• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Toxunduğu hər şeyi qızıla çevirən adam - Ona Vısotski də biganə qalmadı – FOTOLAR

  • İdman
  • 30 Aprel 2014 15:20
  • 1 696 Baxış
Toxunduğu hər şeyi qızıla çevirən adam - Ona Vısotski də biganə qalmadı – FOTOLAR

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır.

Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı 1970-ci ildə Meksikada keçirilmiş 9-cu dünya dünya çempionatına həsr olunub.

Pele özünü qurban verdi

Reqlamentə əsasən Jül Rime kuboku – “Qızıl ilahə” mundialları üç dəfə qazanan komandaya birdəfəlik verilirdi. Meksikada keçirilən çempionatın finalına Braziliya və İtaliya çıxdı. Hər iki ölkə o vaxta qədər 2 dəfə dünya çempionu titulunu qazandığından “Qızıl ilahə”nin birdəfəlik əldən çıxacağı dəqiq məlum idi.

Braziliyanın baş məşqçisi yaxşı nəzəriyyəçi, ancaq iş təcrübəsi çox olmayan Joao Saldanya idi. Ona görə də çoxları onun rəhbərlik etdiyi millinin perspektivinə inanmırdı. Ancaq bədbin proqnozlar doğrulmadı. Seçmə mərhələdə 6 matçda 6 qələbə çox şeydən xəbər verirdi. Topların fərqi də möhtəşəm idi - 23:2. Saldanya Meksikadakı turnirdə zəfər çalan komandanın təməlini qoysa da, mundial ona qismət olmadı. Sərt və kompromissiz xasiyyəti onu futbol funksionerlərinin düşməninə çevirmişdi. Final mərhələsinə iki ay qalmış yeni baş məşqçi - Mario Zaqallo ictimaiyyətə təqdim olundu. Ehtiyatlı biri olan yeni çalışdırıcı Saldanyanın tam əksi idi. Üstəlik, onun “uğur gətirən biri” imici vardı. Sabiq komanda yoldaşı və dostu Nilton Santos onun haqda “nəyə toxunursa, qızıla çevrilir” deyirdi. Bu dəfə də belə oldu. Zaqallo Saldanyanın qurduğunu dağıtmadı, yalnız Everaldo, Klodoaldo və Rivelinonu heyətə daxil etməklə kiçik dəyişikliklər etdi. Artıq ilk matçlardan komanda onlara bəslənilən ümidi doğrultdu. Dünyaya yeni Pele gəlmişdi. Bu, İsveçdə hamını heyrətə salan gənc istedad yox, illərlə təcrübəsini zirvəyə qaldıran təcrübəli usta idi.

İtaliyanın “Korriere Dello Sport” nəşri yazırdı: “Pele özündə intellekt, sakitlik və yüksək texnikanı birləşdirən, heç kimlə müqayisə olunmayacaq bir idmançı olduğunu bir daha sübut etdi. O, həm də insanlıq tərəfini də göstərdi. O, özünü qurban verərək oyunu qurur, komandanın uğuru üçün özünə tələ qurulmasına şərait yaradırdı. Bu çempionatda cəmi iki ad var - Braziliya və Pele”.

Görmə qabiliyyətini itirdi

Müzakirə olunan digər şəxs, mundialda iştirakı sual altında olan adam, seçmə mərhələnin bombardiri Tostao idi. “Kruzeyro”nun heyətindəki oyunlardan birində top gözünə dəydiyindən ciddi zədə almışdı. Forvardın görmə qabiliyyəti getdikcə zəifləyirdi. Ən güclü mütəxəssislərin etdiyi bir neçə əməliyyat əvvəllər effekt vermirdi. Yalnız DÇ-yə bir neçə həftə qalmış işlər düzəlməyə başladı. Braziliyanın sevimlisi məşqlərin bərpasına icazə alan kimi Zaqallo onu komandaya dəvət etdi. Məşhur rus bard-müğənni Vladimir Vısotskinin bu məsələyə münasibəti belə olmuşdu: “Tostaonun ikinci gözü olsaydı, iki dəfə artıq qol vurardı”.

“Skuadra adzurra”da qarşıdurma

...İtalyanlar da özlərini xatırlatdılar. Feruçço Valkareccinin komandası Avropa çempionu titulu ilə əvvəldən “Qızıl ilahə”yə ən real namizədlər sırasında idi. Kollektiv bütün xətlərdə əla komplektləşmişdi, Fakketti, Rivera və Riva kimi liderləri vardı, balanslı futbol nümayiş etdirirdi. Ancaq qrup mərhələsindəki qorxaq oyun “skuadra adzurra”nı gülüş obyektinə çevirmişdi. Üstəlik, italyan futbolunun “qızıl oğlan”ı Canni Rivera ilə baş məşqçi arasındakı konflikt də özünü göstərməyə bilməzdi. Valkareccinin öz prinsiplərinə əks gedərək onu meksikalılarla oyunun ikinci hissəsində oyuna buraxması, komandaya müsbət təsir etdi. Rivera özü də qol vurur, digərlərinə də kömək edirdi. Eyni hal almanlarla oyunda da baş verdi. Ancaq finalda məşqçi ən kreativ futbolçusunu meydana yalnız 82-ci dəqiqədə buraxdı ki, bundan sonra nəyisə dəyişmək mümkün deyildi. Uzun illər sonra Azərbaycan millisinin baş məşqçisi olacaq kapitan Karlos Alberto Torresin son nöqtəni qoyduğu qarşılaşmanın final fitindən sonra “Qızıl ilahə” ona təqdim olundu.

DÇ-1970. Meksika

Final mərhələsi. 31 may-21 iyun

16 komanda dörd qrupda mübarizə apardıqdan sonra hər qrupdan iki qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemiylə davam etdiriblər.

32 oyun, 1673975 tamaşaçı (orta hesabla hər oyunda 52312)

95 qol (orta hesabla hər oyunda 2,97)

Ən yaxşı futbolçu - Pele (Braziliya)

Bombardir: Herd Müller (Qərbi Almaniya) - 10

Qrup 1

1.SSRİ 3 2 1 0 6-1 5

2.Meksika 3 2 1 0 5-0 5

3.Belçika 3 1 0 2 4-5 2

4.Salvador 3 0 0 3 0-9 0

Qrup 2

1.İtaliya 3 1 2 0 1-0 4

2.Uruqvay 3 1 1 1 2-1 3

3.İsveç 3 1 1 1 2-2 3

4.İsrail 3 0 2 1 1-3 2

Qrup 3

1.Braziliya 3 3 0 0 8-3 6

2.İngiltərə 3 2 0 1 2-1 4

3.Rumıniya 3 1 0 2 4-5 2

4.Çexoslovakiya 3 0 0 3 2-7 0

Qrup 4

1.Q.Almaniya 3 3 0 0 10-4 6

2.Peru 3 2 0 1 7-5 4

3.Bolqarıstan 3 0 1 2 5-9 1

4.Mərakeş 3 0 1 2 2-6 1

Bütün oyunlar

1. Meksika - SSRİ 0:0

2. Uruqvay - İsrail 2:0

3. İngiltərə - Rumıniya 1:0

4. Peru - Bolqarıstan 3:2

5. Belçika - Salvador 3:0

6. İtaliya - İsveç 1:0

7. Braziliya - Çexoslovakiya 4:1

8. Qərbi Almaniya - Mərakeş 2:1

9. SSRİ - Belçika 4:1

10. Uruqvay - İtaliya 0:0

11. Rumıniya - Çexoslovakiya 2:0

12. Peru - Mərakeş 3:0

13. Meksika - Salvador 4:0

14. İsveç - İsrail 1:1

15. Braziliya - İngiltərə 1:0

16. Qərbi Almaniya - Bolqarıstan 5:2

17. SSRİ - Salvador 2:0

18. İsveç - Uruqvay 1:0

19. Braziliya - Rumıniya 3:2

20. Qərbi Almaniya - Peru 3:1

21. Meksika - Belçika 1:0

22. İtaliya - İsrail 0:0

23. İngiltərə - Çexoslovakiya 1:0

24. Bolqarıstan - Mərakeş 1:1

25. Braziliya - Peru 4:2

26. İtaliya - Meksika 4:1

27. Qərbi Almaniya - İngiltərə 3:2, ə.v.

28. Uruqvay - SSRİ 1:0, ə.v.

29. İtaliya - Qərbi Almaniya 4:3, ə.v.

30. Braziliya - Uruqvay 3:1

31. Qərbi Almaniya - Uruqvay 1:0

32. Braziliya - İtaliya 4:1

Qeyd: O vaxt qələbəyə görə iki xal verilirdi.

Natiq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR