“Köhlən atlar” rəsmiləşdirəcək? – Çətin!
Bizi izləyin

İdman

“Köhlən atlar” rəsmiləşdirəcək? – Çətin!

“Köhlən atlar” rəsmiləşdirəcək? – Çətin!

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start veriləcək.

Publika.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək. Təbii ki, hər kəsi “bu gün çempion müəyyənləşəcəkmi” sualının cavabı maraqlandırır. Son turlar “Qarabağ”ın qələbə qazana bilməməsindən yararlanan “İnter” liderlə xal fərqini azaltmağa müvəffəq olub. Hazırda bu komandalar arasındakı xal fərqi 8-ə bərabərdi. Bununla belə, futbol ictimaiyyəti “Qarabağ”ın çempion olacağına şübhə etmir. “Köhlən atlar” bu tur çempionluğu rəsmiləşdirə biləcəkmi? Qarşılaşmalara nəzər saldıqda “çətin görünür” deməliyik.

“Qarabağ” çətin…

“Qarabağ” səfərdə “Bakı” ilə üz-üzə gələcək. “Zolaqlılar” avrokuboklara vəsiqə əldə etmək üçün bu qarşılaşmada mütləq qalib gəlməlidirlər. Məhz bu amil qarşılaşmanın “Qarabağ” üçün çətin keçəcəyini proqnozlaşdırmağa imkan verir. Tərəflər çempionatda 46-cı dəfə qarşılaşacaqlar. Çempionuğun bir addımlığında olan “Qarabağ” paytaxtın eyniadlı təmsilçisi ilə görüşlərdə üstünlüyə malikdi. Ağdamlılar 45 oyunda 17 qələbə qazanıb, 15 dəfə məğlub olub və 13 matçda qalib müəyyənləşməyib. “Qarabağ” top fərqində də üstündü - 58:48. Rəqiblərin son 4 oyununda isə meydan sahibi olan tərəf qalib gəlir.

“Qarabağ” mövsümün ilk oyununda rəqibini 3:0 hesabı ilə darmadağın edib. İkinci oyunda “Bakı” gülən tərəf olub - 2:1. Son qarşılaşmada isə ağdamlılar 2 cavabsız qola sevinib.

“İnter” asan rəqibə qarşı

“Qarabağ”ın əsas izləyicisi “İnter”in rəqibi çempionatın autsayderlərindən olan “Sumqayıt”dı. Bu, tərəflər arasında çempionatda 8-ci qarşılaşma olacaq. Paytaxt təmsilçisi sumqayıtlılarla əvvəlki qarşılaşmalarda aşkar üstünlüyə malikdi. Heç vaxt rəqibinə uduzmayan “İnter” əvvəlki 7 oyunda qol da buraxmayıb - 10:0. Bakılılar öz meydanındakı bütün qarşılaşmalarda qalib gəlib. “Sumqayıt” “İnter”dən bir dəfə - 2011-ci ilin 4 noyabrında baş tutan oyunda xal alıb - 0:0.

Final öncəsi son məşq

Turun prinsipial qarşılaşmalarından biri də “Neftçi” ilə “Qəbələ” arasında baş tutacaq. Hər iki komanda Azərbaycan kubokunun finalına vəsiqə qazandığından, bu qarşılaşmanı final öncəsi son məşq də adlandırmaq olar. Komandalar bu oyunda kartları açacaqlarmı? Bu suala birmənalı cavab vermək çətindi. Ancaq “Qəbələ” avrokuboklara rahat vəsiqə əldə etmək üçün ötən tur yüksəldiyi 4-cü pilləni əldən verməməlidi. Bunun üçün də “Neftçi”ilə oyunda qalib gəlmək lazımdı.Düşünürük ki, “Neftçi” də bu qarşılaşmada məğlub olmaq istəməz. Məğlubiyyət “ağ-qaralar”ı bürünc medaldan da məhrum edə bilər. Tərəflər çempionatda 24-cü dəfə üz-üzə gələcəklər. “Neftçi” “Qəbələ” ilə oyunlarda böyük üstünlüyə malikdi. “Ağ-qaralar” indiyədək 12 oyunda qələbə qazanıb, 6 dəfə məğlub olub. 5 oyunda qalib müəyyənləşməyib. “Neftçi”nin top fərqində də böyük üstünlüyü var - 34:21.“Qəbələ” ilə oyunlarda böyük üstünlüyə malik “Neftçi” cari mövsümün hər 3 matçında qalib gəlib. Bakılılar son 5 qarşılaşmada uduzmayıb və bu görüşlərdə 4 qələbə əldə edib.

Zaqatalada iddiasızların dueli

Zaqatalada çempionatda heç bir iddiası qalmayan komandalar üz-üzə gələcək. “Simurq” AZAL-ı qəbul edəcək. Bu, tərəflər arasında çempionatda 22-ci qarşılaşma olacaq. İndiyədək “Simurq” 5, AZAL 8 qələbə qazanıb. 8 oyunda tərəflər hərəyə bir xala sevinib. Bakı klubunun 26 qoluna zaqatalalılar 21 dəfə cavab verib. Əvvəlki 21 oyunun nəticələrində bakılılar üstün olsa da, son 6 matçda qələbə qazana bilməyiblər. Zaqatala təmsilçisi isə son 2 dueldə qol buraxmadan qalib gəlib.

Qonaqlar üçün əhəmiyyətli oyun

Turun daha bir qarşılaşması Lənkəranda baş tutacaq. Bu oyun yalnız qonaqlar üçün əhəmiyyət kəsb edir. Bu mövsümü boşa verə “Xəzər Lənkəran”da vəziyyət ürəkaçan deyil. Komandanın düşərgəsində əhval-ruhiyyə tamamilə pozulub. Futbolçuların “Rəvan”la qarşılaşmaya hansı motivasiya ilə çıxacağı maraq doğurur. “Rəvan”la bağlı isə vəziyyət fərqlidi. Turnir cədvəlinin sonuncu pilləsində olan komanda üçün qələbə hava-su kimi vacibdi. Bu, tərəflər arasında çempionatda 10-cu qarşılaşma olacaq. Paytaxt təmsilçisi qələbə, cənublular isə top fərqində öndədi. Belə ki, “Xəzər Lənkəran” indiyədək 2, “Rəvan” 3 qələbə qazanıb, 4 oyunda qalib müəyyənləşməyib. Lənkəranlıların 11 qoluna bakılılar 9 dəfə cavab verə bilib. Son 4 qarşılaşmanı qolsuz tərk etməyən lənkəranlılar evdəki bütün matçlarda rəqib qapısına yol tapıb. Tərəflər arasında mövsümün ilk oyunu 1:1 hesabı ilə yekunlaşıb. Sonrakı iki oyunda isə tərəflər hərəyə bir qələbə qazanıblar.

33-cü tur

2 may (cümə)

“Bakı” – “Qarabağ”

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elman Musayev, Feyzulla Feyzullayev.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Murad Məmmədov.

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00.

“Neftçi” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Qürbət Həsənov.

Hakim-inspektor: Əli Hüseynov.

Bakı. “Bakcell Arena”, 17:00.

“İnter” – “Sumqayıt”

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Vüsal Əliyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Məlik Həsənov

Bakı. “Şəfa” stadionu, 17:00.

“Simurq” – AZAL

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Yaşar Abbasov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Zaqatala şəhər stadionu, 18:00.

“Xəzər Lənkəran” – “Rəvan”

Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Mahir Məmmədov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Fazil Mürşüdov.

“Xəzər Lənkəran” mərkəzi stadionu, 18:00.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm