 aylıq fasilədən sonra ümumi nəticəni nəzərə alsaq qayıdışımın normal olduğunu düşünürəm. 8 tur normal oynadım. Özümü yaxşı hiss edirəm. Şahmat formama qayıtmışam. Karlsenlə oyunda onun 95% gedişlərini düzgün hesabladım. Məhz ona görə də qalib gəldim. Gizlətmirəm ki, oyunumda təəssüfedici məqamlar da var”.

Düzgün gedişlər qələbəyə apardı

Fabiano Karuana isə qələbəni belə şərh etdi: “Rəqibin mənə oynamaq imkanı verməsindən yararlandım. Düzgün gedişlər qələbəyə apardı. Teymur yaxşı şahmatçıdır. Ona görə qələbənin asan olmadığını deməliyəm. Lider Karlsendən 0,5 xal geri qalıram. Lakin turnirin axarı hər şeyin son oyunlarda həll olunacağını göstərir. Buna görə də konkret nəticə barədə danışa bilmərəm. Son turlar həll edici olacaq”.

Seytnotda çox sadə gedişləri görmədim

“Shamkir Chess 2014” turnirinin 8-ci turunda Hikaru Nakamuraya uduzan Şəhriyar Məmmədyarov jurnalistlərin suallarına cavab verib: “Debütdən sonra üstünlüyüm var idi. Tələsmədən oynadım. Şansımı qaçırdım. Səhvə yol verəndən sonra oyun qəlizləşdi. Seytnotda çox sadə gedişləri görmədim.Vəziyyət qəlizləşdi və məğlubiyyət qaçılmaz oldu. Uğursuzluğu iddiaçılar turnirindəki çıxışımla əlaqələndirmək istəməzdim. Fikrim başqa yerdədir. Sanki fikrimi cəmləşdirə bilmirəm. Müəyyən problemlər var. Çıxışımı faciə adlandırmaq da olmaz. Belə nəticə 10 ildə bir dəfə olur. Son dəfə 8 il əvvəl Veyk-An-Zee turnirində belə zəif oynamışdım. Fərdi yarışlarda belə uğursuzluğu bağışlamaq olar. Təki, Dünya Kuboku, yığmayla birgə dünya çempionatı, olimpiadada belə formada olmayım.Vəziyyətlə barışmaq istəmirəm. Səhvlərimi bilirəm. Üzərində işləyəcəm. Əlbəttə, son 2 turda daha yaxşı oynamaq üçün çalışacam. Turnirin ilk dövrəsində qeydə alınan nəticələr ikinci dövrədədə təkrarlanır”.

Vacib gedişləri etdim

Hikaru Nakamura isə partiya haqda bunları dedi: “Partiyada hər şey bərabər başladı. Sonra üstünlük qazanmaq üçün şans yarandı. Düzgün oynayaraq vacib gedişləri etdim. Sevinirəm ki, qələbə qazandım. İlk dövrədəki nəticələr ikinci dövrədədə təkrarlanır. Sanki qəribə turnir təsiri bağışlayır. Növbəti 2 tur əvvəlki 8 turdan daha çətin olacaq. Turniri major notda bitirmək şansım var”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR