Rəşad Sadıqov “Fiorentina”ya qarşı oynayacaq?
Bizi izləyin

İdman

Rəşad Sadıqov “Fiorentina”ya qarşı oynayacaq?

Futbol elə oyundu ki, daim hazır olmalısan.

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində sabah “Fiorentina”nı qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, Qurbanov öncə bunları deyib:

- Qrupda son oyunumuzdu. Hər bir oyun digərindən vacibdi. Bu oyun isə bütün oyunlardan vacibdi. Başa düşürük ki, əlimizdə böyük bir şans var. Bundan istifadə etmək istəyirik. Baxmayaraq ki, rəqib “Fiorentina”dı. Bu komandayla oynamaq çox çətindi. Çox istərdik ki, nəticə bizim xeyrimizə olsun. Diqqətli olmalıyıq. Bu oyunda digər oyunlardan daha diqqətli olmalıyıq. Əvvəlki oyunlardakı səhvləri etməməliyik. Məncə, futbolçuların üzərinə böyük yük düşəcək. Sabaha kimi vaxtımız var. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək.

- Bu günə kimi böyük ölkələrin təmsilçilərinə qarşı heç də pis oynamamışıq. Sabah “Qarabağ”a nə mane ola bilər?
- Belə oyunlarda daha çox rəqib bizə mane olur. Rəqibin təcrübəsi əsas rol oynayır. “Fiorentina” elə komandadı ki, daim fərqli-fərqli hücumlar qurur. Rəqibin gücü bizə mane ola bilər. Yeni məşqçi gələndən sonra bu komanda bir qədər fərqli oynayır. Biz bilirik ki, italyan klubları topla oynamağı o qədər də xoşlamır. “Fiorentina” isə bu mənada fərqlənir. Ancaq biz mübarizədən qaçmırıq.

- Sabah Rəşad Sadıqov oynayacaq?
- Oynamaq ehtimalı var. Bu barədə qərarı özü verəcək. PAOK-a qarşı oyunda özüm israr etmişdim ki, oynasın. Amma indi diz zədəsi var. İstəyərəm ki, oynasın. Amma yekun qərarı özünə buraxacam. Özü oynamaq istəsə, meydana buraxacam.

- Psixoloji amil sabahkı oyuna nə dərəcədə təsir edə bilər?
- Futbol elə oyundu ki, daim hazır olmalısan. Psixoloji amil sabahkı oyuna təsir edə bilər. Bu hamısı məsuliyyətdən irəli gəlir. İdmançı məğlub olmaqdan qorxmur. Bizim azarkeşlərimiz bizdən də çox nəticə qazanmağımızı istəyir. Həmişə məğlub olmaqdan daha çox, azarkeşləri kədərləndirməkdən qorxmuşam. Düşünürəm ki, psixoloji amil bizim xeyrimizə olacaq.

- İki il öncə də son turda italyan klubu “İnter”lə qarşılaşmışdız. Bu oyunda hakim haqsızlığı ilə bağlı narahat deyilsiz ki?
- Həmin oyun bir qədər fərqli idi. “İnter” növbəti mərhələyə vəsiqəni təmin etmişdi. İndi isə daha çətindi. O ki qaldı hakimliyə, həmişə hakimlik barədə danışmıram. Bizim hakim barədə düşünməyə vaxtımız yoxdu.

- Bu oyunla paralel olaraq PAOK - “Slovan” oyunu keçiriləcək. “Qarabağ”ın qrupdan çıxmasında həmin oyunun nəticəsi də əsas rol oynaya bilər...
- O oyunu da diqqətdə saxlayacağıq. Həmin oyundakı nəticəylə bağlı mənə məlumat verəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm