• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlı oliqarx niyə müflisləşdi? - ÖZƏL

  • İdman
  • 5 May 2014 17:24
  • 2 633 Baxış
Azərbaycanlı oliqarx niyə müflisləşdi? - ÖZƏL

Aprelin 20-də Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən oyunda “Bakı” öz meydançasında “İnter”ə 0:4 hesaı ilə məğlub oldu.

Məhz həmin qarşılaşmadan sonra “Bakı”nın baş məşqçisi Miliko Pantiç klubda ciddi problemlərin olduğunu açıqladı. Pantiç klub ətrafında müəmmalı hadisələrin baş verdiyini bildirdi: “Heç özüm də bilmirəm nə baş verir. Ancaq onu bilirəm ki ortada ciddi problemlər var”.

Hələ Pantiçin bu açıqlamasına qədər “Bakı”da ciddi maliyyə böhranın yaşandığı barədə mətbuatda məlumatlar yer alırdı. Ancaq bu məlumatlar hər dəfə klub rəhbərliyi tərəfindən təkzib olunurdu. Əslində “Bakı”da idarəetmə sistemi yoxdu. Klubdakı bütün vəzifə sahibləri “Bakı”nın prezidenti Hafiz Məmmədovun tələbi ilə təxminən bir il əvvəl istefa ərizəsi yazıblar. O vaxtdan bəri klubda yeni vəzifələrə təyinatlar olmayıb. Köhnə işçilər köhhə vəzifələrini icra etməklə məşğuldurlar. Sonuncu dəfə “Bakı”dan xəbər gəlmişdi ki, klubun idarəetmə sistemi ilə bağlı qərar aprelin 1-də veriləcək. Həmin ərəfədə Hafiz Məmmədov Fransada idi. Onun qayıdışından sonra yeni vəzifələrə təyinatların gerçəkləşəcəyi gözlənilirdi. Hafiz Məmmədov Bakıya gəldi, bir-iki gün qalıb yenidən Fransaya qayıtdı. Yeni təyinatlar isə reallaşmadı.

“Bakı”nın çöküşü isə davam edir. Klub mövsümü demək olar ki, boşa verdi. Avrokuboklara vəsiqə şansı da böyük ölçüdə əldən çıxıb. Artıq klubun futbolçuları da aylardır məvacib almadıqlarını mətbuata açıq şəkildə bildirirlər.

Qeyd edək ki, “Bakı”da futbolçuların məvaciblərinin uzun müddət verilməməsi adi hal alıb. Sonuncu dəfə yanvar ayında 3-4 ay verilməyən məvaciblər ödənilmişdi. Ondan sonra klubun inzibati işçilərindən tutmuş futbolçulara qədər hamı məvacib üzünə həsrətdir.

“Məvacib niyə verilmir” sualına isə “Hafiz Məmmədov qayıtsın, veriləcək” cavabı eşidilir. Məmmədov isə demək olar ki, Fransada yaşayır. Bakıya 1-2 günlük gəlir. Publika.az “Bakı”da, ümumiyyətlə, Hafiz Məmmədovun adının ətrafında gəzən söz-söhbətlərələ bağlı ilginc məlumat əldə edib.

Kluba yaxın mənbənin saytımıza verdiyi məlumata görə, təkcə “Bakı”da yox, Hafiz Məmmədovun bütün biznes strukturlarında böhran yaşanır. Bunun da səbəbi Məmmədovun hazırda ciddi maliyyə problemi ilə üzləşməsidir. Publika.Az-a bu barədə məlumat verən mənbə H.Məmmədovun müflisləşməsinin səbəbləri ilə bağlı da danışıb. Amma bu barədə hələlik yazmırıq.

Qeyd edək ki, “Hafka” ləqəbli iş adamının biznesinin iflasa uğraması ilə bağlı mətbuatda son vaxtlar yetərincə məlumat yayılıb.

Təkcə bir fakta diqqət edək: Hafiz Məmmədov ötən ilin noyabrında Fransanın “Canal+” kanalına müsahibə verəndə biznesinin nə dərəcədə şəffaf olduğu barədə suala cavab verərkən “Baghlan Group”un nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Ratings”lə uğurlu əməkdaşlığını xatırlatmışdı.

Lakin bu müsahibədən sonra çox keçmədi ki, “Fitch Ratings” H.Məmmədovun holdinqinin kredit reytinqini aşağı saldı, sonradan isə ümumiyyətlə, şirkətə verdiyi reytinqi geri çağırdı və onun reytinqini müəyyənləşdirməyəcəyini bildirdi. Buna səbəb “Baghlan Group”un yerli banklara olan kredit borclarını və kreditlər üzrə faizlərini ödəyə bilməməsidir.

Bundan əvvəl “Fitch Ratings” bildirirdi ki, “Baghlan Group” Bakının mərkəzində inşa etdiyi elit yaşayış kompleksində mənzillərin satışına başlayıb, lakin bu aktivlərdən əldə edilən vəsait şirkətin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olmayacaq və vəsaitlər banklara olan faiz borcunu ödəməyə ancaq bəs edəcək.

Bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olması barədə xəbərlər yayır. Xatırladaq ki, azərbaycanlı milyarder “Lans” klubunun prezidenti Jerve Martellə ilk dəfə Kanndakı qumarxanaların birində tanış olub. Bu barədə məlumatı Fransanın “Le Point” qəzeti yayıb. Məqalə qəzetin 27 dekabr tarixli sayında dərc edilib, müəllifi Antuan Grenarindir.

Qəzet yazır ki, H.Məmmədov “Lans” klubunu almaq barədə qərarını 2012-ci ilin yayında verib. 24 ilə yaxın “Lans” klubunun prezidenti olan və 2012-ci ildə klubun ciddi maliyyə böhranı ilə üzləşməsindən sonra istefa verən Jerve Martellə Hafiz Məmmədovu lüks yaxtaların kirayəsini təşkil edən biznesmen tanış edib. “Le Point” yazır ki, Hafiz Məmmədov həmin biznesmenin ən yaxşı müştərilərindən biridir. Biznesmenin sayəsində tanış olan Hafiz Məmmədovla Jerve Martel 2012-ci ilin yayında Fransanın Kann şəhərindəki kazinoda görüşüblər.

Nəşrin yazdığına görə, bir il sonra Martellə Məmmədov yenidən bir araya gəlib və şimallıların klubunun alınması məsələsi həll olunub. Məmmədov “Lans”ın rəsmi sahibinə çevrilib və Jerve Martel klubun prezidenti postuna geri qayıdıb. H.Məmmədov kluba 20 milyon avro yatırmağa razılaşıb.

Hazırda “Bakı” klubunda vəziyyət o qədər ciddidir ki, aylardır məvacib ala bilməyən futbolçular FİFA-ya şikayət etməyi düşünürlər.

Onlar klub rəsmilərinin “darıxmayın, Hafiz Məmmədov gələn kimi məvaciblər veriləck” vədindən bezdiklərini bildirirlər.

Məsələ ilə bağlı Hafiz Məmmədovun da mövqeyini öyrənmək istədik. Ancaq onun koordinatlarını müəyyənləşdirə bilmədik. Məmmədovun qardaşı Zeynal Məmmədov isə zənglərimizə cavab vermədi. Bütün hallarda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR